Məhkəmə qərarları › İş №2(006)-360/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-360/2023

11.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-360/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh İddiaçı ilə xx.xx.2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, birgə nikahdan iki övladları vardır. Uşağın biri hal-hazırda atası ilə ünvan 1 ünvanında yaşayır. Balaca övladı isə iddiaçı ilə yaşayır. Cavabdehlə xx.xx.2015-ci il tarixdə rəsmi nikahları pozulduqdan sonra cavabdeh onu yaşadıqları ünvandan qovmuşdur. Müəyyən müddətdir ki, atası ilə birlikdəBakı şəhərində kirayədə yaşasa da, maddi cəhətdən vəziyyəti çox ağırdır. Aliment almır. Cavabdehlə onun razılığı əsasında 2006-cı ildən etibarən mənzilə köçmüş və birgə yaşamaqla təsərrüfat aparmışdır. Hesab edir ki, uşaqlarının saxlanılması və tərbiyəsində iştirak etmək məqsədi ilə Bakı şəhəri, Sübhi Salayev küçəsi, 35 saylı evə köçürülməli və uşaqlar üçün müəyyən köməklik göstərilməlidir. Göstərilənlərə əsasən iddiaçının mübahisəli Bakı şəhəri, Sübhi Salayev küçəsi, 35 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, mübahisəli ev qaynanasının mülkiyyətində idi. Qaynanasının kommunal borcları olduğu üçün mübahisəli evə qeydiyyata düşmək mümkün olmamışdır, çünki ilk öncə həmin borcların ödənilməsi tələb olunurdu. Məhkəmə sorğusuna əsasən mübahisəli evin çıxarışın olmadığı ilə bağlı onun məlumatı olmamışdır. O, həmin evdə həyat yoldaşı ilə birlikdə yaşamışdır. O, cavabdehlə ailə qurduğu vaxt həyat yoldaşı və qaynanasının razılığı ilə istəyi ilə həmin evə köçürmüşdür. Onunla qaynanası arasında heç bir müqavilə bağlanmamışdır. Mübahisəli evdə yaşadıqları müddət ərzində evi təmir etdirməmişlər. Hazırda mübahisəli evdə cavabdeh və onunla birgə nikahlarından doğulmuş övladı yaşayır. O, özü hal-hazırda Nərimanov rayonunda kirayədə yaşayır. Qohum evində kirayə qaldığından o, müqavilə bağlamamışdır. O, ailə qurduğu vaxta qədər Lənkəranda atanın evində yaşayırdı, lakin hal-hazırda həmin evdə qardaşı ailəsi ilə birlikdə yaşayır, həmçinin onun bir övladı hazırda atası ilə birlikdə Bakı şəhərində yaşadığından, onun Lənkəranda qalması onunla ünsiyyətinə maneə yaratdığı üçün orada qalması mümkün deyil. O, hazırda işləyir və aylıq əmək haqqı 500 mant təşkil edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin notarial qaydadja təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur.

8. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-2137/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bayramova (Babazadə) Vəfa Saleh qızı ilə Cavabdeh arasında Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2006-cı il tarixli 665 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X1 Cavabdeh yanında, xx.xx.2010cu il təvəllüdlü X2 iddiaçı Bayramova (Babazadə) Vəfa Saleh qızının yanında qalmaları müəyyən edilmişdirö

9. İş materiallarında olan Bakı 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/4- 01930 saylı, xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi yaşayış sahəsinə köçürülmə tələbi üzrə xx.xx.2022-ci il tarixdə, saat 11.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlanılmış, toydan sonra iddiaçı Bakı şəhəri, Sübhi Salayev küçəsi, 35 saylı evə gəlin kimi köçüb orada yaşamağa başlamışdır. Tərəflərin birgə nikahdan iki uşağı anadan olmuşdur.Tərəflər arasında olan nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X3 atasının yanında, xx.xx.2010-cu il təvəllüdlü X4 isə anasının yanında qalması müəyyən edilmişdir. Nikahın pozulduqdan sonra cavabdeh iddiaçını mübahisəli evdən qovmuşdur. Hazırda iddiaçı mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Sübhi Salayev küçəsi, 35 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və öz hüquqi statusuna görə özbaşına tikili hesab edilir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

14. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının keçmiş qaynanasına məxsusdur (sahiblik olaraq), iş üzrə digər cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır və işin bu halı mübahisəsizdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən işin bu faktiki halları nəzərə alınmalıdır.

15. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

16. AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

17. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyini, hazırki mübahisənin ev köçürülmə ilə bağlı olduğunu və mübahisəli hüquq münasibətlərinin 2006-cı ildə yarandığını nəzərə alaraq hesab edir ki, bu mübahisəyə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

19. Mübahisəli ev özbaşına tikili olsa da, mülki dövriyyədə yol verilməyən əşyalar kateqoriyasına aid olmadığı üçün, iddiaçının həmin evdən istifadə ilə bağlı pozulmuş hesab etdiyi hüquqların müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ var.

20. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli ev dövlət reyestrindən qeydiyyatdan keçmiş olsaydı iddiaçının həmin mənzilə istifadə hüququnun olubolmamasına hüquqi qiymət verilməsini vacib hesab edir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxslərin aşağıdakı hüquqları mövcuddur: 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

22. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən isə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

27. Göstərilən Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

29. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

30. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

31. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

32. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur.

34. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

35. Mübahisəli ev isə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün, iddiaçının mübahisəli evə istifadə hüquqlarının müəyyən edilməsi yolverilməzdir. Yəni iddiaçının mübahisəli evə istifadə hüquqlarının yaranması üçün həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, eyni zamanda evin mülkiyyətçisi ilə iddiaçı arasında notariat qaydada müqavilənin bağlanması tələb olunur.

36. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nikaha girərkən gəlin köçdüyü mənzil cavabdehin mülkiyyətində olmamış, onların birgə təsərrüfatı hesabına nə formalaşmamış, nə dəki əsaslı təmir edilməmişdir. Bu halın özü isə ona dəlalət edir ki, iddiaçının qeyd olunan əmlakla bağlı hazırda heç bir hüququ mövcud olmadığı kimi, gözlənti hüquqları da mövcud olmamışdır.

37. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

46. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar