Məhkəmə qərarları › İş №2(006)-3498/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3498/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3498/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair iddia ərizəsilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış “Kredit Müqaviləsi”nin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq iddiaçı ilə yeni müqavilə bağlanmasının ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tağıyev X3 müharibə veteranı, prezident təqaüdçüsü, Dəmir Bankla 2013-cü ildə kredit müqaviləsi bağlamışdır. Müqavilə bağlandıqdan sonra, yəni 22 dekabr 2015-ci ildə Azərbaycan manatı ABŞ dolları qarşısında birdən-birə ucuzlaşması və bu hal onun həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün etmişdir. İddiaçı həmin müqaviləni imzalayarkən, 1 dollar 0.78 manat idi. Yəni, o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problem yox idi. Rəsmi dövlət orqanları da qiymətlərin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edirlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin korlanmasına səbəb olmuşdur. Ona daha əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyi gəlirləri əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2020-ci il tarixdə o, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərovdan **********478 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubu almışdır. Həmin məktubda imtinanın əsası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndi göstərilmişdir. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən, Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizayasını təmin edən tədbirlər görsünlər. Lakin, Azərbaycan Respublikası Prezidenti tərəfindən bu Fərmanı qəbul edilməsinə baxmayaraq bank tərəfindən borcunu restrukturizasiyası olunmasına ona heç bir təklif etməmişdir. Cavabdehin nümayəndəsi X2 vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC ilə əvəz edərək mülki işi baxılmasında ötrü aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3498/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 mülki iş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC ilə əvəz edərək mülki işi baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz etdiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən ünvanlanan “borc məbləğinin restrukturizasiya olunmasına dair” Ərizədən görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına uyğun olaraq ləğv prosesində olan Cavabdeh1 ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respubliaksının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 528.35 manat məbləğində borcun 6 ay müddətinə restrukturizasiya olunmasına və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanan 28 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Bildirilir ki, sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. İş materiallarında olan problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, İddiaçı məxsus restrukturizasiya olunması təklif olunan kredit 528.35 manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, ’’Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli,551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ilə cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 528 manat məbləğində borc restrukturizasiya olunmalı, iddiaçı ilə yeni müqavilənin bağlanması ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ilə cavabdeh LPO Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 528 manat məbləğində borc restrukturizasiya olunsun. İddiaçı ilə yeni müqavilə bağlanması ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar