Məhkəmə qərarları › İş №2(006)-3592/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3592/2022

08.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3592/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızının, cavabdeh X3 iştirakı ilə iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızının cavabdeh X4 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimenlin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5319/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə rəsmi qaydada ayrılmışdır. Həmin qətnamə ilə onların birgə nikahdan olan xx.xx.2019-cu il tarixində doğulmuş oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay gəlirin (başqa gəlirlərin) və əlavə olaraq 75 manat ayda aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət cdilmişdir. Hal-X2nun 3 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq bağçada təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilərək, 2022-ci ildən hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğısını və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 175 manat ödəyə biləcəyini bildirmiş və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 336851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X7 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 5656 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X7 arasında 27 oktyabr 2017-ci il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3031 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, xx.xx.2019-cu təvəllüdlü X3 iddiaçı X7 ilə qalması, xx.xx.2019-cu təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh X5 xeyrinə hər qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment və əlavə olaraq 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də Yasamal mağazasında “İnzibatçı müavini” vəzifəsində 400 manat əmək haqqı ilə işləyir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızı ilə cavabdeh X3 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı 27 oktyabr 2017-ci il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 3031 saylı akt qeydi ilə bağlanılmış nikah pozulduqdan sonra xx.xx.2019-cu təvəllüdlü X3 iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq 75 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. X2 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi vəziyyətlərində hər hansı dəyişiklik baş verməmişdir. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Belə olan halda, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən məbləğdə artırılmasına cavabdeh tərəfin etirazı olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızının xeyrinə ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Talıbova (Məmmədova) Nigar Əli qızına ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5319/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Talıbova (Məmmədova) Nigar Əli qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Talıbova (Məmmədova) Nigar Əli qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar