Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3401/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2024/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər uşaq üçün hər ay 154 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 250 manat, toplam 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 may 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 05 fevral 2010-cu il təvəllüdlü X4 və 11 aprel 2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2024/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması və 05 fevral 2010-cu il təvəllüdlü X3 və 11 aprel 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər uşaq üçün hər ay 154 manat, toplam 308 manat sabit pul məbləği şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə aralarında olan birgə nikahdan dünyaya gəlmiş 05 fevral 2010-cu il təvəllüdlü X4 və 11 aprel 2013-cü il təvəllüdlü X8 onun yanında qalır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 154 manat aliment övladlarının tələbatını ödəmir. Uşaqları böyüdükcə onların tələbatları artır və onların maddi tələbatlarını təkbaşına ödəmək iqtidarında deyildir. Digər tərəfdən X4 anemiya xəstəliyi ilə bağlı daimi müalicə alır. Bundan başqa uşaqların sağlam yetişməsi üçün onları idmanla məşğul olmaları məqsədilə idman kurslarına göndərir. Bütün bunlar uşaqların xərclərini artırır və bunun üçün ona maddi dəstək lazımdır. Bu səbəbdən də, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2024/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 may 2008-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 293 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olan 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 02.02.2018-ci il tarixdən başlayaraq, 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin öncələr nikahda olmaları, onların 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılmaları üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2024/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin bundan daha artıq aliment ödəmək imkanına malik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.02.2010-cu il təvəllüdlü X3 və 11.04.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2024/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3401/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3401/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver