Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3445/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Əliyeva Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlibaba oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(006)-4438/2011 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 10 sentyabr 2007-ci il tarixli nikah pozulmuşdur. 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlara çatanadək saxlanılmaları üçün 2011-ci ilin sentyabr ayından başlayaraq hər ay hər bir uşaq üçün Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən sonra cavabdeh işdən çıxdığından alimentin ödənilməsində problemlər yaranmışdır. Göstərilənlərə əsasən, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(006)-4438/2011 saylı qətnamə əsasında Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulması dəyişdirilərək Cavabdeh hər uşağa görə sabit pul məbləğində 200 manat, cəmi 400 manat alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Əlibaba oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, təqaüdə çıxıb, 410 manat təqaüd alır. Bu səbəbdən 400 manat aliment məbləğini ödəməyə maddi imkanının yetmədiyini əsas gətirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli, 2(006)-4438/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında 10 sentyabr 200-ci il tarixdə bağlanmış və həmin tarixdə Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 2879 № ilə qeydə alınmış nikahın pozulması, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X8 anası X1 yanında qalması, 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 2011-ci ilin sentyabr ayından başlayaraq hər hər hər bir uşaq üçün Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq X2 verilməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tututlaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 09 aprel 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh oğlu, anası X3r. İşin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11660505 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 18 may 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh oğlu, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Eyni zamanda, diqqətə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Məhkəmə hazırkı mübahisəyə də göstərilən aspektdən yanaşaraq bildirir ki, mülki işin hallarına görə, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları X8 və X6 iddiaçı Əlizadə (Əsədova) Xalidə Akif qızının himayəsindədir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili bildirir ki, uşaqların saxlanması üçün artan tələbat Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği ilə ödənilə bilmir. Ona görə də, iddiaçı alimentin artırılaraq hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh X7 isə 410 manat təqaüd aldığıni bildirir. Bu baxımdan, uşaqların mənafeyi ilə yanaşı, cavabdehin də maddi və əmlak mənafelərini əsas götürərək, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər uşaq üçün 150 manat, cəmi 300 manat həcmində müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə onuda qeyd edir ki, Ali Məhkəmənin 28 mart 2016-cı il tarixli Plenumun qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia tələbi qismən təmin edilməli, X6 və X8 yetkinlik yaşlarına çatanadək onların saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan övladları 09 aprel 2009-cu il təvəllüdlü X6 və 18 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4438/2011 saylı, 22 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş aliment dəyişdirilərək hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əlizadə (Əsədova) Xalidə Akif qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3445/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3445/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver