Məhkəmə qərarları › İş №2(006)-358/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-358/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-358/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsveçrə cinsli, diri çəkisi 350-400 kq, bir həftəyə doğmalı olan 1 baş boğaz inək – qiyməti 3.500 manat, 1 ədəd “Buryusa” markalı soyuducunun motoru – qiyməti 150 manat, 1 ədəd “LG” markalı 84 ekranlı televizorun ekranı – qiyməti 200 manat, 1 ədəd su qızdırıcısı 100 litrlik “Ariston” – qiyməti 280 manat, 2 ədəd telefon dolduran aparat – hər biri 10 manat olmaqla, cəmi 20 manat, 3 ədəd elektrik avtomatı – hər biri 30 manat olmaqla, cəmi 90 manat, simsiz internet modem, adapter, naqilçəkmə xərci – cəmi 290 manat, 10 ədəd xüsusi elektrik lampaları – cəmi 10 manat, 1 metri 1,5 manat olmaqla 80 metr elektrik naqili – qiyməti 120 manat, tövlənin dam örtüyünün məhv olmuş 35 ədəd şiferi – hər biri 8 manat olmaqla, cəmi 280 manat, ustaya verilən əmək haqqı – 150 manat, elektrik sayğacına ödənilən 80 manat olmaqla, iddiaçının əmlakına vurduğu maddi ziyana görə cəmi 4.925 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saat 5 radələrində 10.000 kv. elektrik xətti qırılıb iddiaçının evinin işıqlandırılması üçün gedən işıq xəttinin üstünə düşmüş və nəticədə güclü qəza baş vermiş, iddiaçının evində olan bütün elektrik avadanlıqları yanıb sıradan çıxmış, həmçinin, 1 baş boğaz inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə və cavabdehin X3 Şəbəkəsinə müraciət etsə də, heç bir nəticəsi olmamış, onun müraciətinə cavab belə verilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vurulmuş maddi ziyan nəticəsində iddiaçı aşağıdakı əmlaklarından məhrum olunmuşdur: İsveçrə cinsli, diri çəkisi 350-400 kq, bir həftəyə doğmalı olan 1 baş boğaz inək – qiyməti 3.500 manat, 1 ədəd “Buryusa” markalı soyuducunun motoru – qiyməti 150 manat, 1 ədəd “LG” markalı 84 ekranlı televizorun ekranı – qiyməti 200 manat, 1 ədəd su qızdırıcısı 100 litrlik “Ariston” – qiyməti 280 manat, 2 ədəd telefon dolduran aparat – hər biri 10 manat olmaqla, cəmi 20 manat, 3 ədəd elektrik avtomatı – hər biri 30 manat olmaqla, cəmi 90 manat, simsiz internet modem, adapter, naqilçəkmə xərci – cəmi 290 manat, 10 ədəd xüsusi elektrik lampaları – cəmi 10 manat, 1 metri 1,5 manat olmaqla 80 metr elektrik naqili – qiyməti 120 manat, tövlənin dam örtüyünün məhv olmuş 35 ədəd şiferi – hər biri 8 manat olmaqla, cəmi 280 manat, ustaya verilən əmək haqqı – 150 manat, elektrik sayğacına ödənilən 80 manat. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmlakına cəmi 4.925 manat miqdarında ziyan vurulmuşdur. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Hacılar kənd icra nümayəndəsi, kənd bələdiyyəsi, özəl fərdi baytar həkimi X6, 3 nəfər Hacılar kənd sakini və iddiaçının iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə gecə saat təxminən 5 radələrində 10 min kv. elektrik xətti qırılması nəticəsində Hacılar kənd sakinləri İddiaçı və Tağıyev Əlvanın yaşayış evlərinin işıqlandırılması üçün gedən işıq xəttinin üstünə düşmüşdür və nəticədə İddiaçı məxsus elektrik avadanlıqları yanaraq sıradan çıxmış və 1 baş inəyi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

7. Fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 1 baş heyvanı elektrik vurması nəticəsində tələf olmuşdur. Heyvana baxış keçirmiş, həqiqətən, onu elektrik cərəyanı vurmuşdur və heyvan aparılıb basdırılmışdır.

8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

9. Ağcabədi Rayon İcra Hakimiyyəti Hacılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 07 nömrəli məktubundan görünür ki, İddiaçı evinə gedən elektrik xəttinə xx.xx.2024-cü il tarixdə 10 kv. elektrik xəttinin qırılıb düşməsi ilə bağlı öz ərizəsi ilə müraciət etmişdir. Nümayəndəlik həmin gün hadisə yerinə baxış keçirmiş, yerindəcə "xxxx" ASCnin Ağcabədi rayon Elektrik Şəbəkəsinə məlumat vermişlər. Hadisə yerində 1 baş inəyin öldüyünü və evində elektrik avadanlıqlarının istifadəyə yararsız olduğunu görmüşlər. Nümayəndəlik, kənd bələdiyyəsi və bir qrup kənd sakinlərinin iştirakı ilə həmin tarixdə aktı tərtib etmiş, öz imzaları ilə təsdiq etmişlər. Məktuba iddiaçının izahatı, ərizəsi və sözügedən akt əlavə edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8217 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış zamanı Ağcabədi rayonu, Hacılar kəndində İddiaçı məxsus olan evə çəkilmiş elektrik xəttinin üzərindən 10 kV-luq hava elektrik xətlərinin keçməsi müəyyən olundu. Hava elektrik xətlərinin texniki pasportları təqdim olunmadığı üçün sualın digər hissəsində göstərilən məsələlərin həlli mümkün olmadı. Qəzaların qeydiyyat jurnalına əsasən hava xəttində qəza halının yaranmasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində məişət avadanlıqları və onların istismarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmədiyi (bu növ tədqiqatların aparılması üçün ixtisas dərəcəsi olan ekspert yoxdur) və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığından qərardadın 3-cü sualının birinci hissəsi üzrə tədqiqat aparılaraq nəticə verilməsi mümkün deyil. Həmin məsələ araşdırmalarla məhkəmə tərəfindən həlll edilə bilər. Məhkəmə tərəfindən hadisənin konkret baş vermə səbəb və şəraiti müəyyən edildikdən sonra, qərardadın 4-cü sualı üzrə tədqiqat aparılaraq nəticə verilə bilər.

11. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

12. İddiaçının müraciəti əsasında “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iri buynuzlu mal-qara, İsveçrə cinsli, diri çəkisi 350-400 kq, 1 baş inəyin qiyməti 3.200 manat, 1 ədəd “Buryusa” markalı soyuducunun motorunun qiyməti 150 manat, 1 ədəd “LG” markalı 84 ekranlı televizorun ekranının qiyməti 200 manat, 1 ədəd su qızdırıcısı 100 litrlik “Ariston”un qiyməti 280 manat, 2 ədəd telefon dolduran aparatın hər biri 10 manat olmaqla, cəmi 20 manat, 3 ədəd elektrik avtomatının hər biri 30 manat olmaqla, cəmi 90 manat, simsiz internet modem, adapter, naqilçəkmə 1 dəstinin qiyməti 290 manat, 10 ədəd elektrik lampalarının hər biri 1 manat olmaqla, cəmi 10 manat, 1 metri 1,5 manat olan 80 metr elektrik naqilinin qiyməti 120 manat, dam örtüyünün 35 ədəd şiferinin hər biri 8 manat olmaqla, cəmi 280 manat – ümumilikdə dəymiş ziyan 4.640 manat təşkil edir.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, təqdim edilən şəkil və videodan məlum olur ki, ölmüş heyvan şvis cinsinə mənsubdur. Aparılan şifahi sorğulara əsasən bu cinsdən olan inəklərin bazar qiyməti hal-hazırda 2.500-3.000 manat təşkil edir. İnəyin ölüm səbəbinin şəkil və ya video əsasında təyin edilməsi mümkün deyildir.

14. İş materiallarına, həmçinin, baytarın tibbi təhsilini təsdiq edən diplom, xx.xx.2024-cü il tarixli başqa akt, qəzaların qeydiyyat jurnalından çıxarış, maddi ziyanın ödənilməsinə göstəriş verilməsi üçün iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizə, iddiaçının yaşayış yeri barədə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 144 nömrəli arayış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin iddiaçıya məxsus həyətyanı sahədə baş vermiş yanğın hadisəsi ilə əlaqədar məlumat daxil olmaması və material üzrə araşdırma aparılmaması barədə xx.xx.2024-cü il tarixli məktubu, Ağcabədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktubları, Ağcabədi rayon prokurorluğunun araşdırma aparılmaması ilə bağlı xx.xx.2024-cü il tarixli məktubu, foto və videoların olduğu 1 ədəd disk, fotoşəkillər də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Hacılar kəndində cavabdeh "xxxx" ASC-yə məxsus olan 10.000 kV-luq elektrik xəttinin İddiaçı məxsus yaşayış evinin üzərindən keçən xəttin üzərinə düşməsi nəticəsində ümumi dəyəri 2.500-3.000 manat təşkil edən şvis cinsli inəyi elektrik cərəyanı vurmuş və heyvan tələf olmuşdur.

16. Heyvana baxış keçirən baytar (tibbi təhsilinin olmasını təsdiq edən diplom iş materiallarına əlavə edilmişdir) tərəfindən onun elektrik cərəyanı vurması səbəbindən ölməsi faktı müəyyən edilmiş və bu barədə kənd nümayəndəliyi, bələdiyyə, baytar və kənd sakinləri tərəfindən akt tərtib edilmişdir.

17. Hazırda iddiaçı ona məxsus inəyin ölməsi və elektriklə işləyən bir sıra avadanlıqların, tikinti materiallarının yanaraq sıradan çıxması səbəbindən dəymiş maddi ziyana görə cavabdehin məsuliyyət daşıdığını bildirərək, cəmi 4.925 manat pulun cavabdehdən tutulmasını; cavabdeh isə bu işdə təqsirinin sübuta yetirilməməsini, heyvanın yarma protokolunun və utilizasiya aktının olmadığını mübahisələndirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

18. İddiaçı tələf olmuş heyvanın əvəzinə 3.500 manat tələb etsə də, onun özü tərəfindən məhkəməyə təqdim edilmiş “X5” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində heyvanın dəyərinin 3.200 manat olması qeyd edilmiş, məhkəmə araşdırmaları zamanı inəyin qiymətini obyektiv müəyyən etmək məqsədilə bu məsələyə dair məhkəmə sorğusu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov tərəfindən tərtib edilmiş mütəxəssis rəyində ölmüş heyvanın şvis cinsinə mənsub olması, aparılan şifahi sorğulara əsasən bu cinsdən olan inəklərin bazar qiymətinin hal-hazırda 2.500-3.000 manat təşkil etməsi göstərilmişdir.

19. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində elektrik avadanlıqlarının və tikinti materiallarının qiyməti yazılsa da, həmin avadanlıqların sıradan çıxmasının və tikinti materiallarının yanaraq məhv olmasının məhz bu hadisənin nəticəsi olması, bunlar arasında səbəbli əlaqənin olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı yanğının kiçikhəcmli olması səbəbindən özlərinin söndürdüyünü, buna görə də Fövqəladə Hallar Nazirliyinə müraciət etmədiyini bildirmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəzaların qeydiyyat jurnalından çıxarışdan isə həmin tarixdə belə bir qəzanın olması qeydə alınmaması müəyyən edilmişdir. İnəyin ölüm səbəbinin məhz onu elektrik cərəyanı vurmaq olması hadisədən dərhal sonra tibbi təhsilə malik olan baytar – xüsusi biliyə malik mütəxəssis tərəfindən müəyyən edilmiş, lakin avadanlıqların sıradan çıxmasının, şifer və naqillərin yanmasının səbəbləri iddiaçının səhlənkarlığına görə vaxtında müəyyən edilməmiş, o, hadisə barədə müvafiq orqanlara, o cümlədən cavabdehə dərhal məlumat verməmiş, habelə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində bu məsələyə cavab alına bilməmişdir. Bir sözlə, sübutetmə yükünü daşıyan iddiaçı hadisələr arasında səbəbli əlaqənin olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sübutetmə ilə bağlı bu vəzifəsini yerinə yetirməmişdir.

c) Məhkəmənin mövqeyi:

20. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

21. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

23. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

24. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

25. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir.

26. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

27. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

28. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülkihüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

29. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

30. Məhkəmə hesab edir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan elektrik enerjisi xəttinin səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.

31. İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb qismən təmin edilməlidir.

32. Belə ki, cavabdehin sahibliyində olan yüksək təhlükə mənbəyinin iddiaçıya ziyan vurması iş materialları (xüsusi biliyə malik olan baytar tərəfindən tərtib edilmiş akt, həmçinin, digər aktlar, arayışlar və s.) ilə öz təsdiqini tapsa da, cavabdeh iddia tələbinə etirazının əsaslarını təşkil edən dəlilləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş və onun etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə əlaqədar hesab edir ki, iddiaçıdan inəyin yarma protokolu, utilizasiya aktının və s. bu kimi digər sənədlərin tələb edilməsi və məhz həmin sənədlərin olmamasına görə iddianın rədd edilməsi ədalətli nəticə sayılmamalıdır. Çünki belə bir hadisə zamanı baytarın sənədləşməni düzgün yerinə yetirməməsi iddiaçının inəyinin ölümünün elektrik cərəyanı vurması hadisəsinin nəticəsi olması halını dəyişdirmir. Sənədləşmənin qaydasını bilməli və bunu düzgün təşkil etməli olan şəxs baytardır, kənd təsərrüfatı ilə məşğul olan hazırkı iş üzrə iddiaçı yalnız inəyinin ölümü ilə bağlı baytar dəvət edib ondan səbəbini öyrənmək istəmiş və baytar da ona səbəbinin elektrik cərəyanı olması ilə bağlı akt tərtib edib vermişdir. Bu halda, iddiaçı bilə bilməzdi ki, baytar tərəfindən ona yarma protokolu və utilizasiya aktı da tərtib edilib verilməli idi. Məhz bunu bilməyə borclu olmayan və bilməyən zərərçəkmiş iddiaçının iddiasının bu səbəbdən təmin edilməməsi məhkəmənin qənaətinə görə məsələyə formal yanaşma və iddiaçının pozulmuş hüququnun müəyyən edilməsi, lakin bərpa edilməməsi ilə nəticələnəcəkdir. Buna görə də məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir.

33. İddiaçının inəyin ölümü ilə bağlı dəymiş ziyanın məbləğinə dair təqdim etdiyi sübutu – müraciət əsasında özəl qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş mütəxəssis rəyini məhkəmənin sorğusuna cavab olaraq bu sahədə dövlət siyasətini və tənzimləməni həyata keçirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müqayisəli şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında mütəxəssis rəyini tərtib edən şirkətin bu fəaliyyəti həyata keçirmə ilə bağlı şəhadətnaməsi, rəy verən mütəxəssisin səlahiyyətli olmasına dair heç bir sənəd təqdim edilmədiyindən, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bitərəf olması və işdə (işin nəticəsində) heç bir marağının olmaması mübahisəsiz olduğundan, məhz Nazirlik tərəfindən təqdim edilmiş mütəxəssis rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Həmin rəy əsasında isə iddiaçıya məxsus heyvanın ölümü nəticəsində iddiaçıya dəymiş maddi ziyanın ümumi məbləğinin 2.750 manat (həmin heyvanın 2.500-3.000 manat məbləğində qiymətləndirilməsi nəzərə alındıqda, orta hesabla) təşkil etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. İddianın təmin edilməyən hissəsi (elektrik avadanlıqları, şifer, naqil və s.) ilə əlaqədar isə qeyd edilməlidir ki, təqdim edilmiş foto və videogörüntülərdən tələbdə göstərilən digər avadanlıqların sıradan çıxması müəyyən edilsə də, bunun məhz həmin gün baş vermiş hadisənin nəticəsi olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz iddiasının və etirazlarının əsasları kimi istinad etdiyi fakt və halları sübut etmə vəzifəsi daşıdığından, bu faktı sübut etmək vəzifəsi iddiaçının üzərində olmuş, iddiaçı isə bununla bağlı yalnız foto və videogörüntüləri məhkəməyə təqdim etmişdir.

35. İddia tələbinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məsələ ilə bağlı ekspertiza təyin edilsə də, təqdim edilmiş ekspert rəyində tələbin bu hissəsini əsaslı hesab etmək üçün heç bir hal müəyyən edilməmişdir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, tələbin digər hissəsi ilə bağlı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yeganə sübut foto və videogörüntülər olmuşdur, hansı ki, həmin görüntülər bütün digər sübutlarla yanaşı qiymətləndirildikdə iddianın təmin edilməsinə əsas verən sübut sayıla bilməz. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, elektrik avadanlıqları və tikinti materiallarının məhv olması ilə bağlı iddiaçıya dəymiş zərərlə onun hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, tələbin bu hissəsi ilə bağlı işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı məlum olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb qalan hissədə əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”: 1.2.1-ci bənd. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

42. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 56 (əlli altı) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, qalan 44 (qırx dörd) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi cavabdeh "xxxx" ASCdən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 56 (əlli altı) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, qalan 44 (qırx dörd) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar