Məhkəmə qərarları › İş №2(006)-3619/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3619/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3619/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Nikoyl” X1 (Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Nikoyl” X1 (Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Nikoyl “ İKB ilə X3 arasında 07 avqust 2015-ci il tarixdə 6-Zİ-2-0-902-15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı2 qızma illik 28 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq İddiaçı1 ilə 07 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı2 kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir və buna görə də “Nikoyl “ İKB kredit borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 12.10.2017-ci il tarixli, 2(007)-459/2017 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 müştərək qaydada 2782,29 manat əsas, 364,07 manat faiz, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 3226.36 manat məbləğində borcun “Nikoyl” İKB-nin xeyrinə tutulmasını qət etmişdir. Nizami Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən məbləğ İcra şöbəsi tərəfindən zamin İddiaçı1 aylıq maaşına yönəldilmiş və həmin məbləğ tamailə ödənilib qurtarmışdır. Lakin məhkəmənin qətnaməsində qeyd edilən məbləğ ödənilsədə zamin İddiaçı1 aldığı maaşdan tutmalar davam edir. “Nikoyl “İKB-dən aldıqları hesabdan çıxarışda onların banka borcu olmadığı qeyd edilsədə buna baxmayaraq onların “Nikoyl “ İKB-yə hələ bundan sonra da 4500 manat ödəməkləri bildirilmişdir. Ona görə də bu qanunsuzluğa son qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən işin düzgün araşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən cavabdeh “Nikoyl “ İKB xeyrinə İddiaçı1, İddiaçı2 maaşından tutulmuş artıq ödənilmiş 150 manat məbləğin və 30 manat dövlət rüsumun alınaraq İddiaçı1, İddiaçı2 verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 hesabdan çıxarışı məhkəməyə təqdim edərək, iddiaçıların banka borcu olduğunundan iddia tələbinin tam əsassız olmasını əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(007)-4591/2017 saylı Qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 2782,29 manat əsas, 364.07 manat faiz, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 3226,36 məbləğində borc “Nikoyl “ İKB-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan 07.08.2015-03.06.2021-ci il tarix aralığı hesabdan çıxarışdan görünür ki, İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə cəmi 6153,70 AZN borcu vardır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar onlardan artıq tutulan pulun qaytarılması ilə bağlı ərizədə istinad etdikləri halları sübut edə bilməmişlər. İddiaçıların iddia etdikləri məbləğ hesabdan çıxarışa əsasən yekun borc kimi deyil, mövcud dövrün sonuna qalıq kimi qeyd olunmuşdur. Bu halın özü həmin günə ( hesabdan çıxarış günü) banka qarşı iddiaçının cədvələ uyğun ( əmək haqqına yönəldilmə ilə bağlı olan tutulma ) borcun olmamasıdır, lakin yekun borcun olmaması deyildir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçılar məhkəməyə iddiada göstərdikləri halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmişlər, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “Nikoyl” X1 (Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) qarşı «pul» tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar