Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3567/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqının bank tərəfindən qanunsuz tutulmasına qadağa qoyulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqının bank tərəfindən qanunsuz tutulmasına qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının əmək haqqının qanunsuz tutulmasına son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ağdam rayonunda əraziləri minalardan təmizləmə agentliyində siravi xidmətçi kimi çalışır, aylıq əmək haqqı 750 manat təşkil edir. İddiaçı cavabdehdən götürdüyü pulları vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh iddiaçıya əlavə faiz və cərimələr yazmışdır. Buna baxmayaraq cavabdeh vəzifə səlahiyyətlərini aşaraq iddiaçının əmək haqqına girərək, iki qat tutulmalar edir. İddiaçının əmək haqqından cavabdeh 101 manat pul tutmaq əvəzinə əmək haqqının 50 faizini tulur. Heç bir məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pulunu saxlayır. Hal-hazırda kredit borcuu ödəyir. Ağdam rayon məcburi köçkünüdür, himayəsində 8 nəfər ailə üzvi var, ailə vəziyyəti çox çətindir. Ailədə yeganə qazanc gətirən adamdır. Əmək haqqı bu günkü sosial ehliyyacları ödəmir. Beləliklə cavabdeh iddiaçının ailə vəziyyətini nəzərə almalıdır, qeyd olunan 101 manat aylıq ödənişin ödənilməsinə təminat verməlidir. Evə yeganə qazanc gətirən iddiaçıdır, maaşı isə 750 manatdır, lakin maaşı bank tərəfindən iddiaçının vəziyyəti nəzərə alınmadan borc əvəzinə tutulur, əmək haqqımdan ona cüzi qalıq hissə verilir. Ailəsinin aylıq zərurətini təmin edən məbləğ bank tərəfindən fərq edilmədən əlindən alınır. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 10 iyul 2019-cu il tarixində, 05 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 5 (beş) il müddətinə (xx.xx.2024-cü il tarixədək) 4778.42 AZN məbləğində kreditdən istifadəyə görə illik 1 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzətdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən müqavilənin 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ var. İddiaçı, iddia ərizəsində qeyd etmişdir ki, müvafiq kredit üzrə ödənişləri vaxtlı-vaxtında edib və Bank 101 manat pul tutmaq əvəzinə onun əmək haqqının 50 faizini tutur. İddiaçının qeyd etdiyi bu fikirlər hamısı əsassızdır və bunu təsdiq edən hər-hansısa sübut yoxdur. Əksinə, hesabdan çıxarışlarda və maliyyə arayışında bəlli olur ki, iddiaçı, ödənişləri edərkən gecikmələrə yol vermişdir. Bank, bundan irəli gələrək, hər iki tərəfin iradə ifadəsini əks etdirən və hazırda qüvvədə olan 10 iyul 2019-cu il tarixli, 05 nömrəli kredit müqaviləsində təsbit edilmiş hüququndan istifadə edərək, müvafiq akseptsiz tutulmaları həyata keçirmişdir. İddiaçınən “101 manat pul tutululmalı olduğu” barədə fikrinə dair bunu qeyd etmək lazımdır ki, 10 iyul 2019-cu il tarixli, 05 nömrəli kredit müqaviləsinin 1 nömrəli əlavəsinə əsasən, əgər borclu, ödənişləri vaxtlı-vaxtında etsəydi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 101 manat (101.60 və 101.44) vəsait qrafik üzrə ödənilməli idi. Maliyyə arayışından və hesabdan çıxarışdan bəlli olduğu kimi isə, iddiaçı borcunu ödəməkdə gecikmələrə yol vermişdir və məhz buna görə də, qeyd edildiyi kimi, Bank, akseptsiz tutulma hüququndan istifadə etmişdir. İddiaçının gecikmələrinin olması, maliyyə arayışında göstərilməsindən başqa, həmçinin onun özü tərəfindən də etiraf edilmişdir. Belə ki, iddiaçı, xx.xx.2022-ci il tarixində Banka ərizə ilə müraciət etmiş, krediti ödəməyə çətinlik çəkdiyini bildirmişdir. Bu bir daha onu göstərir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib deyə, Bank müqavilədəki hüququndan istifadə edərək müvafiq akseptsiz tutulmaları həyata keçirib. Beləliklə, qeyd edilən əsaslandırmalara əsasən hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Bank tərəfindən onun heç bir subyektiv hüququ pozulmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli 05 saylı Kredit müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya 5 (beş) il müddətinə (xx.xx.2024-cü il tarixədək) 4778.42 manat məbləğində kreditdən istifadəyə görə illik 1 % ödəmək şərtilə kredit verməyi, cavabdeh isə müqavilədə nəzətdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla, iddia ərizəsində göstərdiyi halları (əmək haqqından pulun qanunsuz silinməsi) iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan başqa, iddiaçı cavabdehlə bağladığı xx.xx.2019-cu il tarixli 05 saylı Kredit müqaviləsinin 4.1.1-ci yarımbəndinin tələbinə görə cavabdehin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququnun olmasını müqavilə şərti kimi razılaşdırmışdır. Başqa sözlə iddiaçı müqavilə şərtinə görə əmək haqqından akseptsiz qaydada silinmələrin olacağını əvvəlcədən bilirdi. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3567/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3567/2022
20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver