Məhkəmə qərarları › İş №2(006)-353/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-353/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-353/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon MKTB-yə qarşı (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi rayon MKTB-yə qarşı «mənzilə yaşayış və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, bir otaqdan ibarət, yaşayış sahəsi 16,7 m2 olan 77 saylı mənzilin yaşayış sahəsindən onun yaşayış və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, bir otaqdan ibarət, yaşayış sahəsi 16,7 m2 olan 77 saylı mənzilin yaşayış sahəsindən onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, bir otaqdan ibarət, yaşayış sahəsi 16,7 m2 olan 77 saylı mənzildə 30 oktyabr 1993-cü il tarixdən hal-hazıra qədər ailə üzvləri ilə yaşayır, kommunal xidmətlərin haqqını, mənzil icarə haqqını vaxtı-vaxtında ödəyir və bununla bağlı heç bir çətinliyi yoxdur. Artıq 30 ilə yaxın bir müddətdir ki, mənzildə yaşayır, mənzildə yaşadığı müddət ərzində ailə büdcəsi hesabına dəfələrlə təmir-bərpa işləri görmüş və hal-hazırda da yaşamaqda davam edirlər. Hesab edir ki, onun həmin mənzildən istifadə hüququ vardır və bu hüququ qanuni olaraq tanınmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, H.Seyidzadə küçəsi, 18a saylı binanın Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu, 77 saylı mənzildə İddiaçı qeydiyyatda olmaqla, mənzil xidmət haqları onun tərəfindən ödənildiyini qeyd edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 18 mart 1983-cü il tarixli 201523 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən, bir otaqdan ibarət, yaşayış sahəsi 16,7 m2 olan 77 saylı mənzil Nəsimi rayon XDS İK-nın 18 mart 1983-cü il tarixli 32/1 saylı qərarına əsasən X5 (pensiyaçı) verilmişdir. - Nəsimi rayon MKTB-nin 65 saylı MKİS-nin aprel 2022-ci il tarixli, 153 saylı arayışından görünür ki, X7 H.Seyidzadə (Cəbiyev) küçəsi, 18a saylı evin 77 saylı mənzilinin icarədarı olmuş və 1993-cü ildə qeydiyyatdan çıxmışdır. - AR DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 77 saylı mənzilin kimin mülkiyyətində olmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 05 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon H.Seyidzadə küçəsi 18A, yaşayış sahəsi 16.7 kv.m olan 77 saylı mənzilinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Nəsimi rayon MKTB-nin 65 saylı MKİS-nin 14 fevral 2023-cü il tarixli, 81 saylı arayışından görünür ki, İddiaçı H.Seyidzadə küçəsi, 18A saylı evin 77 saylı mənzilində qeydiyyatdadır və mənzilə aid kommunal xərcləri ödəyir. - Nəsimi rayon MKTB-nin 65 saylı MKİS-nin 14 fevral 2023-cü il tarixli, 82 saylı arayışından görünür ki, İddiaçı H.Seyidzadə küçəsi, 18A saylı evin 77 saylı mənzilinə qeydiyyata düşməzdən əvvəl 1993-cü ildən hal-hazıradək həmin ünvanda yaşayır. - Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, 4-cü mkr, H.Seyidzadə küçəsi, 18A saylı bina Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 77 saylı mənzilə İddiaçı pasport qeydiyyatında olmaqla, “mənzil xidmət” haqları onun tərəfindən ödənilir. Ona görə də, İddiaçı iddia tələbinin təmin olunmasına Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi etiraz etmir. - Bakı şəhəri 32 saylı notariat ofisində tərtib edilmiş və reyestrdə 8İ-2910 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli, **********910 saylı ərizədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X12, ünvan 6 ünvanında qeydiyyatda olan X9 və ünvan 7 ünvanında qeydiyyatda olan X10 - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 8 ünvanında yaşadığını ərizələri ilə təsdiq etmişlər. - Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı H.Seyidzadə küçəsi, 18A saylı evin 77 saylı mənzilində yaşayır. Göründüyü kimi, yuxarıda qeyd olunan mənzilin icarədarı X4muş və sonuncu məlum hadisələrlə əlaqədar həmin mənzildən qeydiyyatdan çıxaraq, köçüb başqa yaşayış yerinə getmişdir. İcarədar köçüb getdikdən sonra balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi İddiaçı həmin mənzilə köçüb yaşamasına etiraz etməmiş və İddiaçı həmin vaxtdan etibarən qeyd olunan mənzilə köçüb yaşayır. İddiaçı kommunal xidmət xərclərini ödəyir, mənzildə cari və əsaslı təmir işləri görərək, mənzili yaşayış üçün normalara uyğun vəziyyətdə saxlayır. Balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən keçmiş icarədar olan N.Petrosyan yaşayış sahəsini tərk edib başqa yaşayış yerinə gedəndən bu günə qədər mənzilə dair digər hər hansı şəxslə icarə müqaviləsi bağlanmamışdır. Eyni zamanda, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (əvvəlki Cəbiyev) küçəsi, 18A saylı evin 77 saylı mənzili Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balans saxlayan məhkəməyə ünvanladığı məktubunda qeyd edilən mənzildə İddiaçı yaşamasına hər hansı bir etirazının olmadığını, habelə mənzil xidmət haqlarının sonuncu tərəfindən ödənildiyini bildirmiş və işə baxılan dövrdə məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi eyni mövqe ilə çıxış edərək, cavabdehin qeydiyyatda olduğu mənzildə yaşamasına etirazını bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, keçmiş icarədar mənzili tərk edərək başqa yaşayış yerinə köçdükdən sonra iddiaçı N.Məmmədəliyeva həmin mənzilə köçərək balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin razılığı ilə yaşamağa başlamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, mənzilə dair hüquq münasibətləri həmin dövrdə yarandığından, hazırki işə xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə malik olurlar. Qeyd edilən Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» 2 nömrəli qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinin hüququ haqqında mübahisəni həll edərkən, məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzildən köçürülərkən, etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri onun adətən yaşadığı yer sayılır. xx.xx.1996-cı il tarixdə qəbul edilmiş və 24 iyun 2008-ci il tarixədək dəyişikliklər edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı N.Məmmədəliyeva balans saxlayıcı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin razılığı ilə 1993-cü ildən mənzilə köçdüyündən və hal-hazıradək balans saxlayıcının razılığı ilə orada yaşadığından, habelə balans saxlayıcı onun mənzilə istifadə hüququnun tanınmasına etiraz etmədiyindən, həmin mənzilə istifadə hüququ əldə etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən olundu ki, iş üzrə İddiaçı yuxarıda qeyd olunan mənzilin keçmiş icarədarı olan N.Petrosyan mənzildən qeydiyyatdan çıxaraq, köçüb başqa yaşayış yerinə getməsindən sonra faktiki olaraq mənzilin balans saxlayanı olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə icarə münasibətlərinə daxil olmuş, mənzilin istismar yığımı, digər kommunal xərcləri ödəmiş və hal-hazırda mənzildə yaşamaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Digər tərəfdən, mənzil balans saxlayan tərəfindən heç kimə icarəyə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqını ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri ünvan 9 ünvanda yerləşən 77 saylı mənzildən istifadə hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri ünvan 9 ünvanda yerləşən 77 saylı mənzildən istifadə hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar