Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-337/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə borclular siyahısından çıxarılması və hesablanmış borc məbləğinin kredit reyestrindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçıya əldə etdiyi borc alanların kredit reyestrindən çıxarışa əsasən məlum olmuşdur ki, guya onun xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-yə əsas borc üzrə 9940.33 AZN, faiz borcu üzrə 1 8413.91 AZN məbləğində kredit borcu qalmışdır. Həmin müqavilədən və borc məbləğindən iddiaçının xəbəri yoxdur. Həmin müqavilənin bağlanmasında saxtakarlıqlar olmuşdur. İddiaçının adında borcun qalması onun hüquqlarını pozur. Banklar, kredit təşkilatları iddiaçıya kredit verməkdən imtina edirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında xx xxxxxxx 2008-ci il tarixli, 06 №-li kredit müqaviləsi bağlanmış, iddiaçıya 12 ay müddətinə illik 27% dərəcəsi ilə 10000 manat məbləğində kredit vəsaiti ayrılmış, xx xxxxxxx 2010-cu il tarixində kredit müqaviləsinə olunan 1 nömrəli əlavə ilə kredit müqaviləsinin müddəti uzadılmışdır. Qeyd edilən xx xxxxxxx 2010-cu il tarixli müqavilə üzrə iddiaçının ümumilikdə 32819,92 manat ödənilməmiş borcu qalmaqdadır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı adına kreditin qalıq məbləği 9,940.33 manat, faiz məbləği 18,413.91 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsinə əsasən, Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Kredit Büroları haqqında" Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən, kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusudur. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit götürmədiyi halda “xxxx” ASC-də adında əsassız olaraq qalmış borcun silinməsini xahiş etmişdir. İddia tələbinin əsassız olduğunu bildirən cavabdehin nümayəndəsi isə iddiaçı ilə bank arasında kredit müqaviləsinin bağlanmasına və iddiaçının ödənilməmiş borcunun qaldığına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbinin rədd olunmasına əsas kimi tərəflər arasında bağlanmış olduğu qeyd olunan xx xxxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə istinad etsə də, həmin müqaviləni məhkəməyə təqdim etməmiş, müqavilənin bankın arxivində aşkar edilmədiyini bildirmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Bank qarşısında hər hansı öhdəliyi müəyyən edilmədiyindən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından sonuncunun pozulmuş hüquqları və qanunla qorunan mənafelərinin real bərpasının təmin olunması baxımından iddia tələbi təmin olunmalı, İddiaçı ləğv prosesində olan "Cavabdeh1" ASC-yə borcunun olmaması müəyyən edilməli və bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan "Cavabdeh1" ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan "Cavabdeh1" ASC-yə borcunun olmaması müəyyən edilsin və bu barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi ləğv prosesində olan "Cavabdeh1" ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-337/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-337/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver