Məhkəmə qərarları › İş №2(006)-3515/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3515/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3515/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin miqdarı müəyyənləşdirildikdən sonra həmin zərərin tam həcmdə ödənilməsi, ekspertiza xərcinin cavabdehdən dövlət nəfinə və ödənilən dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh qismində göstərilən Cavabdeh eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) iddiaçı tərəfindən iddia ərizəsində göstərilməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə belə adda fiziki şəxsin olmaması aşkar edilmişdir. Bununla yanaşı, iddiaçı cavabdehdən vurulmuş zərərin əvəzini tələb etsə də, zərərin məbləği ərizədə qeyd etməmişdir.

4. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 149.2.2-ci maddə. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddə. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

6. Göstərilənlərlə yanaşı qeyd edirəm ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş tələb aydın qeyd etməli, “pul” tələbi olduqda, cavabdehdən tələb olunan müvafiq pulun məbləği iddia tələbində dəqiq göstərilməlidir.

7. Hesab edirəm ki, Cavabdeh eyniləşdirmək mümkün olmadığı üçün hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Nəticə:

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar