Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3416/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən onun üçün müəyyən edilmiş 1362.83 + 104.61 manat restrukturizasiya məbləğinin bir il müddətinə restrukturizasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbçi olmaqla 25 il 8 ay Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında xidmət etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır. İddiaçı xidmət dövrü ərzində dəfələrlə təltif olunmuş, eləcə də Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirliyinin 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İddiaçı 01 aprel 2014-cü ildə Cavabdeh1 ASC-nin Bərdə filialından 7000 manat məbləğində kredit götürmüş, lakin sənədləşmə bank tərəfindən xarici valyutada dollarla aparılmışdır. Həmin vaxt 1 ABŞ dolları 0.78 manat məzənnəsində olmuşdur. İlk əvvəl İddiaçı üçün təyin olunmuş aylıq məbləğ onun tərəfindən milli valyuta ilə vaxtlı-vaxtında ödənilsə də, sonradan dolların qiymətinin kəskin artması bazarlarda da kəskin qiymət artımına səbəb olmuşdur. Bu da bir çox insanlar kimi iddiaçının da ödənişlərinə ciddi təsir etmişdir. Bundan sonra bank tərəfindən təyin olunmuş aylıq məbləği İddiaçı vaxtlı-vaxtında və tam ödəyə bilməmişdir. Sonralar iddiaçı gecikmələrlə və az məbləğdə ödənişlər etmişdir. Nəyahət, ölkə başçısının əhalinin kreditlə bağlı problemlərinin yüngülləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən vaxtı keçmiş kreditlərin siyahılarını dəqiqləşdirib yeni güzəştli kredit müqavilələri bağlasalar da, iddiaçının adı ləğvetmə prosesində olan (LPO) Cavabdeh1 ASC tərəfindən bu siyahılara salınmamışdır. Halbuki, prezident tərəfindən bu siyahının tam dəqiqləşdirilməsi üçün banklara bir ay vaxt verilmişdi. İddiaçı dəfələrlə LPO Cavabdeh1 ASC-nin Bərdə və Lənkəran filiallarına müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş, nəyahət, əhaliyə kömək məqsədilə yaradılmış xüsusi bir heyət tərəfindən 20 sentyabr 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasına elektron qaydada müraciət etmişdir. Həmin qurumdan verilən cavabda İddiaçı adına olan kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının tələblərinə uyğun olduğu aydınlaşdırılmış və həmin kredit üçün 1362.83 manat və əlavə olaraq Cavabdeh1 kartı üzrə isə 104.61 manat olmaqla, cəmi 1467.44 manat restrukturizasiya məbləği təyin edilmişdir. Bu restrukturizasiya məbləği 2019-cu ildə təyin edilmişdir. Bu zaman yeni güzəştli kredit müqaviləsi bağlanması üçün iddiaçıya məlumat verilməklə təklif edilməli idi. Lakin iddiaçı yeni güzəştli kredit müqaviləsinin bağlanması məqsədilə nə LPO Cavabdeh1 ASC, nə də Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2019-cu ilin sonunadək heç bir təklif və məlumat almamışdır. Nəyahət, iddiaçı xx.xx.2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun LPO Cavabdeh1 ASC-də olan nümayəndəsinə müraciət etdikdə, elə orada Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019cu ildə təyin olunmuş məbləğin restrukturizasiya olunması üçün Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinin adına ərizə yazdırıb çağırılanadək gözləmək İddiaçı təklif edilmişdir. İddiaçı dəfələrlə Əmanətlərin Sığortalanması Fondunun LPO Cavabdeh1 ASC-də olan nümayəndəsi ilə görüşsə də və telefon əlaqəsi saxlasa da, hər dəfə ona gözləməsi bildirilmişdir. Sonradan isə iddiaçıya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu ildə təyin olunmuş 1467.44 manat məbləğin restrukturizasiya edilməsi üçün müraciətin qəbulu müddətinin 2019-cu ildə bitməsi barədə xx.xx.2022-ci il tarixində imtina məktubu yazılmışdır. 2019-cu ildə İddiaçı kreditinin güzəştli kreditlər siyahısına salınmaması, daha sonra isə onun yeni güzəştli kredit müqaviləsinin bağlanması təklifinin gecikdirilməsi bilərəkdən, yaxud da Respublika Prezidentinin tövsiyyə və tapşırıqlarına laqeyd münasibətin nəticəsidir. Daimi qeydiyyat ünvanı və telefon nömrələri dəqiq məlum olsa da, ona heç bir məlumat verilməmişdir. Bank tərəfindən ölkə başçısının Fərmanında göstərilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılmadan laqeyd münasibət bəslənilməklə yerinə yetirilməmişdir. İddiaçının götürdüyü kredit ölkə başçısının Fərmanında göstərilmiş bütün şərtlərə uyğundur. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu ildə İddiaçı güzəştli kredit müqaviləsinin bağlanması üçün 1467.44 manat restrukturizasiya məbləğinin təyin olunmasına baxmayaraq, 2019-cu ilin sonunadək nə LPO Cavabdeh1 ASC, nə də Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı bildiriş və təklif olunmamışdır. LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının tələblərinə və tövsiyələrinə səhlənkar yanaşılaraq laqeyd münasibət bəsləməsi nəticəsində bu gün iddiaçının probleminin həll olunmamış qalır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, onun götürdüyü kredit əvvəllər Fərmana görə müəyyən olunmuş siyahıya düşməsə də, 2019-cu ilin sentyabr ayında etdiyi müraciətdən təxminən 1 ay sonra, yəni həmin ilin oktyabr ayında onunla bağlanmış kredit müqaviləsi üzrə kompensasiya təyin olunması ilə bağlı məlumat portala daxil edilmişdir. Restrukturizasiya üçün rəsmi olaraq 2020-ci ilin fevral ayında müraciət etdiyini, lakin ona müraciət üçün müddətin ötürülməsinin bildirildiyini əlavə edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər LPO Cavabdeh1 ASC-nin və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmiş, cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 ərizə göndərərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmiş, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini iş materialları ilə yanaşı yoxlayıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi Bankına xx.xx.2019-cu il tarixdə ünvanlandığı elektron müraciətindən görünür ki, İddiaçı Cavabdeh1 ASC-də USD valyutasında olan kredit müqaviləsi üzrə məbləğlərin devalvasiyaya düşdüyünü, amma bu kreditlərə görə kompensasiya hesablanmadığını və adının MBNP-da çıxmadığını, bu məsələ ilə bağlı ona kömək edilməsini xahiş etmişdir. Problemli kreditlərin kompensasiyası adlı sənəddən görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-yə olan 1362.83 manat və 104.61 manat əsas borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli müraciətinə verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarina nəzarət orqanının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərinin qəbulu 2019cu ilin dekabrın 31-də başa çatır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixində Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilmişdir. İddiaçı kredit tarixçəsi ilə MKR məlumat bazasına qeyri-dəqiq məlumatlar ötürüldüyündən ilkin hesablama zamanı ona kompensasiya məbləği hesablanmamış, habelə vaxtı ötürülmüş kredit borcları restrukturizasiya ediləcək borclar siyahısına daxil edilməmişdir. Bununla bağlı İddiaçı xx.xx.2019-cu il tarixində elektron qaydada ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına (xx.xx.2019-cu il tarixində Palata ləğv edilmiş və səlahiyyətləri Mərkəzi Banka ötürülmüşdür) müraciət edərək ona ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə kompensasiyanın hesablanmasını xahiş etmişdir. Aparılmış araşdırmadan və elektron məlumat bazasına edilmiş dəyişikliklərdən ləğv prosesində olan Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı 5754,86 manat kompensasiya hesablanmış və bu məbləğdən Fərmanın 2-ci hissəsinə əsasən 5.042,61 manat həmin müqavilə üzrə ödəniş müddəti keçmiş borcun azaldılmasına, 387,07 manat ləğv prosesində olan Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun azaldılmasına, 325,17 manat isə "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun azaldılmasına yönəldilmişdir. Habelə, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə sözügedən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı kredit borcu 360 gündən çox gecikdirildiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydaların tələblərinə əsasən restrukturizasiya ilə bağlı növbəti prosessual tədbirlər hər bir müştəriyə münasibətdə müvafiq kommersiya bankları tərəfindən icra edilməli idi. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 ərizəsindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələri üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqavilələri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş, lakin İddiaçı kredit borclarının restrukturizasiya olunması ilə bağlı 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Cavabdeh1 ASC-yə müraciət etməmiş və bu səbəbdən onunla yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə, mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli kredit müqavilələri imzalanmış, həmin kredit müqavilələri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş, həmin müqavilələr üzrə 1.362,83 manat və 104,61 manat məbləğində əsas borc restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmişdir. Hazırda iddiaçı Cavabdeh1 ASC ilə aralarında bağlanmış həmin müqavilələr üzrə müvafiq olaraq 1362.83 manat və 104.61 manat məbləğində borcun Fərmana uyğun restrukturizasiya edilməsini; cavabdeh LPO Cavabdeh1 ASC isə kreditin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına aid edilməsinə baxmayaraq, iddiaçının kreditin restrukturizasiya olunması üçün müəyyən edilmiş vaxtda banka müraciət etməməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış kredit müqavilələri üzrə qalıq qalan 1.362,83 manat və 104,61 manat məbləğində əsas kredit borclarının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi və restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilməsi, lakin iddiaçının həmin müqavilə üzrə qalıq borcun restrukturizasiya olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nda müəyyənləşdirilmiş müddətdə, yəni xx.xx.2019-cu il tarixədək LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ya bankın özünə rəsmi qaydada müraciət etməməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək, ona kompensasiya hesablanması üçün kömək edilməsini xahiş etmiş, özünün izahatına əsasən, müraciəti oktyabr ayında müsbət nəticə ilə yekunlaşmış və adı portala daxil edilmişdir. İddiaçı Fərmanda nəzərdə tutulan müddət ərzində məhz restrukturizasiya barədə tələblə cavabdehlərə müraciət etmədiyini, bu barədə müraciətlə yalnız 2020-ci ilin fevral ayında Fonda müraciət etdiyini, çünki 2019-cu ilin dekabr ayının 31-dək bank və Fond tərəfindən ona heç bir bildiriş və təklif gəlmədiyini bildirmişdir. Halbuki, iddiaçının özünün təqdim etdiyi problemli kreditlərin kompensasiyası adlı sənədin özündə “restrukturizasiya olunması təklif olunan kreditlər siyahısı” adlı başlıqda “X1 LPO Cavabdeh1 ASC-yə olan 1362.83 manat və 104.61 manat məbləğində əsas borclarının” göstərilməsi elə iddiaçıya həmin məbləğ barəsində güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlamaq üçün edilmiş təklif – oferta olmuşdur. İddiaçı Fərmana müvafiq olaraq restrukturizasiya barədə tələblə müəyyən edilmiş zaman kəsiyində banka və ya Fonda müraciət edərək, ofertanı aksept etmədiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası iddiaçıya münasibətdə həmin Bank üçün məcburi olmamışdır. İddiaçının Qaydanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilədək həmin məlumatları əldə etməyə və restrukturizasiya ilə əlaqədar banka müraciət etməyə kifayət qədər vaxtının olması, sentyabrda kompensasiya hesablanması ilə bağlı etdiyi müraciətin 1 ay sonra müsbət nəticə ilə yekunlaşaraq iddiaçının adının və “restrukturizasiya olunması təklif olunan kreditlər siyahısı”nın portalda əks olunması, lakin dekabr ayının sonunadək onun hərəkətsizliyi nəticəsində kreditin qalıq məbləğinin restrukturizasiya edilməməsi hazırki iddianı qaldırmaq üçün iddiaçıya haqq vermir. Belə ki, iddiaçının 5 ilə yaxın vaxt keçdikdən sonra müvafiq tələblə məhkəməyə müraciət etməsi hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığından, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh deyildir. Yuxarıda göstərilən bütün əsasları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-407.2-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2-ci maddəsinə müvafiq olaraq, əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. 409.3-cü maddəsinə görə, əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanında: Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmış, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini təmin edən tədbirlərin görülməsi banklara tövsiyə edilmişdir.
1. Devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Azərbaycan Respublikası Mərkəzi Bankının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır; 7.1-7.3-cü bəndlərinə müvafiq olaraq, Palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar. Portalda bu Qaydanın 7.2ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır. 2.1.12-ci bəndində qeyd edilmişdir ki, elektron portal – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadənin xüsusi növüdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin restrukturizasiya edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova