Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3472/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı X3 (Kuliev Veli) cavabdeh “X2” ASC-yə qarşı “kredit borcunun restrukturizasiyası və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X5 (Kuliev Veli) cavabdeh “X2” ASC-yə qarşı “kredit borcunun restrukturizasiyası və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun restrukturizasiyasının cavabdeh “X2” ASC-nin üzərinə qoyulması, kredit müqaviləsi üzrə gündəlik faiz və cərimələrin yığılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 31G/23 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcverən “X2” ASC tərəfindən borcalan Kuliev Veli-yə 24 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək, illik 16 faiz ödəmək şərtilə 120000 (yüz iyirmi min) manat kredit verilmişdir. Kreditin məqsədli təyinatı kredit məbləğinin 18300 (on səkkiz min üç yüz) manat hissəsinin bank qarşısındakı xx.xx.2021-ci il tarixli 71G/21 saylı, 665 (altı yüz altmış beş) manat hissəsinin xx.xx.2022-ci il tarixli 50G-22 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə, qalan 101035 (yüz bir min otuz beş) manat hissəsinin isə dövriyyə vəsaitlərinin artırılmasına yönəldilməsi olmuşdur. xx.xx.2023-cü il tarixli 145G/23 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borcverən “X2” ASC tərəfindən borcalan X4 24 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək, illik 16 faiz ödəmək şərtilə 150000 (yüz əlli min) manat kredit verilmişdir. Kreditin məqsədli təyinatı kredit məbləği 8200 (səkkiz min iki yüz) manat hissəsinin bank qarşısındakı xx.xx.2023-cü il tarixli 31G/23 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə, qalan 141800 (yüz qırx bir min səkkiz yüz) manat hissəsinin isə dövriyyə vəsaitlərinin artırılmasına yönəldilməsi olmuşdur. Kredit müqaviləsinin “Xüsusi şərtlər” adlanan 4-cü bölməsində X1, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən investisiya layihəsi (biznes plan) və kreditin məqsədli təyinatına uyğun istifadəsi üzrə monitorinqlər keçirilməsi və s.-lə bağlı qaydalar müəyyən edilmiş, 8.2-ci bəndində Kuliev Velinin VÖEN-i (**********) qeyd edilmişdir. Beləliklə, sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – iddiaçı X5 (Kuliev Veli – VÖEN: **********) və cavabdeh “X2” ASC (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Belə ki, iddiaçı X5 (Kuliev Veli) fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh “X2” ASC isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi – iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan münasibətlərə və hazırkı mübahisənin predmeti ilə əlaqədar isə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı iddia ərizəsinə əlavə etdiyi kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun restrukturizasiya edilməsini, günlük faiz və cərimələrin hesablanmasının dayandırılmasını tələb etmişdir. Həmin müqavilə məhkəmə tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, kredit iddiaçıya məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – dövriyyə vəsaitinin artırılması məqsədilə verilmiş, müqavilədə iddiaçının VÖEN-i göstərilmiş, həmçinin, müqavilənin xüsusi şərtlərində iddiaçıya kreditin sahikarlıq fəaliyyəti ilə əlaqədar verilməsini təsdiq edən müddəalar (X1, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən investisiya layihəsi (biznes plan) və kreditin məqsədli təyinatına uyğun istifadəsi üzrə monitorinqlər keçirilməsi və s.) öz əksini tapmışdır. Beləliklə, tərəflər arasında olan münasibətlərin onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanmış kredit müqaviləsi əsasında yaranması, yəni iddiaçının dövriyyə vəsaitlərinin artırılması məqsədilə cavabdehdən kredit almaqla, cavabdehin isə faizlər və komissiya qazanmaq məqsədilə iddiaçıya kredit verməklə gəlir əldə etmək niyyətində olmaları müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin münasibətlər əsasında yaranmış mübahisə də kommersiya mübahisəsidir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir; 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan hüquq münasibətlərinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2169/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, ********** nömrəli qəbz üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İddiaçı isə rüsumun ona geri qaytarılmasına baxmayaraq, hazırkı iddia ərizəsinə məhz həmin qəbzi əlavə etmişdir. Deməli, hazırkı iş üzrə dövlət rüsumu da iddiaçı tərəfindən ödənilməmişdir. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3, 152.1.5-ci maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X3 (Kuliev Veli) cavabdeh “X2” ASC-yə qarşı “kredit borcunun restrukturizasiyası və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3472/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3472/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver