Məhkəmə qərarları › İş №2(006)-352/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-352/2023

03.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-352/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (X6, Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsinə yaşayış və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı (X6, Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsinə yaşayış və istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət, ümumi sahəsi 40, 97 kv.m olan 80 saylı mənzildə xx.xx.2003-cü il tarixdən halhazıra qədər qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, kommunal xidmətlər haqqını vaxtlı vaxtında ödəyir və onunla bağlı heç bir problemi yoxdur. Artıq 20 ilə yaxın bir müddətdir ki, mənzildə yaşayır, mənzildə yaşadığı müddət ərzində ailə büdcəsi hesabına dəfələrlə təmir-bərpa işləri görmüşdür və hal-hazırda da yaşamaqda davam edir. Hesab edir ki, onun Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə (əvvəlki Cəbiyev) küçəsi, ev 16A ünvanında yerləşən iki otaqdan ibarət, ümumi sahəsi 40.97 kv.m olan 80 saylı mənzilində yaşamaq və istifadə hüququ vardır və bu hüququ qanuni olaraq tanınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyi 65 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş Şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvanlanmış 0/918 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi 16a saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 80 saylı mənzilə İddiaçı pasport qeydiyyatında olmaqla “mənzil xidmət” haqları onun tərəfindən ödənilir. Ona görə də İddiaçı iddia tələbinin təmin olunmasına Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi etiraz etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 80 nömrəli mənzil üzərində hüquqlar qeydiyyata alınmadığı üçün xx.xx.1991-ci il tarixindən hazırkı vaxtadək mənzilin kimlərin mülkiyyətində olması haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 65 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 483№-li, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X6 H.Seyidzadə küçəsi, 16a saylı evin 80№-li mənzilində qeydiyyatda olub və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmışdır. İddiaçı hal-hazırda bu ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* №-li Arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən etibarən ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1954-cü il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan mənzildə İddiaçı xx.xx.2003-cü il tarixdən etibarən qeydiyyatdadır. Balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi İddiaçı həmin mənzilə köçüb yaşamasına etiraz etməmiş və iddiaçı həmin vaxtdan etibarən qeyd olunan mənzilə köçüb yaşayır. İddiaçı kommunal xidmət xərclərini ödəyir, mənzildə cari və əsaslı təmir işləri görərək, mənzili yaşayış üçün normalara uyğun vəziyyətdə saxlayır. Balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən bu günə qədər mənzilə dair digər hər hansı şəxslə icarə müqaviləsi bağlanmamışdır. Eyni zamanda, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 80 nömrəli mənzil Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balans saxlayan məhkəməyə ünvanladığı məktubunda qeyd edilən mənzildə iddiaçının yaşamasına hər hansı bir etirazını bildirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən mənzildə 2003-cü il tarixdən qeydiyyatda olduğundan həmin mənzilə dair hüquq münasibətləri həmin dövrdə yaranmışdır. Bu səbəbdən hazırkı işə xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunda nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd edilən Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. AR Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2 nömrəli qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinin hüququ haqqında mübahisəni həll edərkən, məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən, etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatında olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Mlüki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri onun yaşadığı yer sayılır. xx.xx.1996-cı il tarixdə qəbul edilmiş və xx.xx.2008-ci il tarixədək dəyişiklər edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin razılığı ilə 2003-cü ildən mənzilə köçdüyündən və halhazıradək balans saxlayıcının razılığı ilə orada yaşadığından, habelə balans saxlayıcı onun mənzilə istifadə hüququnun tanınmasına etiraz etmədiyindən, həmin mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən olundu ki, iş üzrə İddiaçı mənzilin balans saxlayanı olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə icarə münasibətlərinə daxil olmuş, mənzilin istismar yığımı, digər kommunal xərcləri ödəmiş və mənzildə yaşamaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqını ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə bə bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 7 ünvanında yerləşən iki otaqdan ibarət, ümumi sahəsi 40.97 kv.m olan 80 saylı mənzildən istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar