Məhkəmə qərarları › İş №2(006)-3600/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3600/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3600/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı "kedit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx” ASC Cavabdeh qarşı "kedit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29.12.2019-cu il tarixli KK- 052 saylı kredit müqaviləsi üzrə 53923,57 (əlli üç min doqquz yüz iyirmi üç manat əlli yeddi qəpik) manat əsas, 4253,22 (dörd min iki yüz əlli üç manat iyirmi iki qəpik) manat faiz, cəmi 58176,79 (əlli səkkiz min yüz yetmiş altı üç manat, yetmiş doqquz qəpik) manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) qəpik bank xidmət haqqının tutularaq iddiaçı «xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 14% dərəcəsi ilə hesablanmaqla 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit borcunun və hesablanmış faizləri vödəməkdən boyun qaçırmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etməmiş, nəticədə 12.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsi üzrə banka 53923,57 manat əsas, 4253,22 manat faiz, cəmi 58176,79 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, ərizə təqdim edərək onun «xxxx” ASC-yə 53923,57 manat əsas, 4253,22 manat faiz borcunun olmasını qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 14% dərəcəsi ilə hesablanmaqla 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsi üzrə «xxxx” ASC-yə 11.03.2021-ci il tarixinə 53923,57 (əlli üç min doqquz yüz iyirmi üç manat əlli yeddi qəpik) manat əsas, 4253,22 (dörd min iki yüz əlli üç manat iyirmi iki qəpik) manat faiz, cəmi 58176,79 (əlli səkkiz min yüz yetmiş altı üç manat, yetmiş doqquz qəpik) manat kredit borcu vardır. Mülki işin materiallarında olan bildirişdən görünür ki, borclu 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası edilməməsi səbəbindən «xxxx” ASC tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırki iş üzrə iddiaçı «xxxx” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Məhkəmə baxışı ilə məlum olmuşdur ki, tərəflər arasında bağlanmış 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsinə əsasən «xxxx” ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 14% dərəcəsi ilə hesablanmaqla 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir.Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, 55000 (əlli beş min) manat məbləğində krediti Cavabdeh istifadəsinə vermiş və tərəflər arasında borcun qaytarılması ödəniş qrafiki üzrə razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh borcu qrafik üzrə qaytarmamış, kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir. Cavabdeh ərizə təqdim edərək banka tələb edilən kredit borcunun olmasını etiraf etmişdir. Qeyd edilənlər işdə olan, 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsi, ödəniş cədvəlləri, hesabdan çıxarış, maliyyə arayışı, cavabdehin etirafedici ərizəsi və digər sənədlərlə təsdiqlənir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı cavabdehə qarşı əsas və faiz borcunun tam tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29.12.2019-cu il tarixli KK-052 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün 53923,57 (əlli üç min doqquz yüz iyirmi üç manat əlli yeddi qəpik) manat əsas, 4253,22 (dörd min iki yüz əlli üç manat iyirmi iki qəpik) manat faiz, cəmi 58176,79 (əlli səkkiz min yüz yetmiş altı üç manat, yetmiş doqquz qəpik) manat «xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) qəpik bank xidmət haqqı iddiaçı «xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli KK-052 №-li kredit müqaviləsi üzrə 53923,57 (əlli üç min doqquz yüz iyirmi üç manat əlli yeddi qəpik) manat əsas, 4253,22 (dörd min iki yüz əlli üç manat iyirmi iki qəpik) manat faiz, cəmi 58176,79 (əlli səkkiz min yüz yetmiş altı üç manat, yetmiş doqquz qəpik) manat kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) qəpik bank xidmət haqqının tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar