Məhkəmə qərarları › İş №2(006)-3375/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3375/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3375/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün verilən aliment məbləğinin artırılaraq hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin nikahı pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh qətnamə ilə müəyyən edilmiş alimenti hər ay vaxtlı-vaxtında ödəyir və alimentin ödənilməsi ilə bağlı gecikmə yaranmamışdır. Cavabdehin gəliri çox yaxşı olmaqla bərabər tez-tez dəyişir. Lakin uşaqlar böyüdükcə onların xərcləri də artır. Belə ki, iddiaçı uşaqları təkbaşına böyütməkdə çətinlik çəkir. Cavabdeh tərəfindən verilən aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehdən hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbini tam şəkildə qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 3322 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş – xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək maddi ehtiyaclarının qarşılanması üçün 50 manat sabit pul məbləğində alimentin tularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı 3 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00381 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dərhal icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 386 manat sabit pul məbləğində alimentin (həmçinin, X5 3 yaşına çatanadək 50 manat) cavabdehdən tutulması qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşaqların tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini bildirərək və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına istinad edərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsini tələb edir. Cavabdeh öz növbəsində uşaqların saxlanılması üçün tələb edilən alimenti ödəməyə razı olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşaqlaın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda uşaqların böyüməsi ilə əlaqədar xərcləri artmış, həmçinin, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Uşaqların iddiaçının himayəsində qalmaları uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinə də uyğundur. Buna görə də cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Bu məsələ ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar