Məhkəmə qərarları › İş №2(006)-3377/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3377/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3377/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi, eyni zamanda digər İddiaçı2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən iddiaçıya vurulmuş 2010 (iki min on) manat məbləğində maddi ziyanın cavabdehdən alınıb ödənilməsini və Kürdəmir rayon Elektrik Şəbəkəsi rəhbərinin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır və xırda buynuzlu heyvan saxlamaqla məşğul olur. İddiaçı özünə məxsus 40 (qırx) baş qoyunu hər gün səhər saatlarından axşam saatlarına kimi örüş sahəsində otarmışdır. 08 aprel 2024-cü il tarixində yağış yağdığına görə o, qoyunları örüş sahəsinə otarmaq üçün saat 13:00 radələrində aparmışdır. Həmin gün axşam saat 18:00 radələrində Qarasaqqal kəndinin məktəb yolu adlanan yeri ilə heyvanları örüş sahəsindən qaytaran zaman elektrik naqilləri qırılıb yerə düşərkən 6 baş xırda buynuzlu heyvanı elektrik cərəyanı vurmuş, nəticədə həmin heyvanlar tələf olmuşdur. İddiaçının gəldiyi yol ümumi istifadədə olan yoldur. Belə ki, bu yolla əhali həm icra nümayəndəliyinə, həm bələdiyyə idarəsinə, həm mədəniyyət evi idarəsinə, həm də internet-poçt idarəsinə və mağazaya gedib-gəlir. Həmçinin, qeyd edilən yol kəndin mərkəzi sayılır, bu yolun yanından böyük su arxı keçməklə kəndi su ilə təmin edir. İddiaçı axşam saatlarında xırda buynuzlu heyvanlarını evə gətirən zaman hava olduqca sakit olmuş, yəni heç bir külək olmamışdır (lakin, hava olduqca çiskin və rütubətli olmuşdur). İddiaçı elektrik naqillərinin qırılıb yerə düşməsindən xəbərsiz olmuşdur. Belə ki, o, qoyunların arxasınca gələn zaman qoyunların elektrik naqillərinə dolaşıb yerə sərildiklərini görmüşdür. Qorxu və həyəcan keçirməsinə baxmayaraq, tez bir zamanda kəndin icra nümayəndəsi Cahid Abdullayevə zəng edərək, işıq idarəsinə işıqları söndürməsi barədə məlumat verməsini və ona məxsus xırda buynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olmasını bildirmişdir. Elektrik verilişi dayandırılsa da, artıq gec olmuş, belə ki, 6 baş xırda buynuzlu heyvan (3 baş ana qoyun və 3 baş 6 aylıq quzu) tələf olmuşdur. Beləliklə, işıq idarəsindən 1 (bir) nəfər montyor (elektrik ustası) gələrək elektrik xəttini bağlamışdır. Bundan sonra iddiaçı dərhal DİN-in “102” xidmətinə məlumat vermiş, tələf olmuş heyvanların fotosu çəkilmiş və sonra hadisə yerinə kəndin özəl baytar həkimi də gəlmiş, tələf olmuş heyvanların cəsədləri iddiaçının həyətinə gətirilmişdir. Cəsədlər baytar həkim tərəfindən müayinə edilmiş, 3 (üç) nəfərdən ibarət yarma protokolu tərtib edildikdən sonra dərin quyu qazılaraq tələf olmuş heyvanların cəsədləri orada basdırılmışdır. Hadisənin baş verdiyi ərazidə olan elektrik xətti və həmin xəttə qoşulan transformator 1960-cı ildə istifadəyə verilməklə çoxdan istismar müddətini başa çatdırmışdır. Kürdəmir rayonu Qarasaqqal kəndi sakini olaraq iddiaçı və digərləri Kürdəmir rayon İcra Hakimiyyəti Başçısına və rayonun Elektrik Şəbəkəsinə dəfərlərlə yaranmış vəziyyət barədə müraciət etsələr də, bu günə kimi heç bir nəticə olmamışdır. Qeyd edilən hadisə baş verdiyi günün səhəri iddiaçı Kürdəmir rayon Elektrik Şəbəkəsinə getmiş, lakin müdir yerində olmamış, bu günə qədər ona heç bir cavab verilməmişdir. İddiaçı Elektrik Şəbəkəsinin müdirinə zəng etdikdə sonuncu ona kobud cavab vermiş və bildirmişdir ki, “bu iş mənlik deyil, get, hara şikayət edirsən, et”. Əgər həmin gün iddiaçıya məxsus xırda buynuzlu heyvanlar örüş sahəsinə aparılmasaydı, həmin gecə kimsə elektrik xəttinə dolaşıb öləcəkdi, ya da səhəri gün məktəbli uşaqlar öləcəkdi. Kürdəmir rayon Elektrik Şəbəkəsinin rəhbərinin işinə səhlənkar yanaşması və öz vəzifə borcunu düzgün yerinə yetirə bilməməsi nəticəsində xırda buynuzlu heyvanlar elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. 3 baş ana qoyun və 3 baş 6 aylıq quzu olmaqla, 6 baş xırda buynuzlu heyvanı elektrik cərəyanı vurması nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Bunun səbəbkarı Kürdəmir rayon Elektrik Şəbəkəsinin müdiri X10r və buna görə də həmin şəxs cinayət məsuliyyətinə cəlb edilməli və ona lazımi qaydada cəza verilməlidir. Elektrik cərəyanı vurması nəticəsində tələf olmuş 6 baş xırda buynuzlu heyvanın dəyərinin müəyyən edilməsi barədə Kürdəmir rayon prokurorluğu tərəfindən "xxxx" Şirkətindən əldə edilmiş məktuba əsasən xx.xx.2024-cü il tarixinə təmiz çəkisi 30 kq olan 1 (bir) baş ana qoyunun bazar qiyməti ilə satışı 450 manat və təmiz ət çəkisi 13 kq olan 1 (bir) baş quzunun bazar qiyməti ilə satışı 220 manat olmaqla, cəmi məbləğ 2010 (iki min on) manat təşkil edir. Beləliklə, iddiaçıya dəymiş 2010 (iki min on) manat maddi ziyanın əvəzi cavabdeh "xxxx" ASC-dən alınıb ona ödənilməlidir. İddiaçı2 (eyni zamanda İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) dəqiqləşdirmə barədə ərizə təqdim edərək, özünün və atası – İddiaçı1 iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi, eyni zamanda digər İddiaçı2 iddianı müdafiə edib bildirdi ki, elektrik cərəyanı vurması nəticəsində tələf olmuş qoyun-quzu atası İddiaçı1 məxsusdur. Atası yaşlı olduğundan, o, bütün sənədləşmə işlərində nümayəndə kimi atasını təmsil etmiş, buna görə də bütün sənədlərdə onun adı olmuşdur. İddianın təmin edilməsini, dəymiş maddi ziyanın əvəzinin cavabdehdən alınaraq atasına ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyib bildirdi ki, təqdim olunmuş sübutlar cavabdehin təqsirini təsdiq etmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2024-cü il tarixli 1 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 2 yaşlı, yerli cinsli, dişi cinsiyyətli, sarı rəngli heyvan həmin tarixdə özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 2 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 1 yaşlı, yerli cinsli, dişi cinsiyyətli, ağ rəngli heyvan həmin tarixdə özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 3 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 2 yaşlı, yerli cinsli, sarı rəngli heyvan həmin tarixdə özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 4 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 6 aylıq olan yerli cinsli, qırmızı rəngli heyvan həmin tarixdə özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 5 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 5 aylıq olan yerli cinsli, sarı rəngli heyvan həmin tarixdə özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 6 nömrəli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 6 aylıq olan yerli cinsli, qırmızı rəngli heyvan özəl baytar həkimi X1 tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir. Kürdəmir Rayon İHB-nin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5, Qarasaqqal Bələdiyyə idarəsinin sədri X12, özəl baytar həkimi X1, heyvan sahibi İddiaçı2, kənd sakini X6 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə axşam saat 18:00 radələrində İddiaçı2 məxsus xırda buynuzlu heyvanlar məktəb yolu adlanan yerdə elektrik xətti qırılıb yerə düşdüyü üçün elektrik cərəyanı vurması nəticəsində tələf olmuş, 6 (altı) baş qoyunun cəsədi həkim tərəfindən müayinə edilib və yarma protokolu tərtib edildikdən sonra cəsədlər dərin quyu qazılaraq başdırılmışdır. Kürdəmir rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024cü il tarixdə Kürdəmir rayonu Qarasaqqal kənd sakini İddiaçı2 məxsus olan 3 baş qoyun və 3 baş quzu olmaqla, cəmi 6 baş xırda buynuzlu heyvanın kənd ərazisində qırılmış elektrik xəttindən yayılan elektrik cərəyanı vurması nəticəsində tələf olması və ona maddi ziyan dəyməsi ilə bağlı şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X4 baş mühəndisi X13 hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını təmin etməyərək, elektrik verilişi xətlərinin texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələbləri yerinə yetirmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.1-ci maddəsi ilə inzibati icraat başlanılması üçün rayon prokuroruna vəsatətlə müraciət edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 42 (qırx iki) manat rüsum ödənilmişdir. Kürdəmir rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.1-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qarasaqqal Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 120 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olan və yaşayan İddiaçı1 Qarasaqqal kənd iki saylı təsərrüfat kitabçasında, kitabın 88-ci səhifəsində 176 saylı təsərrüfatda özünə məxsus 30 (otuz) baş xırda buynuzlu heyvanı vardır. İddiaçı1 və oğlu İddiaçı2 eyni evdə yaşayırlar. "xxxx" Şirkətinin müdiri Elmar Ağayev tərəfindən Kürdəmir rayon prokurorluğuna ünvanlanmış arayışdan görünür ki, təmiz ət çəkisi 30 kq olan 01 ədəd qoyunun xx.xx.2024-cü il tarixə olan bazar qiyməti ilə satışı 450 manat və təmiz ət çəkisi 13 kq olan 01 ədəd quzunun xx.xx.2024-cü il tarixə olan bazar qiyməti ilə satışı 220 manat təşkil edir. Ümumilikdə 3 baş qoyunun və 3 baş quzunun xx.xx.2024-cü il tarixə olan bazar qiyməti ilə satışı 2010 (iki min on) manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəmir rayon Qarasaqqal kənd sakini İddiaçı2 məxsus təsərrüfatda həmin kənddə fərdi baytarlıq xidməti praktikasını həyata keçirən fərdi (özəl) baytar həkim X1 tərəfindən 2024-cü ilin epizootik tədbirlər planına uyğun olaraq aprel ayında 40 baş xırda buynuzlu heyvanda Qarayara, may ayında 39 baş xırda buynuzlu heyvanda Dabaq, iyun ayında 34 baş xırda buynuzlu heyvanda Çiçək xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılmışdır. Kürdəmir rayon prokurorluğunda izahatı alınmış X4 baş mühəndisi X13 qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində qırılan elektrik xətti 1960-cı ildə çəkilən 0,4 kV-luq elektrik xəttidir. Həmin xəttin istismar müddəti keçdiyindən bir neçə dəfə X9 tərəfindən təmir edilmişdir. Hadisə baş verən gün kənd ərazisində güclü külək olduğundan elektrik xətti qırılaraq yerə düşmüş və İddiaçı2 məxsus 6 baş xırda buynuzlu heyvanın elektrik cərəyanı vurması nəticəsində tələf olmasına səbəb olmuşdur. Hadisədən dərhal sonra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş məlumat əsasında dərhal qəza xidməti əraziyə gedərək xətti bağlamışlar. O, X4 baş mühəndisi olaraq Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində elektrik xətlərinin texniki istismarına və lazımi səviyyədə saxlanılmasına məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" ASC-yə məxsus olan elektrik xəttinin qırılaraq İddiaçı1 ümumilikdə 2.010 manat dəyərində olan 6 baş qoyun-quzusunun üzərinə düşməsi nəticəsində həmin heyvanlar tələf olmuşlar. Hadisə barədə kənd nümayəndəliyi tərəfindən akt tərtib edilmiş, heyvanları yaran baytar tərəfindən onların elektrik cərəyanı vurması səbəbindən ölməsi faktı müəyyən edilmiş və bundan sonra aktlaşdırılaraq heyvanlar dərin quyuda basdırılmışdır. İddiaçı tərəfin müraciəti əsasında rayon prokurorluğunda cinayət işinin başlanması rədd edilmiş, lakin cavabdehin vəzifəli şəxsinin əməlində inzibati xətanın əlamətləri aşkar edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.1-ci maddəsi ilə inzibati icraat başlanmışdır. Həmin şəxs izahatında qırılmış xəttin istismar müddəti keçdiyini, xəttin texniki istismarına və lazımi səviyyədə saxlanılmasına özünün məsuliyyət daşıdığını bildirmişdir. Hazırda iddiaçılar heyvanlarının ölməsi səbəbindən onlara dəymiş maddi ziyanla cavabdehin təqsiri arasında səbəbli əlaqə olmasına istinad edərək, heyvanların dəyərini təşkil edən 2.010 manat məbləğində pulun cavabdehdən tutulmasını; cavabdeh isə yarma protokollarının düzgün tərtib edilməməsini, heyvanların utilizasiya edilməsi barədə aktın olmamasını, baytar həkimin ixtisasını təsdiq edən sənədin olmamasını və s. mübahisələndirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb əsaslıdır və iddiaçıların dəlilləri mötəbər sübutlarla (aktlar, yarma protokolları, rayon prokurorluğu tərəfindən təqdim edilmiş araşdırma materialı və s.) öz təsdiqini tapır. Cavabdeh isə iddianı qəbul etməsə də, iddia tələbinə etirazının əsaslarını təsdiq edən və iddiaçıların dəlillərini təkzib edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçılar cavabdehin etirazının əsasını təşkil edən dəlillər barədə mötəbər sübutları təqdim edərək, onun etirazının formal mülahizələrdən ibarət olmasını sübuta yetirmiş, bir sözlə, cavabdehin etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. İddiaçılarla bağlı isə qeyd edilməlidir ki, tələf olmuş heyvanların İddiaçı1 məxsus olması kənd nümayəndəliyi tərəfindən verilmiş arayış və digər İddiaçı2 izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı2 heyvanların atası İddiaçı1 məxsus olduğunu, lakin atası yaşlı olduğundan, bütün işlərlə özünün məşğul olduğunu və buna görə də hadisə ilə bağlı bütün sənədlərdə atasının nümayəndəsi kimi özünün adı olduğunu bildirmiş, iddianın atasına münasibətdə təmin edilməsini xahiş etmişdir. İddiaçı2 izahatında göstərdikləri arayış və digər sənədlərlə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, iddia qismən – məhz İddiaçı1 münasibətdə təmin edilməli, İddiaçı2 isə heyvanların sahibi olmadığından, yəni onun dəymiş maddi ziyanla bağlı cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüququnun olmaması müəyyən edildiyindən iddia ona münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 10.1-ci bəndinə əsasən, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 dəymiş zərərin əvəzi olaraq 2.010 manat (heyvanların dəyəri) məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsində qoyulmuş digər tələblə (Kürdəmir rayon Elektrik Şəbəkəsi əməkdaşının cəzalandırılması) bağlı isə qeyd edilməlidir ki, bu tələb məhkəmə tərəfindən vəsatət kimi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə müvafiq olaraq, iş üzrə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmayaraq, məhkəmə cinayətin əlamətlərini aşkara çıxardığı zaman bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Lakin hazırkı iş üzrə belə bir hal müəyyən edilmədiyindən, məhkəmə bu vəsatətin təmin edilməməsini məqsədə müvafiq hesab edir və iddiaçıların diqqətinə çatdırır ki, məsələ ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi və inzibati icraatın başlanması haqqında rayon prokurorluğunun qərarları da vardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.010 (iki min on) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə (İddiaçı2 münasibətdə) təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmənin xərclər məsələsinə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı1 verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.010 (iki min on) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İş üzrə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə (İddiaçı2 münasibətdə) təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar