Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3465/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 19 yanvar 2015-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş № 2(006)-4018/2021) qətnaməsilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin Məhkəmə qətnaməsində qeyd olunur ki, Cavabdeh 19 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 08 may 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2021-ci il tarixədək hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment nağd şəkildə, xx.xx.2022ci il tarixdən başlayaraq hər ay 193 manat hesablanmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Quliyeva (Əsgərova) Nərgiz Şaiq qızına ödənilsin. Sabit pul məbləğinin tutulması Cavabdeh əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi ilə bağlı olmuşdur. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən “X4 və Emal Birliyi” MMC-də Hüquq, insan resurları və kargüzarlıq şöbəsinin müdiri vəzifəsində işləyir. Hal-hazırda X2 7 yaşı var və orta məktəbdə təhsil alır. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə çatmır. Eyni zamanda uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də onun maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bunları nəzərə alaraq, iddiaçı xx.xx.2022-ci ildə Cavabdeh əvvəlcə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir və o, bu təklifi xx.xx.2022-ci il tarixdə almışdır (təsdiqedici sənəd əlavə olunur). Sonra iddiaçı xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasının 9 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin istəyi ilə vaxt uzadılmış və xx.xx.2022-ci ildə saat 17:00-17:30-a təyin edilmişdir. Lakin, həmin günü mediasiyaya gəlməkdən imtian etmişdir (Mediasiya arayışı əlavə olunur № MŞB/9-00046,xx.xx.2022). Buna görə də iddiaçı “Aliment məbləğinin həcminin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, 19 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni mümkün hesab edərək icaata qəbul edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqla məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4018/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh ilə X8 arasında Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən 05 aprel 2013-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 19 yanvar 2015-ci il təvəllüdlü X2 anası X3 yanında qalması, Cavabdeh 19 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 08 may 2021-ci il tarixdən başlayaraq 20 dekabr 2021-ci il tarixədək hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin nağd şəkildə, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat hesablanmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, AZ-İ № 411790 saylı Nikahın pozulması haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikaha Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 94 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Quliyev”, qadına “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 08 iyun 2015-ci il tarixli, AZ-İİİ № 563508 seriyalı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X6r. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli, MŞB/9-00046 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 17:00-17:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan AR KTN “X4 və Emal Birliyi” MMC tərəfindən verilən 17 avqust 2022-ci il tarixli Sorğuya cavab məktubundan görünür ki, Cavabdeh 2022-ci il 04 mart tarixindən etibarən “X4 və Emal Birliyi” MMC-də Hüquq, insan resursları və kargüzarlıq şöbəsinin müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı (əmək müqaviləsinə əsasən) 1200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqın saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 19 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 19 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3465/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3465/2022
07.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver