Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3418/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «artıq ödənilmiş pul vəsaitinin cavabdehdən alınması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «artıq ödənilmiş pul vəsaitinin cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 01 sentyabr 2014-cü il tarixində LOKB1-3167-10103 saylı kredit müqaviləsinə əsasən alınmış kreditlə bağlı artıq ödənilmiş 40 000 (qırx min) manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən qanunvericiliklə müəyyənləşdirilmiş aidiyyət qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İş materiallarında olan xx.xx.2014-cü il tarixli LOKB1-3167-10103 saylı kredit müqaviləsindən görünür ki, kredit verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kredit alan X1 və orta sahibkarlıq fəaliyyəti üzrə təqdim edilmiş layihənin maliyyələşdirilməsi məqsədi ilə kredit vermişdir. Beləliklə, sənədlərin ilkin araşdırması zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, hazırki iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilən kredit müqaviləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanılmışdır. Kredit müqaviləsinin tərəfləri isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fiziki şəxs olmuşdur. Belə ki, "xxxx" MMC-nin (VÖEN: **********) müqavilə bağlayarkən məqsədi verilən kreditdən gəlir əldə etmək, X2 məqsədi isə əldə etdiyi kreditdən kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə təqdim etmiş olduğu layihənin maliyyələşdirilməsindən (iddia ərizəsində qeyd edilmişdir ki, Sədərək ticarət mərkəzində mağaza icarəyə götürülmüş və tül və pərdələrin satışını həyata keçirmək üçün mal alınması məqsədilə biznes krediti götürülmüşdür) və beləliklə, gəlir əldə etməkdən ibarət olmuşdur. Tərəflər arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli bağlanmış kredit müqaviləsindən irəli gələrək yaranmışdır. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçılar İddiaçı1 (VÖEN: **********), İddiaçı2 (VÖEN: **********), İddiaçı3 (VÖEN: **********) fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlardır. Beləliklə, məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıların da kommersiya fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyatına alınmış vergi ödəyiciləri olduğu müəyyən edildi. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxs, mübahisənin predmetinin biznes krediti müqaviləsi və hüquq münasibətlərinin həmin müqavilədən yaranan kommersiya xarakterli münasibətlər olduğunu nəzərə alaraq, işə aidiyyəti kommersiya məhkəməsində baxılmalı olduğu qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümümi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə tələbə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 24.3-cü maddəsinə görə, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sözügedən Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «artıq ödənilmiş pul vəsaitinin cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «artıq ödənilmiş pul vəsaitinin cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iş üzrə aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3418/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3418/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver