Məhkəmə qərarları › İş №2(006)-3606/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3606/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3606/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4826 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 4000 (dörd min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 122,80 manat əsas, 234,25 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 21,76 manat faiz məbləği olmaqla, cəmi 378,81 manat məbləğində borcu mövcuddur. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 122,80 AZN məbləğində əsas, 234,25 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 21,76 manat faiz məbləği olmaqla, cəmi 378,81 (üç yüz yetmiş səkkiz manat, səksən bir qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin qeydiyyatda olduqları ünvanlara göndərilmiş bildirişlər ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 4826 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana illik 24 faizlə 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxx 2014-cü il tarixli İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 4826 saylı kredit müqaviləsinə əsasən 4000 (dörd min) manat məbləğində 24 ay müddətinə verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Həmçinin, işin materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə banka 122,80 manat məbləğində əsas borc, 234,25 manat məbləğində cərimə borcu, 21,76 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 378,81 manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, bank cavabdehləri üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün xəbərdarlıq etmiş və öhdəliyin icrasını təmin etməyəcəkləri halda məhkəməyə müraciət edəcəyi haqqında məlumat vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli,4826 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 4000 (dörd min) manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə cavabdehin banka 122,80 manat məbləğində əsas borc, 234,25 manat məbləğində cərimə borcu, 21,76 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 376,81 məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təminatı kimi xx xxx 2014-cü il tarixdə kreditorla zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilməli, digər Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. İddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin “21,76 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, kreditor, borc müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin Cavabdeh2 münasibətdə hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Belə olan halda, sözügedən müqavilədə zaminliyin verilmə müddəti dəqiq şəkildə göstərilmədiyindən məhkəmə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir.Belə ki, iddiaçı ilə əsas borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı müəyyən edilə biləndir (kredit 24 ay müddətinə verilmişdir). Belə olan halda əsas öhdəliyin icra vaxtını xx xxx 2016-cı il tarixdən götürdükdə İddiaçı1 ASC zamin Cavabdeh2 qarşı bir il ərzində - xx xxx 2017-ci il tarixədək iddia irəli sürməli idi. Lakin həmin dövrdə zamin Cavabdeh2 qarşı iddia qaldırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, kreditor İddiaçı1 ASC zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zamin Cavabdeh2 qarşı iddia irəli sürmədiyi üçün Cavabdeh2 zaminliyinə xx xxx 2017-ci il tarixdə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx xxx 2014-cü il tarixli, 4826 saylı kredit müqaviləsi üzrə 122,80 (bir üz iyirmi iki manat, səksən qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu, 21,76 (iyirmi bir manat, yetmiş altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 199,56 (bir yüz doxsan doqquz manat, əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx xxx 2014-cü il tarixli, 4826 saylı kredit müqaviləsi üzrə 122,80 (bir üz iyirmi iki manat, səksən qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu, 21,76 (iyirmi bir manat, yetmiş altı qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 199,56 (bir yüz doxsan doqquz manat, əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar