Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3545/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən yaranmış əsas borc və faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən yaranmış 842 manat əsas borc və 2446,61 manat faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh ləğv prosesində olan "xxxx" KB arasında bağlanmış 18.12.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə 842 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit məbləği iddiaçının adına götürülsə də, həmin məbləği qonşusu olan X1 vermişdir. Beləliklə də, kredit müqaviləsi formal olaraq iddiaçının adına bağlanmışdır. Kredit məbləğini verdiyi şəxs həmin kredit məbləğini bir neçə ay ödəmiş, daha sonra ödənişlərin ödənilməsini dayandırmış və bir müddət sonra vəfat etmişdir. Ödənişlərin ödənilməməsinə baxmayaraq, cavabdeh bank tərəfindən kredit məbləğinin ödənilməsi istiqamətində heç bir addım atılmamış, hər hansı xəbərdarlıq məktubu verilməmiş və məhkəməyə müraciət olunmamışdır. Bununla da, qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Qeyd etdiklərini əsas götürərək cavabdeh "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək kredit məbləği üzrə əsas və faiz borcunun silinməsini xahiş etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, cavab məktubunda borcun ödənilməsinin təmin olunması tövsiyyə olunmuşdur. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Göründüyü kimi, cavabdeh "xxxx" QSC iddia müddəti keçməsi səbəbindən mübahisənin məhkəmə yolu ilə həll olunması üçün müraciət etmir, lakin iddiaçı tərəfindən borc məbləğinin ödənilməsini tövsiyə edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdeh "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq, işə həmin onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya verilmiş borc öhdəliyinin olub-olmaması barədə arayışdan görünür ki, QSC "xxxx" KB ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə qaytarılmaq şərti ilə 842 manat məbləğində kredit verilmişdir. 23 avqust 2020-ci il tarixinə 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB qarşısında 742 manat əsas borc və 2446,61 manat məbləğində faiz borc öhdəliyi mövcuddur. Qeyd olunan borcun ödənilməsinin təmin olunması tövsiyyə edilmişdir. Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, iddiaçı cavabdehlə arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyündən yaranmış 842 manat əsas borc və 2446,61 manat faiz borcunun silinməsini xahiş edir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, tərəflərin arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 12 ay müddətinə, yəni 18 dekabr 2009-cu ilədək müəyyən edilmişdir. Məhkəmə iş materiallarına və tərəfin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəalarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, 18 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 18 dekabr 2009-cu ildə bitmişdir. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdeh ləğv prosesində olan "xxxx" KB arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən yaranmış 842 manat əsas və 2446,61 manat faiz borcu silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ləğv prosesində olan "xxxx" KB arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən yaranmış 842 manat əsas və 2446,61 manat faiz borcu silinsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3545/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3545/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver