Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3452/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilməklə) «borcun olmamasının müəyyən edilməsi və müvafiq qeydin aparılması öhdəliyinin qoyulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olmamasının müəyyən edilməsi və müvafiq qeydin aparılması öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud olmayan müqavilələr üzrə Cavabdeh ASC tərəfindən ona hesablanmış 12.353,84 manat məbləğində borcun silinməsi; "xxxx" MMC-nin elektron sistemində olan qeyri-düzgün məlmatların silinməsinə dair LPO Cavabdeh ASC tərəfindən müvafiq tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 4.950 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənişləri ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə olmadan ödəniş edərək tam şəkildə bağlamışdır. Hazırda yeni kredit götürmək məqsədi ilə banka müraciət edərkən onun Cavabdeh ASC-yə guya xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələri üzrə gecikdirilmiş kredit borcunun olması barədə ona məlumat verilmişdir. "xxxx" MMC-yə ünvanlanmış sorğuya əsasən göstərilən müqavilələrin adına rəsmiləşdirildiyi və gecikmədə olduğu qeyd olunmuşdur. LPO Cavabdeh ASC-yə ünvanlanmış məktuba əsasən göndərilmiş cavab məktubunda xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsinin arxivdə olması, lakin digər iki müqavilənin, yəni xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələrinin arxivdə mövcud olmadığı bildirilmişdir. Qeyd edir ki, xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsi həqiqətən də bankla onun arasında bağlanmış və onun tərəfindən ödənişlər edilərək borc bağlanmışdır. Ancaq həmin müqavilə üzrə tərəfindən aparılan ödənişlər adına qanunsuz olaraq rəsmiləşdirilmiş kredit müqavilələri üzrə guya yaranmış borca yönəldilmiş və onun bank qarşısında olan borcunda azalma olmamışdır. Həmin vaxt ona borcunun olmaması bildirildiyindən onun tərəfindən heç bir zəruri hərəkət aparılmamışdır. Yalnız yuxarıda qeyd etdiyi səbəbdən təsadüfən məlumatı olmuşdur. Cavabdeh ASC ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli (03)**********00493 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 4.950 manat olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh ASC ilə onun arasında xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələrinin olduğu göstərilmişdir. Lakin Cavabdeh ASC ilə onun arasında həmin tarixlərdə hər hansı müqavilə bağlanmamışdır və bu müqavilələr barəsində məlumatı yoxdur. LPO Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli **********296 saylı məktubundan məlum olur ki, mübahisələndirilən müqavilələr mövcud deyildir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, (00)**********00181 saylı müqavilə üzrə 1.489,78 manat və (00)**********00165 saylı müqavilə üzrə 6.470,75 manat məbləğində LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş borcun olmamasının müəyyən edilməsi və borcun olmaması barədə qeydin aparılmasının LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və "xxxx" MMC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə 10 dekabr 2025-ci il tarixdə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, bankın əməliyyat sisteminə əsasən, İddiaçı LPO Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 8.864,25 manat borcu və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 2.064,22 manat borcu mövcuddur. Həmçinin, iddiaçı iddia ərizəsində yalnız xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona 4.950 manat məbləğində kredit məbləğinin verildiyini və həmin borcu ödədiyini iddia edir. Lakin «Elektron məhkəmə» kabinetinə cavabdeh tərəfindən əlavə edilmiş kassa məxaric orderlərindən də aşkardır ki, iddiaçı bankın kassasından xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək cəmi 19.106 manat məbləğində borc götürmüşdür. Halbuki, iddia ərizəsində xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 4.950 manat məbləğində kredit borcu götürdüyünü qeyd etmişdir. Qeyd edir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli (03)**********00493 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 12 ay müddətinə 4.950 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 1.451 manat məbləğində əsas, 2.258,40 manat məbləğində faiz, 683,91 manat məbləğində cərimə olmaqla, 4.393,31 manat məbləğində borc öhdəliyi mövcuddur. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (00)**********00165 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1 gün müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 3.593,91 manat məbləğində əsas, 1.041,71 manat məbləğində faiz, 1.835,13 manat məbləğində cərimə olmaqla, 6.470,75 manat məbləğində borc öhdəliyi mövcuddur. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (00)**********00181 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1 gün müddətinə 3.960 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 852,71 manat məbləğində əsas, 134,63 manat məbləğində faiz, 502,44 manat məbləğində cərimə olmaqla, 1.489,78 manat məbləğində borc öhdəliyi mövcuddur. Məhkəməyə təqdim edilən müqavilələr üzrə hesabdan çıxarışlara əsasən, iddiaçı tərəfindən məxariclər və mədaxillər edilmişdir. Həmin hesabdan çıxarışlara əsasən bütün müvafiq məlumatlar qeyd edilmişdir. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında «...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən «şərəf borcu» da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.» hüquqi mövqe göstərilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq 08 may 2023-cü il tarixdə iddiaçıya göndərilən cavab məktublarında sonu 165 və 181 nömrə ilə bitən müqavilələrin, mədaxil sənədlərinin arxivdə aşkar edilmədiyi bildirildiyindən onların təqdim edilməsinin mümkün olmadığını bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, borc alan İddiaçı kredit tarixçəsi, aktiv kreditləri və s. ətraflı şəkildə qeyd olunmuşdur. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı yuxarıda qeyd edilən kredit tarixçəsindən çıxarışı əldə etdikdən sonra LPO Cavabdeh ASC-yə müraciət edərək mübahisələndirilən kredit müqavilələrinin surətlərinin təqdim olunmasını xahiş etmişdir. - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli **********296 saylı məktubundan görünür ki, İddiaçı ərizəsinə həmin Fondda baxılmış və sözügedən kredit müqavilələrinin LPO Cavabdeh ASC-nin arxiv şöbəsində aşkar edilmədiyi qeyd olunmuşdur. - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli **********53 saylı məktubundan görünür ki, eyni məsələ ilə bağlı İddiaçı daha ətraflı məlumat verilmişdir. Eyni məlumatlar cavabdeh tərəfin etirazında göstərildiyindən (kredit müqavilələrinin tarixləri, nömrələri, verilməsi qeyd olunan kredit və s.), məktubun tam məzmununun yenidən yazılmasına zərurət yoxdur. - 26.07.2023-cü il tarixli 2839 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsaəsn fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsaəsn bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh ASC arasında iddiaçının bank qarşısında öhdəliyinin əmələ gəlməsinin əsası kimi istinad edilən (00)**********00181 saylı və (00)**********00165 saylı müqavilələr bağlanmamışdır. Həmin müqavilələr bankın arxivində aşkar edilməmişdir. İddiaçının bankla qeyd olunan kredit müqavilələri bağlamasını və kredit götürməsini təsdiq edən digər mötəbər sübutlar da məhkəməyə təqdim olunmamışdır. Yuxarıda şərh olunanlardan göründüyü kimi, iddiaçının adının Mərkəzi Kredit Reyestrində mövcud olmayan kredit müqavilələri üzrə borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatların MKR-də qalmasına hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, (00)**********00181 saylı müqavilə üzrə 1.489,78 manat və (00)**********00165 saylı müqavilə üzrə 6.470,75 manat məbləğində LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş borcun olmaması müəyyən edilməli; borcun olmaması barədə qeydin aparılması LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin öhdəsinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. (00)**********00181 saylı müqavilə üzrə 1.489,78 manat və (00)**********00165 saylı müqavilə üzrə 6.470,75 manat məbləğində LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş borcun olmaması müəyyən edilsin. Borcun olmaması barədə qeydin aparılması LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin öhdəsinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3452/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3452/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver