Məhkəmə qərarları › İş №e-2(006)-5040/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5040/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5040/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı “aliment tələbi və uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi və uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı öz iddia tələbində bir-biri ilə əlaqədar olmayan - alimentin artırılması və uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi- tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Qeyd olunmalıdır ki, istər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsində nəzərdə tutulmuş mülki işlərə baxılması müddətləri, habelə Məcəllənin 35 və 36-cı maddələri ilə tənzimlənən aidiyyət qaydaları baxımından qeyd edilən tələblərin bir icraatda baxılması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 36.5-ci maddəsinə, habelə 36.3-cü maddəsinə əsasən qanunverici iddiaçıya məhz həmin maddələrdə nəzərdə tutulmuş alimentin alınması, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında iddiaların iddiaçının olduğu yerin məhkəməsində baxılmasını mümkün hesab etmişdir. Hazırda isə iddia tələbinin “uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılması” hissəsi isə ərazi aidiyyəti iddiaçının seçməsinə görə müəyyən edilən iddia tələblərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Yuxarıda sadalanan maddələrin məzmunundan görünür ki, mülki işə “aliment” tələbi üzrə Nəsimi Rayon Məhkəməsində baxılması, qeyd olunan Məcəllənin 36.3-cü maddəsinə əsasən mümkün olsa da (məhkəmə həmçinin tərəflər arasında nikahın pozulması və s. tələblərə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin mövcudluğunu nəzərə alır), lakin hazırda bir-birilə ilə əlaqədar olmayan tələblərin bir iddia ərizəsində icraata qəbul edilməsi mümkün deyildir. Bu səbəbdən, iddiaçının məhkəməyə bu iki tələblə bağlı ayrı-ayrılıqda müraciət etməsi daha düzgün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7,152.2,152.4, və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi və uşağın digər valideynin razılığı olmadan ölkənin hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu "xxxx" KB ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, xəzinə hesabı: AZ17CTRE********************, xidmət kodu: 14221301, transaksiya nömrəsi: **********31, tarix: xx.xx.2023, saat: 13:47:01) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar