Məhkəmə qərarları › İş №2(006)-3547/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3547/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3547/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 30.600 manat, vurduğu ziyana görə 16.660 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 47.290 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 18.000 ABŞ dolları, vurduğu ziyana görə 5.400 ABŞ dolları olmaqla, cəmi 23.400 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh ondan 28.000 ABŞ dolları məbləğində borc pul götürmüş və həmin pulu 30.01.2016-cı il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin puldan bu günə kimi cəmi 17.000 manatı, yəni 10.000 ABŞ dollarını qaytarmışdır. Axırıncı dəfə isə 2020-ci ilin yanvar ayında həmin puldan bir hissəsini ona ödəmişdir. Ondan sonra dəfələrlə cavabdehə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini tələb etsə də, 18.000 ABŞ dolları borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə qərəzli şəkildə yayınmışdır. 18.000 ABŞ dollarının illik 5 %-i 900 ABŞ dolları edir. Artıq cavabdeh 6 ilə yaxındır ki, ona olan borcunu qaytarmadığını nəzərə aldıqda, 6 il üçün borc 5.400 ABŞ dolları məbləğində maddi ziyan edir. Bu səbəbdən, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilənin sonuncu icra tarixi 30 yanvar 2016-cı il tarixdə bitmişdir. İddiaçı isə 13.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı iddia müddətni ötürmüşdür. İddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2015-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı 30 yanvar 2016-cı il tarixədək qaytarmaq şərti ilə 28.000 ABŞ dolları borc almışdır. İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin borc məbləğinin bir hissəsini ödədiyini, sonuncu ödənişin 2020-c ilin yanvar ayında edildiyini, bundan sonra borcun qalan hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini bildirmişdir. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad edən halı – sonuncu ödənişin 2020-ci ilin yanvar ayında edilməsini təsdiq edən mötəbər sübutları (ödəniş qəbzi, sadə yazılı forma pulun alınıb-verilməsinə dair hər iki tərəfin imzaladığı qəbz və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya qeyd olunan sübutları məhkəməyə təqdim etməsi təklif olunsa da, iddiaçı tərəfin nümayəndəsi bu cür sübutu məhkəməyə təqdim etmək imkanına malik olmadıqlarını bildirmişdir. Bundan başqa, iddiaçı özü iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdeh tərəfindən öhdəliklərin 6 ildir icra edilmədiyini bildirmiş və həmin dövr (6 il) üçün hesabladığı maddi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. 3-cü bir tərəfdən, iddiaçı tərəf 2020-ci ilin yanvar ayında sonuncu ödəniş olduğunu bildirsə də, konkret olaraq məbləğ göstərməmişdir. Yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin yanvar ayında hər-hansı ödəniş olmamış və iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməli və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar