Məhkəmə qərarları › İş №2(006)-3591/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3591/2022

25.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3591/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 10.000 manat pul aldı ki, Bakı şəhərində torpaq alaraq yarı hissəsi iddiaçıya, yarı hissəsi ona ev tiksinlər. Belə ki, 3 sot torpaq alınmalıydı, sot yarımı iddiaçıya sot yarımı da cavabdehə qalmalı idi. Cavabdeh torpağı aldı və iddiaçının xəbəri olmadan satıb. İddiaçının 10.000 manatını isə vermədi. Bu barədə Bərdə RPŞ-nə ərizə verdi. Ərizə mülki məsələ kimi xarakterizə edildi. İddiaçı dəfələrlə pulunu istəmiş, lakin cavabdeh verməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 10.000 manat pulun və 120 manat da dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, xəstə olduğuna görə məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, lakin xəstəliyi ilə bağlı hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə iddiaçı onun doğma xalasıdır. Onlar 2016-cı ildə torpaq alıb ev tikmək məqsədilə öz aralarında razılaşdılar və xalası ona buna görə 10000 manat borc pul verdi. Onun öz evi var, məqsədi bu evi tikərək xalasına vermək idi. O, razılaşdıqları kimi ikimərtəbəli ev tikdi, lakin xalası bu evdə qalmaq istəmədi və ev alaraq öz rayonuna - Bərdəyə geri qayıtdı. O, iddiaçının evin tikintisi üçün verdiyi pulla ev tikdiyi halda, ondan 10000 manatı geri istədi. O, da maşınını sataraq pulu qardaşı vasitəsilə xalasına göndərdi. Hazırda isə iddiaçı ondan bu pulun faizini istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasıdır. Cavabdeh isə xalası oğludur. O, sözügedən pulu xalası Gülşənə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Qardaşı 2021-ci ildə ona məxsus “Hundai Santafe” markalı avtomobilini sataraq xalası Gülşənə 10.000 manat pulu qaytarmışdır. Həmin pulu xalası oğlu Rabil vasitəsilə göndərmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, təxminən 2015-ci ilin ortalarında xalası İddiaçı Bakı şəhərində ona torpaq alıb ev tikməsi üçün 10.000 manat pul vermişdir. 2016-cı ilin əvvəllərində Binəqədi rayonu, Baksol yaşayış massivində, 0,02 ha torpaq sahəsi tapıb xalasının verdiyi 10.000 manat pulu üzərinə özündən 2000 manat pul əlavə edərək həmin torpaq sahəsini satın almışdır. 2017-ci ildə xalası üçün satın aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməyə başlamış və tikintisini başa çatdırmışdır. Xalası Gülşənin ona verdiyi 10.000 manat pulun üstünə də, öz şəxsi büdcəsindən 13.000 manat pul əlavə edərək evin inşasının bitirməsi ilə bağlı, xalası Gülşənə məlumat vermiş, evin təhvil almasını istəmişdir. Gülşən isə Bakı şəhərində yaşamaq istəmədiyini bildirərək, verdiyi 10 000 manatı geri qaytarmasını istəmişdir. Bundan sonra, 2021 -ci ilin əvvəllərində özünə məxsus “Hundai Santafe” markalı avtomobilini sataraq Gülşənin 10.000 manatını qardaşı X2 vermiş, o da Bərdə rayonunda yaşayan xalası Gülşənə həmin pulu göndərmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, məhkəmə iclasında Cavabdeh iddiaçının ona torpaq sahəsinin alınması və üzərində evin tikilməsi məqsədilə 10.000 manat pulun verildiyini etiraf etmiş, həmin pulun üzərinə özünün şəxsi pul vəsaitinin də əlavə edilərək torpaq sahəsini aldığını və fərdi yaşayış evini tikdirdiyini sonradan xalası olan iddiaçı həmin evdə yaşamaq istəmədiyini bildirərək, verdiyi pulun ona geri qaytarılmasını istəmiş, cavabdeh isə özünə məxsus olan avtomobili sataraq iddiaçının ona verdiyi 10.000 manat pulunu ona geri qaytarmışdır. Qeyd olunan halları iş üzrə dindirilmiş şahidlər də təsdiq etmişdilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar