Məhkəmə qərarları › İş №2(006)-3618/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3618/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3618/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ("xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kompensasiya məbləğinin borca yönəldilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (“xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kompensasiya məbləğinin borca yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Bank ASC-yə yaranmış borcuna dair hesablanmış 3645,62 manat kompensasiya məbləğinin borcuna yönəldilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Bank ASC ilə o - İddiaçı arasında bağlanılmış 08 iyul 2014-cü il tarixli, **********61914 saylı kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə, illik 20% hesablanmaqla 6300 (altı min üç yüz) dollar məbləğində kredit verilmişdir. **********61914 saylı kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasım təmin etmək məqsədilə Bank və X3 arasında 08 iyul 2014-cü il tarixli, **********61914/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Mənim Banka yazılı müraciəti əsasında 08 avqust 2017-ci il tarixində kreditləşmə müddəti 38 ay artırılaraq 74 ayadək uzadılması, faiz dərəcəsinin isə 20%-dən 18%-ə endirilməsi barədə Bank tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il tarixli ********** nömrəli Qərarı ilə "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devolvasiya nəticəsində manatla arrtmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydası təsdiq edilmişdir. Kredit borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyündən və kredit borcu Qaydanın 6.1ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən Palatada araşdırılmışdır. Nəticədə ona 3645,62 manat kompensasiya məbləği hesablanmış və həmin məbləğin 3583,92 manat hissəsi onun qalıq borcuna yönəldilmişdir. Lakin, həmin yönəldilməli olan məbləğ borcundan silinməmiş və “xxxx” Bank ASC-yə olan borcu bağlanmamışdır. Deməli əsassız varlanma halında tərəflər arasında hər hansı bir müqavilənin olması istisna təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” ASC-nin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kompensasiya məbləğinin borca yönəldilməsi" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. “Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir. Həmin Qanunun 15-ci maddəsinin tələblərinə görə Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə yardım edir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Bunun üçün də ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh qismində işə cəlb edilmiş Mərkəzi Bankın, dövlət orqanı olmadığı təqdirdə belə, hazırki işdə statusu «İnzibati icraat haqqında» Qanunun 2.0.1 maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan kimi nəzərə alınmalıdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş və publik hüquqi şəxs olan Azərbaycan Respublikasının Mərkəzi Bankı hazırki mübahisənin yaranmasına əsas olmuş münasibətlərdə yalnız ona xas olan fəaliyyəti həyata keçirən xüsusi hüquqi subyekt kimi iştirak edir və inzibati akta bərabər tutulan qərarları qəbul etməklə müraciət edən tərəf üçün hüquqların və ya vəzifələrin yaranmasına zəmin yaradır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin müəyyən edilməsi, kompensasiya məbləğinin hesablanması və həmin məbləğin müvafiq bank hesablarına köçürülməsi əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasının, Palatanın mövcudluğuna xitam verildiyi andan isə Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə mübahisə predmetinin kompensasiyanın hesablanmaqla borca yönəldilməsi tələbindən ibarət olduğunu, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının hazırki mübahisədə inzibati orqan statusunu daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddiada qaldırılan məsələ inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələbə ümumi məhkəmədə baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı ("xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kompensasiya məbləğinin borca yönəldilməsi" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə xitam verilməli olduğu qənaətinə gəlir və hesab edir ki, iddiaçıya həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (“xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kompensasiya məbləğinin borca yönəldilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırkı mübahisəni həll etmək məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar