Məhkəmə qərarları › İş №2(006)-3521/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3521/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3521/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik saxlama) təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuş (icra məmuru Nəsimi Abuşov), məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatına alınmış və ona “Attenti” markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı izah edilmiş və bu müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-236/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, həmin vaxt ENV ondan götürülərkən mobil qurğu üzərində aşkar olunmamışdır. Mobil qurğunun harada olmasını müəyyən etmək üçün yaxın qohumları ilə əlaqə saxlamaq mümkün olmamışdır. “Attenti” markalı elektron nəzarət vasitələrini tədarük edən "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, N.Rəhimova tətbiq edilmiş 35628544 nömrəli elektron nəzarət vasitəsinin mobil qurğusu, adapter və kabura aşkarlanmamış, komplekt istifadəyə tam yararsızdır. "xxxx" QSC-nin arayışı əsasında həmin avadanlığın dəyərinin 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsinin mobil qurğusunu sındırmış və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən cavabdeh - ünvan 1 ünvanında yaşayan xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh 2277.40 manat vəsait alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. 4.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, məhkəmə tərəfindən onun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. 7.Mülki işin materiallarında olan məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə aparılmış ilkin fərdi söhbətin nəticələrinə dair protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə söhbət aparılmış, söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. 8.Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitəsinin ƏDV daxil olmaqla dəyəri 2277.40 manat müəyyən edilmişdir. 9.Mülki işin materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən Cavabdeh istifadəsində olan Attenti sadə qolbağa xx.xx.2025-ci il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticəsində Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürülən Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan 35628544 nömrəli mobil qurğu, adapter və kabura aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsızdır. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-364/2023 saylı hökmü ilə ...Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-364/2023 saylı hökmü ilə üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, texniki baxışın nəticəsində Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürülən Attenti sadə qolbağının komplektasiyası pozulmuş, belə ki, yoxlama nəticəsində komplektə daxil olan 35628544 nömrəli mobil qurğu, adapter və kabura aşkarlanmamış, bunları nəzərə alaraq bu cihazın komplekti təkrar istifadəyə yararsız olması müəyyən edilmişdir. Hazırda iddiaçı vurulmuş maddi ziyanın əvəzi kimi elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 14.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 15.Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 16.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 17.Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 18 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. 19.“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. 20.Hazırki iş üzrə müəyyən edildiyi kimi cavabdehə müvafiq məhkəmə hökmünə əsasən tətbiq edilən elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində təkrar istifadəyə yararsız olması müəyyən edilmiş, nəticədə cavabdeh tərəfindən elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində mülki hüquq pozuntusu törədilmişdir. 21.Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 22.Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) məbləğində pul alınaraq dövlət nəfinə ödənilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 25.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) məbləğində pul alınaraq Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar