Məhkəmə qərarları › İş №2(006)-338/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-338/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-338/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Yusibova Leylaxanım Seymur qızının katibliyi ilə, İlk iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment və uşağın atanın icazəsi olmadan ölkə xaricinə çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə Bakı şəhəri, “2 saylı Bakı Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə xx.xx.2021-ci il tarixində rəsmi nikaha girərək ailə qurmuşlar. Bu barədə AZ-İİ № 467693 saylı nikah haqqında şəhadətnaməsi ilə 2720 nömrəli aktla qeydiyyata alınmışdır. Birgə nikahımızdan xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. İlk vaxtlarda ailə münasibətləri normal olsa da, bir müddət sonra cavabdehlə mübasibətlərimiz kəskin pisləşdi. Ailələrinin dağılmaması üçün əlindən gələni etdi, lakin bunun müsbət nəticəsi olmadı. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar və uşaq onun himayəsindədir. ticəsi olmadı. Qeyd etmək istəyir ki, uşağın geyim əşyalarının təmin edilməsi, eləcə də normal qidalanması və sağlamlığının qoruması kifayət qədər vəsait tələb edir. Bu xərclərin tək onun tərəfindən qarşılanması mümkünsüzdür. Övladı günü gündən böyüdüyü üçün onların xərclərini tək qarşılamaq ona çox çətindir. Eləcə də, yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün tərəfindən aidiyyəti qaydada Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdehin əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mübahisənin həlli mümkün olmamışdır. Daha sonra Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, onunla ilkin iddia üzrə idddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN Xidmət” kəzinin Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN Xidmət” kəzinin Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Jasmin adlı qızları anadan olub. İlk iddia üzrə cavabdehin xasiyyəti İddiaçı ilə uyğun gəlmir, birgə yaşamaqları mümkün deyil, nikahları formal xarakter daşıyır, hazırda ayrı yaşayırlar. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3656/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ilk iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı "aliment və uşağın atanın icazəsi olmadan ölkə xaricinə çıxarılması" tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-3656/2024 saylı mülki işdən İddiaçı Cavabdeh qarşı "uşağın atanın icazəsi olmadan ölkə xaricinə çıxarılması” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 doğulduğu gündən 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 235 manat sabit pul məbləğində alimentin ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatana qədər saxlanılması üçün 250 manat məbləğində alimentin ödənilməsi, iddianın verilməsi ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN Xidmət” kəzinin Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Jasmin adlı qızları anadan olub. İlk iddia üzrə cavabdehin xasiyyəti İddiaçı ilə uyğun gəlmir, birgə yaşamaqları mümkün deyil, nikahları formal xarakter daşıyır, hazırda ayrı yaşayırlar. Uşağın anada qalmasına və 235 AZN məbləğində alimentə razıyıq. Lakin ilk iddia üzrə Cavabdeh hal-hazırda heç yerdə işləmir. Bu səbəbdən ilk iddia üzrə cavabdehin maddi vəziyyətinin nəzərə alınması ilə ilk iddianın xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatana qədər saxlanılması üçün 250 manat məbləğində alimentin ödənilməsi hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək tərəflər arasında xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - 02 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 467693 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2720 nömrə ilə qeyd edilmişdir. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin xx.xx.2022-ci il tarixdə X3 adlı uşağı doğulmuşdur. - Bakı 02 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/2- 0442/2024 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. - ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına Whatsapp social şəbəkəsində tərəflər arasında olan yazışmalar əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar arasında ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir. Hazırda ilk iddia üzrə iddiaçı aliment tələb edir. Qaşılıqlı iddia üzrə iddiaçı isə nikahın pozulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikaha daxil olarkən, nikah müddətində və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə, ərarvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə, işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 02 saylı Bakı Asan xidmət qeydiyyat şöbəsində 2720 saylı akt qeydi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli rəsmiləşdirilmiş nikah pozulmalıdır. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İlk iddia üzrə cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları da nəzərə almaqla məhkəmə hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla təmin edilməli və cavabdehdən hər ay uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu məbləğində aliment tutulmalıdır. Məhkəmə ilk iddia üzrə iddiaçının xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək özü üçün cavabdehdən 250 manat aliment tələb etməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İlk iddia üzrə iddiaçı cavabdehin həqiqətən üç yaşına çatanadək tələb edilən (250 manat) məbləğdə aliment ödəyə bilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da o, fərdi əməklə məşğul olur və hər ay müəyyən məbləğlərdə qazanc əldə edir. Odur ki, məhkəmə, iddiaçının uşağın azyaşlı olması səbəbindən işləyə bilməməsini, həmçinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulmalı olan alimenti də nəzərə almaqla hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla ilk iddia ərizəsi üzrə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində, xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək ilk iddia üzrə İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 02 saylı Bakı Asan xidmət qeydiyyat şöbəsində 2720 saylı akt qeydi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli nikah pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu üzrə 100 (yüz) manat pul ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla ilk iddia ərizəsi üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində və xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş dövlət rüsumu üzrə 100 (yüz) manat pul ilk iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 02 saylı Bakı Asan xidmət qeydiyyat şöbəsində 2720 saylı akt qeydi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli nikah pozulsun. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar