Məhkəmə qərarları › İş №2(006)-3520/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3520/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3520/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində Cavabdeh hər bir uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 manat olmaqla alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci ildə X4 və xx.xx.2009-cu ildə X5 anadan olmuşlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(006)-3241/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası ilə onların nikahı pozulmuşdur. Daha sonra o, aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə hər uşağa 175 manat olmaqla, 2 uşağın saxlanılması üçiin aliment qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yöndəldilmişdir. Qeyd edir ki. hazırda uşaqların saxlanılması üçün xərclər yüksəlmiş, cavabdeh isə bu xərcləri tam olaraq qarşılamır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq məbləğ ödəmir. Hazırda minimum yaşayış həddi 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən hər birinə hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat aliment alınaraq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, iddiaçı ilə cavabdehin əvvəllər qanuni nikahda olması, birgə nikahdan iki uşaqlarının olması faktı artıq əvvəlki məhkəmə qətnaməsində öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-1024 saylı Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 15:00 – 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəməyə imkanının olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq hər iki valideynin borcudur və uşağın qayğılarının həll edilməsinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5432/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar