Məhkəmə qərarları › İş №2(006)-347/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-347/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-347/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 71,08 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 626,89 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 10,24 manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 992,35 manat cərimə borcunun, cəmi isə 1700,56 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 177 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddıtinə illik 30% ödəmək şərti ilə 2.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 177 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zəmanət müqaviləsi bağlanmışdır. Zəmanət müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 71,08 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 626,89 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 10,24 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 992,35 manat, cəmi isə 1700,56 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabadehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 425-ci maddələrinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 71,08 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 626,89 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 10,24 manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 992,35 manat cərimə borcunun, cəmi isə 1700,56 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizədə iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 177 saylı istehlak kredit müqaviləsinə əsasən borc verən LPO İddiaçı ASC borc alan Cavabdeh1 24 ay müddətinə, illik 30%, cərimə faizi 5% olmaqla 2.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC tərəfindən borclu və zaminə ünvanlanan xx.xx.2017-ci il tarixində göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməli olduğu barədə LPO İddiaçı ASC tərəfindən xəbərdar olunmuşlar. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 71,08 manat əsas borc, kredit müqaviləsinin müddəti ərzində hesablanmış 626,89 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 10,24 manat faiz borcu, 992,35 manat cərimə borcu, ümumilikdə cəmi 1700,56 manat borcu yaranmışdır. Ödəniş qəbzindən (№ 627523105) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, İKM 177 saylı kredit müqaviləsinə əsasən LPO İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə, illik 30%, cərimə faizi 5% olmaqla 2.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 71,08 manat əsas borc, 626,89 manat faiz borcu, 992,35 manat cərimə borcu, ümumilikdə cəmi 1700,56 manat borcu yaranmışdır. Hazırda iddiaçı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 71,08 manat əsas borc, 626,89 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 10,24 manat faiz borcu və 992,35 manat cərimə borcu, ümumilikdə cəmi 1700,56 manat məbləğində borcun tutulmasını xahiş edir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan xx.xx.2015-ci il tarixli, İKM 177 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 2 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.2-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə Borcalanın Bank qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. MM-nin 367-ci maddəsinə müvafiq olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi, müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə MM-nin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, əsas borc üzrə 71,08 manat əsas borc, müqavilə müddətinin bitdiyi günə faiz borcu 626,89 manat, 20 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 10,24 manat, ümumilikdə 728,21 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı məbləğində pul Cavabdeh1 tutularaq LPO İddiaçı ASC-yə ödənilməli, iddia Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə qismən təmin edilsin. Əsas borc üzrə 71,08 manat əsas borc, faiz borcu üzrə 626,89 manat, cərimə borcu üzrə 20 manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 10,24 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı, ümumilikdə 741,21 manat məbləğində pul Cavabdeh1 tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar