Məhkəmə qərarları › İş №2(006)-334/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-334/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-334/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı «artıq pul tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə qarşı «artıq pul tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Məhkəməsinin 14.09.2015-ci il tarixli 2(049)-4963/2015 saylı məhkəmə əmri ilə kreditor "xxxx" KB ASC borclu İddiaçı Əkbər qızına qarşı İddiaçı 1837,22 ABŞ dolları əsas, 128,81 ABŞ faiz borcu və 45,07 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2011,1 ABŞ dolları məbləğində borc pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq kreditor "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi təmin edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə 28% ödəmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı 11.03.2015-ci il tarixinədək cədvəl üzrə ödənişlər həyata keçirmişdir. 2015-ci ildəki devalivasiyadan sonra, ödənişlərdə müəyyən çətinliklər yaranmış, "xxxx" KB ASC Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qətnaməsi əsasında kreditin ödənilməsi iddiaçının təqaüd puluna yönəlmiş, 2015-ci ilin noyabr ayından tutulmalar başlanmışdır. Belə ki, 04.08.2014-cü il tarixdən 11.03.2015-ci il tarixədək 8 ay müddətində tərəfindən 1081,86 manat ödənilmişdir. 2015-ci ilin noyabr-dekabr ayları 160 manat tərəfindən ödənilmişdir. 01.01.2016-cı il tarixdən 01.03.2019-cu ilədək, 39 ay ərzində 1170 manat tərəfindən ödənilmişdir. 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayına qədər, 12 ay müddətində, hər ay 100 manat olmaqla, 1200 manat ödənilmişdir. 2020-ci ilin dekabr ayından 2021-ci ilin may ayına qədər, 6 ay müddətində hər ay 118 manat olmaqla 798 manat ödənilmişdir. 2021-ci ilin iyun ayında 40 manat ödənilmişdir. Beləliklə, bank tərəfindən iddiaçıdan 4360 manat pul tutulmuşdur. Əgər 2500 ABŞ dolları, manat məzənnəsi ilə 1950 manat edirdisə, iddiaçıdan bu günə qədər 4360 manat pul tutulmuşdur. Hazırda borclu olduğu pullar tam ödənilməsinə, üstəlik ölkə rəhbərinin restrukturizasiya ilə bağlı imzaladığı 2019-cu il tarixli Fərmana baxmayaraq iddiaçıdan bu günə qədər pullar tutulmaqdadır. Hesab edir ki, bu bankın özbaşınalığıdır, məhkəməyə müraciət etməli, bu hərəkətlərin qanunsuz hesab edilməsi və bu hərəkətlərə son qoyulmasını xahiş etməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC-nin iddiaçıdan artıq pulların tutulması ilə bağlı hərəkətlərinin hesab edilməsinə, artıq tutulmuş pulların geri qaytarılmasına, bdənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının ixeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmənin elektron poçt ünvanına daxil olmuş iddiaçı tərəfindən elektron ərizədə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin ondan artıq tutulmuş 1569 manatın ödənilməsini xahiş etmişdir. Bu halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir.

7. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" KB ASC ilə borcalan İddiaçı Ələkbər qızı arasında bağlanmış 25.06.2014-cü il tarixli, 5254nkLKN/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank İddiaçı 24 ay müddətinə, illik 28 faiz olmaqla 2500 manat məbləğində kredit vermişdir.

9. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-4963/2015 saylı, 14.09.2015-ci il tarixli məhkəmə əmrin surətindən görünür ki, borclu İddiaçı kreditor "xxxx" KB ASC-nin xeyrinə 1837,22 ABŞ dolları məbləğində əsas, 128,81 ABŞ dolları məbləğində faiz, 45,07 ABŞ dolları cərimə, cəmi 2011,10 ABŞ dolları məbləğində kredit borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması, borclu İddiaçı tutulacaq 2011,10 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən iedilmiş manat məzənnəsi ilə hesablanması əmr edilmişdir.

10. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 17.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu İddiaçı Əkbər qızının banka 5254nkLKN/14 saylı müqavilə üzrə 17.09.2021-ci il tarixə olan 0 ABŞ dolları əsas borc, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu vardır.

11. İş materiallarında olan 17.09.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasının çıxarışından görünür ki, İddiaçı 2234,96 manat kompensasiya hesablanmış, "xxxx" KB ASC-yə 01.03.2019-cu il tarixə əsas kredit borcu 418,38 manat təşkil etmiş, borcun azaldılmasına yönəldilən məbləğ 377,09 manat, qalıq borcun məbləği 41,29 manat təşkil etmişdir. "xxxx" KB ASC-yə 01.03.2019-cu il tarixə əsas kredit borcu 747,55 manat təşkil etmiş, borcun azaldılmasına yönəldilən məbləğ 673,77 manat, qalıq borcun məbləği 73,78 manat təşkil etmişdir.

12. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-6447/2015 saylı, 16.11.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu İddiaçı əsas borcu 747,55 manat, faiz borcu üzrə 91,47 manat, cərimə borcu üzrə 28,48 manat, cəmi 867,49 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq kreditor "xxxx" KB ASC-yə ödənilməsi əmr edilmişdir.

13. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 17.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu İddiaçı Əkbər qızının banka 738sLKN/13 saylı müqavilə üzrə 17.09.2021-ci il tarixə olan 0 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu vardır.

14. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-6749/2015 saylı, 27.11.2019-cu il tarixli məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı kreditor "xxxx" KB ASC-nin xeyrinə 418,38 manat əsas kredit borcu, 47,69 manat faiz borcu, 10,50 manat cərimə, cəmi 476,57 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir.

15. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 17.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu İddiaçı Əkbər qızının banka 3570tkLKN/14 saylı müqavilə üzrə 17.09.2021-ci il tarixə olan 0 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu vardır.

16. İş materiallarında olan hesabdan çıxarışından görünür ki, iddiaçı "xxxx" KB ASC-yə cəmi 2030,15 ABŞ dolları məbləğində ödəniş aparılmış, həmin məbləğin 2011,10 ABŞ dolları əsas, faiz və cərimə borcuna silinmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8777 saylı, 03.02.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göndərilənlərə əsasən İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 25.06.2014-cü il tarixli 5254nkLKN/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı banka olan borcunun tam ödənildiyi və 19,05 ABŞ dolları (2030,15-2011,10=19,05) məbləğində artıq ödənişinin olması müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı Banka olan borcunu tam ödədiyini iddia edərək, bankın ondan artıq pulların tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə, artıq ödənilmiş pulun geri qaytarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

24. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

25. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Mülki Məcəllənin 1092.1-ci maddəsinə qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

28. Məhkəmə həmçinin iddianın artıq tutulmuş 1569 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan məbləği iddia etsədə bunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində bunun 1569 manat olmadığı, 19,05 ABŞ dolları olduğu müəyyən edilmişdir.

29. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini, iş materiallarını və ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi artıq tutulmuş pulların geri qaytarılması hissəsi qismən əsaslı hesab edilməli və cavabdeh bank iddiaçının hesabına əsassız varlandığı üçün yalnız 19,05 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir.

30. Məhkəmə iddia tələbinin artıq pulların tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.

31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

32. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

33. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

34. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

35. Belə ki, iddiaçı ondan pulların tutulmasını iddia etsədə, iş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, iddiaçının 738sLKN/13, 3570tkLKN/14, 5254nkLKN/14 saylı kredit müqavilələri üzrə hazırda banka heç bir mövcud borcu yoxdur.

36. İş materiallarına əlavə edilmiş maliyyə hesabları çıxarışlarından göründüyü kimi, cavabdeh bank tərəfindən iddiaçının hesabından 2021-ci ilin sentyabr ayından sonra hər hansı pul vəsaiti silinməmişdir. Bu hal isə onu göstərir ki, cavabdeh hazırda iddiaçının hesabından hər hansı bir tutulmanı həyata keçirmir.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" KB ASC-dən 19,05 (on doqquz ABŞ dolları, beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" KB ASC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

45. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-dən 19,05 (on doqquz ABŞ dolları, beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" KB ASC-dən tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar