Məhkəmə qərarları › İş №2(006)-3421/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3421/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3421/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı «cavabdehin üzərinə müəyyən öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı «cavabdehin üzərinə müəyyən öhdəlik qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11.06.2014-cü il tarixdə BAKU2- 20971-10406 saylı Kredit müqaviləsinə əsasən “xxxx BOKT” MMC-dən illik 15 faizlə, 84 ay müddətinə 38500 (otuz səkkiz min beş yüz) ABŞ dolları kredit götürmüşdür. Götürdüyü kreditin təminatı olaraq iddiaçı özünə məxsus olan Baki şəhəri, Nizami rayonu, C. ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. 2015-ci ildə manatın məzənnəsinin kəskin surətdə ucuzlaşması nəticəsində, iddiaçı kreditin ödənilməsində çətinlik çəkmiş və buna görə də ödənişlərində gecikmələr başlamışdır. 28 aprel 2017-ci il tarixində təşkilatla iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçının 01 may 2017ci il tarixinədək 26000 (iyirmi altı min) ABŞ dolları ödəyəcəyi halda qalıq borcun iddiaçıdan tələb olunmayacağı, heç bir iddia və tələb irəli sürülməyəcəyi razılaşdırılmış və bununla bağlı iddiaçıya 28 aprel 2017-ci il tarixli 1818 nömrəli rəsmi məktub da təqdim olunmuşdur. Məktubu aldıqdan dərhal sonra həmin gün ərzində iddiaçı razılaşdırılmış məbləği “xxxx BOKT” MMC-nin “xxxx” ASC-də olan hesabına ödəmişdir. Lakin 04 mart 2021-ci il tarixində iddiaçının xxxx MMC-dən aldığı SF-3179 saylı çıxarışdan göründüyü kimi təşkilat bu günə kimi 7544,34 ABŞ dolları borc iddiaçının adından silməmiş və AKB-yə bu barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh “xxxx BOKT” MMC arasında əldə olunmuş yazılı razılaşmaya uyğun olaraq tələb edilməli olmayan ancaq hələ də iddiaçının adından silinməyən 7544,34 ABŞ dollarının silinməsi vəzifəsinin və xxxxna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun bank qarşısında heç bir mövcud öhdəliyi yoxdur və bununla bağlı bankdan borcun olmaması barədə arayış belə almışdır. Odur ki, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh «xxxx» BOKT MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» BOKT MMC tərəfindən İddiaçı ünvanlanmış 28.04.2017-ci il tarixli məktuba əsasən «xxxx» BOKT MMC ilə İddiaçı arasında imzalanmış 11 iyun 2014-cü il tarixli, BAKU2-20971-10406 saylı Kredit müqaviləsinə əsasən İddiaçı illik 15 faizlə, 84 ay müddətinə 38.500 ABŞ dollar məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onun «xxxx» BOKT MMC qarşısında borcu yaranmışdır. «xxxx» BOKT MMC bildirir ki, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində aparılan danışıqlar nəticəsində razılıq əldə olunmuşdur. Razılığın şərtlərinə görə İddiaçı 01 may 2017-ci tarixədək 26000 ABŞ dolları məbləğində ödəniş etdiyi halda, «xxxx» Bank Olmayan Kredit X1 Cəmiyyəti yerdə qalan məbləğlə bağlı heç bir iddia tələbi irəli sürməyəcəkdir. Lakin yuxarıda müəyyən edilmiş şərt yerinə yetirilmədiyi halda qeyd olunan razılaşma qüvvədən düşmüş hesab olunacaq. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş kredit reyestrindən çıxarışla müəyyən olunmuşdur ki, İddiaçı 11.06.2014-cü il tarixli «xxxx» BOKT MMC ilə bağlanmış kredit müqaviləsi üzrə cəmi 7,544.34 ABŞ dolları ödənilməmiş qalmış borc öhdəliyi var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətləri mövcud olmuş və əldə edilmiş razılaşma əsasında iddiaçı tərəfindən kredit məbləğləri BOKT-a ödənilmiş, lakin bunun müqabilində BOKT kredit reyestr məlumatlarına dəyişiklik edilməsi barədə xxxxna müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məlumat təchizatçısı olan «xxxx» BOKT MMC tərəfindən tərəflər arasında əldə olunmuş yazılı razılaşmaya əsasən İddiaçı adından silinməyən 7544,34 ABŞ dollarının silinməsi və İddiaçı aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların «xxxx» MMC-yə verilməsi vəzifəsi «xxxx» BOKT MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» BOKT MMC tərəfindən İddiaçı adından silinməyən 7544,34 ABŞ dollarının silinməsi və İddiaçı 11 iyun 2014-cü il tarixli BAKU2-20971-10406 saylı kredit müqaviləsi üzrə aktiv kredit öhdəliyinin olmaması barədə məlumatların «xxxx» MMC-yə göndərilməsi vəzifəsi «xxxx» BOKT MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar