Məhkəmə qərarları › İş №2(006)-354/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-354/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-354/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh oğlunun iştirakları ilə, İddiaçılar X3 və İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın, 7000 manat məbləğində pulun, məhkəmənin hesabına köçürdüyü 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddiaçı qismində cəlb olunmuşdur. İddiaçılar X8 və İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabeh Salyan rayonundandır və Bakı şəhərində yaşayır. Səmimi və mehriban münasibətləri var. 2020-ci ilin yanvar ayında cavabdeh ona vacib pul lazım olduğunu bildirmiş və bir ay müddətində qaytaracağını demişdir. İddiaçı və həyat yoldaşı ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov 21 ünvanında onunla görüşmüş, borc istədiyi 5000 manat məbləğində pulu cavabdehə vermişdir. Bir aydan sonra ona pulun qaytarmasını bildirəndə birazda gözləməyini xahiş etmişdir. Bir ay bir ili də ötmüş, indiyə qədər tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmır. Hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsi şikayəti əsasında araşdırma aparmış və ona bildirmişlər ki, cavabdeh borc aldığını etiraf edir və söz verir ki, qaytaracaqdır, məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Mövcud mübahisəli işdə cavabdeh ona borclu olduğu 5000 manat məbləğində də daxil ümumilikdə 2000 manat, cəmi 7000 manatla bərabər ödədiyi dövlət rüsumu 30 manat və 1 manat xidmət haqqı da daxil olmaqla ona ödəməlidir. Cavabdeh iddia ərizəsinə dair etiraz məhkəməyə təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı pul tələbi iddiası əsassızdır, ona görə ki, ona pul verilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinə yazdığı iddia ərizəsində qeyd etmişdir ki, guya ona 5000 manat pulu Nəsimi rayonu, V.Plotnikov 21 ünvanında həyat yoldaşı ilə birlikdə vermişdir. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə yazdığı ərizədə isə qeyd etmişdir ki, guya o, ona pulu "AFF" ticarət mərkəzinin qarşısında vermişdir. Nəsimi rayonu V.Plotnikov 21 ünvanına yaxın bir yerdə "AFF" ticarət mərkəzi mövcud deyildir. İddiaçı ərizələrində guya ona verdiyi pulun yerlərini fərqli ünvanları göstərməsi onun yalan danışmasını sübut edir. Əslində isə iddia edilən 5000 manat onun həyat yoldaşı Akka tərəfindən Salyandan göndərilmiş və "NCM" şirkətlər qrupunun direktoru X2 çatmışdır. Bir müddət sonra Ceyhunun ofisində onun və Akkanın iştirakı ilə Ceyhun 5000 manatın ona verildiyini təsdiqləmişdir. X7 5000 manatın geri qaytarılması ilə əlaqədar çoxlu dəfə telefon danışıqları olmuşdur. Ceyhun hər dəfə Akkaya pulu geri qaytaracağına söz vermiş, lakin pandemiyaya görə işinin dayandığını və başqa müxtəlif bəhanələr gətirərək bu günə qədər qaytarmamışdır. X4 etibarından istifadə edərək ona qarşı da dələduzluq etmişdir. Bununla bağı hüquq-mühafizə orqanlarının rəhbərlərinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, cavabdeh ilə dostdur və birlikdə şirkətdə işləyirlər. Cavabdehə 5000 manat məbləğində pul verildiyini bilir. Cavabdeh pulu şirkətin işləri ilə bağlı xərcləmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdehin Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinə verdiyi izahatından görünür ki, İddiaçı pul almamış, iddiaçının həyat yoldaşı Aqqa kimi tanıdığı şəxs bir gün təsadüfi görüş zamanı ona bildirmişdir ki, nə vaxt borca pul ehtiyacı olsa, ona müraciət edə bilər. Sonradan tanışı Ceyhunla biznes fəaliyyəti ilə məşğul olmaq istəmiş, Ceyhun ona 5000 manat pul lazım olduğunu bildirmiş, o da, Aqqaya zəng edərək, iş olduğunu, onun da xeyr götürəcəyini təklif etmişdir. Aqqa da onlara borca 5000 manat pul göndərmişdir. Lakin Pandemiya dövrü olduğu üçün işləri dayanmış, bu səbəbdən Aqqaya olan borcu qaytara bilməmişdir. İşləri qaydasına düşərsə, 5000 manat borcun qaytarılmasına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Məhkəmə tərəflərin izahatları və şahidin ifadəsi ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Borc müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 37-ci fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da borc müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməklə tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı X3 cavabdehə borc pul verdiyini cavabdehin Bakı şəhəri, Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinə verdiyi izahatına və şahidin ifadəsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı sənədlərlə cavabdehin iddiaçılara 5000 manat məbləğində borcu olması iş materialları və şahid ifadəsi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. İddia tələbinin pulun qaytarmadığı üçün vurduğu ziyana görə, həmçinin telefon danışıqları və Bakıya gediş-gəliş xərcləri hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.07.2009cu il tarixi qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçılar tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçılar göstərilən əsasa görə cavabdehdən pul tələb etməkdə haqlı deyildirlər. Eyni zamanda, iddiaçılar telefon danışıqları və Bakıya gediş-gəliş xərclərini tələb etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən əsasa görə tələb olunan 2000 manat hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 5000 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı tutularaq iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 5000 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı tutularaq X5 və İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar