Məhkəmə qərarları › İş №2(006)-3619/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3619/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3619/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2008-ci il tarixli 65 saylı müqavilə üzrə ona əsassız hesablanmış əsas kredit borcunun, faizin və dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 65 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı banka yaranmış borca dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə və 01 sentyabr 2011-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 43.350 manat əsas borc müəyyən olunmaqla, cəmi 56.596,50 manat 50 qəpik məbləğində kredit borcu və 20 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh ASC-nin xeyrinə ödənilməli idi. Tutma ipoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri Səbail rayonu X11 küçəsində istifadədə olan 0,17496 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 4 mərtəbəli binada 51,0 m2 ümumi, 24,0 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı, 59 nömrəli mənzilə yönəldilməli və yuxarıda qeyd olunan borc həmin mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməlidir. Beləliklə, 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tələbkar Cavabdeh ASC-yə olan kredit borcu 43.350 manat əsas borc, 13.246,50 manat kredit faizi və dəbbə pulu daxil olmaql cəmi 56.596,50 manat təşkil edir. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Arif İmanov tərəfindən icraata başlamaq haqqında xx.xx.2012-ci il tarixli qərar qəbul edilərək icra tədbirlərinin görülməsinə başlanmışdır. Hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli, 27/02 saylı protokolla, əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən tutma ipoteka predmetini təşkil edən həmin mənzil Cavabdeh ASC tərəfindən 46.000 manata alınmış və bankın balansına keçirilmişdir. Cavabdeh ASC-nin Xətai filialının verdiyi İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə əsas borcdan 6.502,50 manat; xx.xx.2016-cı il tarixdə faizdən 7.962,78 manat; xx.xx.2016-ci il tarixdə cərimədən 46.029,81 manat və 8.797,50 manat əsas borcdan ödənişlər aparılmışdır, cəmi 69.292,59 manat məbləğında pul ödənilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixə borclu İddiaçı tərəfindən banka xx.xx.2008-ci il tarixli, 65 saylı kredit müqaviləsi üzrə kredit üzrə ümumi 69.232,59 manat banka pul vəsaiti ödənilmişdir. AN-İ seriyalı ******* nömrəli, 21 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən tutma ipoteka predmeti olan, cavabdeh X3 məxsus və hərracdan sonra bankın balansına keçirilmiş həmin mənzil 43.350 manata üçüncü şəxsə satılmışdır. Mənzildə qeydiyyatda olan X5 11 nəfər ailə tərkibi ilə həmin mənzilin satılmasına öz razılıq ərizələrini vermişdir. Buna əsaslanaraq, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru Arif İmanov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən həmin kredit 50.000 manat xx.xx.2016-cı il tarixdə tam ödənilmiş, faizlərin gecikdirildiyi günlərin sayı - 0 və İddiaçı Cavabdeh ASC-yə hər hansı kredit öhdəliyi mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsində İddiaçı tutulmalı olan borc məbləği 56.596,50 manat konkret müəyyən edildikdən və 2012-ci il tarixdə icra işi açıldıqdan sonra borclu İddiaçı tərəfindən tələbkar Cavabdeh ASC-yə 69.292,59 manat, o cümlədən ipoteka predmeti nəzərə alınmaqla, borc tam ödənilmiş hesab edilməli idi. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla və İddiaçı bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışı ilə bu fakt sübut olunur. Belə olduğu halda, üzərindən altı il keçdikdən sonra yuxarıda qeyd olan halları və nəticələri nəzərə almadan Cavabdeh ASC tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla bildirilir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə qalıq borcu guya 23.466 manat 50 qəpik təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən tutma ipoteka predmeti və alğı-satqı predmeti təşkil edən mənzilin satılması nəticəsində və borclu tərəfindən Cavabdeh ASCyə aparılmış 69.312,59 manat ödənişlər nəticəsində əldə olunan pul vəsaiti İddiaçı Cavabdeh ASC-yə olan qətnaməyə əsasən 56.596 manat 50 qəpik ümumi kredit borcdan 50.000 manat, ya da 69.292,59 manat məbləğində pul vəsaiti silindikdən sonra, İddiaçı Cavabdeh ASC-yə qətnaməyə əsasən qalıq kredit borcu tam ödənilmiş və silinmiş təşkil etməlidir. Əksinə, Cavabdeh ASC İddiaçı 12.616,09 manat borclu qalır. Belə olduğu halda İddiaçı 23.466 manat 50 qəpik qalıq kredit borcun ödənilməsi Cavabdeh ASC-nin tələbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi ilə ziddiyət yaradır və Cavabdeh ASC-nin əsassız varlanmasına şərait yaradır. Səbail rayon İcra Şöbəsinə müraciət edərək yuxarda qeyd olunan halların araşdırılması barədə iddiaçı tərəfindən xahiş edilmişdir. Lakin iddiaçının müraciəti heç bir nəticə verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinə əsaslanaraq iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamənin icra olması barədə izah verməsinə dair 25 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3365/2011 nömrəli, 13 iyul 2023-cü il tarixli Qərardadla 2(103)- 3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamədə İddiaçı tutulmalı olan borc məbləği konkret göstərilməklə, həmin qətnamənin icrası qaydasında iddiaçıdan tələbkar bankın xeyrinə daha artıq məbləğ tələb oluna bilmədiyindən iddiaçının ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, əmlak hərraca çıxarılmış və hərracda satılmadığından 28.050 manata banka təklif edilmişdir. Əmlak balansa xx.xx.2013-cü il tarixdə 28.050 manat dəyərində götürülmüşdür. Daha sonra borcalan qiymətləndirmədən şikayət vermiş və əmlak yenidən qiymətləndirilərək hərraca çıxarılmışdır. Bu dəfə əmlak 34.552,50 manata Banka təklif edilmişdir. Əmlak Bankın balansında olduğundan aradakı fərq (34.552,50 - 28.050 = 6.502,50) qədər balans dəyəri artırılmışdır. Əmlak balansa götürüldükdən sonra sistem üzrə qalan 62.730,09 manat (8.797,50 manat əsas borc, 7.902,78 manat faiz, 46.029,81 manat cərimə) borc Müşahidə Şurasının qərarı əsasında xx.xx.2016-cı il tarixdə balansdan silinmiş və məhkəmə qətnaməsi üzrə qalıq 23.466.50 manat borc balansdankənarda təqib edilir, qətnamədən artıq olan hissə (39.263,59 manat) isə təqib edilmir. Cədvəldə «Təyinat» hissəsində kreditin Müşahidə Şurasının 84 nömrəli, xx.xx.2016-cı il tarixli Protokolu ilə silinməsi, silinmə məbləğləri isə «Kredit» hissəsində əks olunur. Banklarda həyata keçirilən əməliyyatların uçotu Hesablar Planına uyğun olaraq müvafiq balans və balansdankənar hesablarda ikili yazılış metodu ilə həyata keçirir. Bununla əlaqədar olaraq silinmə tarixində «Kredit» hissədəki məbləğlər «Debet» hissəsində də öz əksini tapmalıdır. Cədvəldən göründüyü kimi, bu da öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərə uyğun olaraq bildirir ki, İddiaçı öz ərizəsində göstərdiyi məbləğlərin onun tərəfindən ödəniş edilməsi halı həqiqəti əks etdirmir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)- 3365/2011 saylı qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli qətnaməsi üzrə əsas borcun tutulması hissəsində 1.150 manat azaldılaraq 43.350 manat əsas borc müəyyən edilmiş, İddiaçı Cavabdeh ASC-nin xeyrinə cəmi 56.596 manat 50 qəpik məbləğində kredit borcunun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2012-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. xx.xx.2012-ci il tarixli qərardan görünür ki, Səbail rayon İcra şöbəsinin böyük icra məmuru A.V.İmanov tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2011-ci il tarixli 2(103)-3365/2011 saylı icra vərəqəsi icraata qəbul edilmişdir. 31 mart 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən və eyni tarixli hərracın yekunları barədə 27/02 saylı protokoldan görünür ki, X3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu X14 küçəsində yerləşən 35 saylı evin 59 saylı mənzili 34.552,50 manata Cavabdeh ASC-yə satılmışdır. Müqavilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı icra vərəqəsinin, Səbail rayon İcra Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubunun və Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli məktubunun icrasına əsasən bağlanmışdır. Cavabdeh ASC-nin Müşahidə Şurasının iclasının 27 dekabr 2016-cı il tarixli 84 saylı protokolundan çıxarışdan görünür ki, gündəlikdə duran məsələlərdən biri 94 halda kreditin silinməsi və qətnamə üzrə qalıq borcun balansdankənarda yaradılacaq kontrakt üzrə təqib edilməsi olmuş, həmin məsələ barədə fikirlər dinlənilmiş və bankın siyahıda göstərilən 26 filialı tərəfindən verilmiş 94 halda kredit üzrə xx.xx.2016-cı il tarixə olan cəmi 6.030.174 manat əsas borcun, 15.926.802 manat faizin balansdan silinməsi və həmin kreditlər üzrə qətnamə üzrə qalıq borcun balansdankənarda yaradılacaq kontrakt üzrə təqib edilməsi məqsədəuyğun hesab edilmişdir. Siyahı protokoldan çıxarışa əlavə edilmişdir. Həmin siyahıda Xətai filialı üzrə İddiaçı aldığı kredit üzrə zəruri məlumatlar yer almışdır. Balansa götürülmüş əmlakın dəyərinin 34.553 manat olduğu, əsas borc 8798 manat, faiz və cərimə borcu olaraq 53761 manat olmaqla cəmi məbləğ 62559 manat qeyd edilmişdir. Cavabdeh ASC-nin Nərimanov rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı icra sənədi üzrə qalıq borcu 23.466 manat təşkil edir. Səbail rayon İcra şöbəsi tərəfindən icra sənədi icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilsə də, icra sənədinin icra vəziyyəti barədə tələbkara heç bir məlumat verilməmişdir. Bu səbəbdən, icra sənədinin icra olunması üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Səbail rayon İcra şöbəsinin icra məmuru T.Nurlu tərəflərə tələbin könüllü icrası barədə bildiriş göndərmiş, icra sənədinin 06 aprel 2023-cü il tarixdə icraata daxil olduğunu bildirmiş və İddiaçı Səbail rayon İcra şöbəsinə gəlməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3365/2011 saylı qərardadından görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, qətnaməyə izah verilməsi üçün əsaslar mövcud deyil. Eləcə də, qeyd olunmuşdur ki, qətnamədə İddiaçı tutulmalı olan borc məbləği konkret göstərilməklə, həmin qətnamənin icrası qaydasında ondan tələbkar bankın xeyrinə daha artıq məbləğ tələb oluna bilməz. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun 8.797,50 manat olduğu qeyd edilmişdir. Bundan əlavə, bank tərəfindən verilən məlumata əsasən 14.669 manat faizin mövcud olduğu (hesablandığı) öz əksini tapmışdır.Çıxarışda həmçinin borcalanın bağlanmış öhdəlikləri kimi eyni tarixli kredit müqaviləsi və həmin öhdəliyin xx.xx.2016-cı il tarixdə tam ödənilməsi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı məxsus 107İQKA082180002 nömrəli hesab üzrə son ödəniş tarixi xx.xx.2016-cı il olmaqla, kredit məbləği tam ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, əsassız hesablanmış borcun silinməsi tələbinə dair məhkəməyə verilmiş iddia ərizəsinə əlavə edilmiş SF8904 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Kredit Bürosunun çıxarışında göstərilən məlumatlara məhkəmənin diqqətini cəlb etmək istəyir. "xxxx" MMCnin çıxarışda göstərilən məlumat təchizatçısı Cavabdeh ASC tərəfindən verilən məlumatlara əsasən qeyd olunur. Çıxarışda qeyd olunur ki, İddiaçı tərəfindən xx.xx.2008ci il tarixdə götürülən 50.000 manat məbləğində kredit xx.xx.2016-cı il tarixdə həmin kredit İddiaçı tərəfindən tam ödənilmişdir. Eyni zamanda həmin çıxarışda İddiaçı 8.797,5 manat məbləğində aktiv kreditin olması göstərilir. Halbu ki, Cavabdeh ASC-nin Xətai filialı tərəfindən verilən İddiaçı bank hesabı çıxarışından görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən 8.797,5 manat banka ödənilmişdir və həmin tarixdə həmin məbləğ (8.797,5 manat) bank tərəfindən kreditin əsas borcdan silinmişdir. Belə olduğu halda nəyə əsaslanaraq bank Kredit Bürosuna məlumat verir ki, İddiaçı banka 8.797,5 manat məbləğində aktiv öhdəliklər var? Bununla da, iki rəsmi maliyyə sənədlərinin arasında ziddiyat yaradılır. Bundan başqa, F.S. Kərimov tərəfindən xx.xx.2008-ci il tarixdə götürülən 50.000 manat məbləğində kreditin xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən tam bağlanmış öhdəlik kimi "xxxx" MMC-nin çıxarışda göstərdiyi halda altı il keçdikdən sonra yuxarıda qeyd olunan halları və nəticələri nəzərə almadan Cavabdeh ASC tərəfindən İddiaçı qalıq borc kimi 23.466 manat 50 qəpik tələb olunur? xx.xx.2008-ci il tarixli kredit üzrə borclu İddiaçı tərəfindən banka xx.xx.2016-cı il tarixə ümumi 69.232,59 manat pul vəsaiti ödənilmişdir. Əlavə olaraq 2013-cü ildə krediti təmin edən və girovda olan daşınmaz əmlak 28.000 manat dəyəri ilə bankın balansına keçirilmişdir. Həmin faktları İddiaçı bank hesabından çıxarışı və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışı sübut edir. Cavabdeh ASC-nin AZ24AİİB******************** nömrəli hesabdan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 50.000 manat məbləğində kredit götürmüş, xx.xx.2013-cü il tarixdə onun mülkiyyətində olan daşınmaz əmlakın girova götürülməsinə görə 28.050 manat borcdan silinmiş, daha sonra xx.xx.2016-cı il tarixdə girov əmlakının xx.xx.2016-cı il tarixdə hərracda 34.552,50 manata satılmasına görə əlavə 6.502,50 manat silinmiş və sonda xx.xx.2016-cı il tarixdə Müşahidə Şurasının xx.xx.2016cı il tarixli protokoluna əsasən 7.902,78 manat, 46.029,81 manat və 8.797,50 manat silinmələr həyata keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabeh tərəfindən iddiaya verilən etiraza və məhkəməyə təqdim edilən sənədlərə öz mövqeyini bildirərək qeyd etmək istəyir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən kredit borcu tutulmalı, tutma ipoteka predmeti olan cavabdeh X3 məxsus Bakı şəhəri Səbail rayonu X11 küçəsi ev 35 ünvanda yerləşən 59 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılaraq əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3365/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılaraq İddiaçı tələbkar Cavabdeh ASC-yə olan kredit borcu 43.350 manat əsas borc, 13.246,50 manat kredit faiz və dəbbə pulu daxil olmaqla cəmi 56.596,50 manat təşkil etməsini qət etmişdir. Hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli, 27/02 saylı protokolla, əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən ipoteka predmetini təşkil edən həmin mənzil Cavabdeh ASC tərəfindən 46.000 manata alınmış və bankın balansına keçirilmişdir. Belə olduğu halda, Qanunvericiliyin və məhkəmə qətnaməsinin tələblərinə əsasən İddiaçı tələbkar Cavabdeh ASC-yə olan cəmi 56.596 manat 50 qəpik kredit borcdan 46.000 manat qeyd-şərtsiz silinir və bank tərəfindən xx.xx.2016-cı il tarixdə silinmişdir. Beləliklə, 2016-cı ilin dekabr ayına İddiaçı qalıq kredit borcu 10.596,50 təşkil edirdi. İddiaçı tərəfindən banka aparılan xx.xx.2016-cı il tarixdə - 6.502.50 manat; xx.xx.2016-cı il tarixdə - 8797,50 manat və xx.xx.2016-cı il tarixdə – 7.902,78 manat, cəmi 23.202,78 manat ödənişləri nəzərə alaraq 2016-cı ilin dekabr ayına İddiaçı məhkəmə qətnaməsinə əsasən olan kedit borcdan təşkil edən 10.596,50 manat qalıq kredit borcu artıqlaması ilə tam şəkildə ödənilmişdir. Həmin fakt Cavabdeh ASC-nin Xətai filialında olan İddiaçı bank hesabından xx.xx.2023 və xx.xx.2024-cu il tarixli çıxarışlarla təsdiqini tapır. Həmin çıxarışlar Cavabdeh ASC-nin Xətai filialı tərəfindən öz imzası və möhürü ilə təsdiqlənir. Əlavə olaraq məhkəmənin diqqətini Azərbaycan Kredit Bürosunun SF8904 nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışında göstərilən məlumatlara cəlb etmək istərdi. "xxxx" MMC-nin çıxarışda göstərilən məlumatlar təchizatçısı Cavabdeh ASC tərəfindən verilən məlumatlara əsasən qeyd olunur. Çıxarışda qeyd olunur ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə götürülən 50.000 manat məbləğində kredit İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. O ki qaldı cavabdehin öz ərizəsində göstərilən 34.552,50 manat məbləğində əmlakın dəyərini bank tərəfindən balansa otuzdurmasını əsas götürsələr də, məhkəmə qətnaməsinə əsasən İddiaçı banka olan cəmi 56.596.50 manat məbləğində kredit borcu ipoteka predmeti təşkil edən 34.552,50 manat əmlakın dəyərini və İddiaçı tərəfindən aparılmış ödənişləri nəzərə alaraq 57.755,28 manat təşkil etməklə tam şəkildə ödənilmişdir (34.552,50 manat əmlakın dəyəri + 23.202,78 manat İddiaçı tərəfindən aparılmış ödənişlər = 57.755,28 manat). Yuxarıda qeyd edilənlərə uyğun olaraq hesab edir ki, Cavabdeh ASC-nin Xətai filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 65 saylı kredit müqaviləsi üzrə olan öhdəliklərin borcalan tərəfindən yerinə yetirilməsi halı həqiqəti əks edir və məhkəmə işində olan sənədlərlə öz əksini tapır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-3365/2011 saylı qətnaməsində İddiaçı tutulmalı olan borc məbləği 56.596,50 manat konkret müəyyən edildikdən və 2012-ci il tarixdə icra işi açıldıqdan sonra borclu İddiaçı tərəfindən tələbkar Cavabdeh ASC-yə 69.292,59 manat, o cümlədən ipoteka predmeti nəzərə alınmaqla, borc tam ödənilmiş hesab olunmalıdır və məhkəməyə təqdim edilən sənədlərlə həmin hal tam şəkildə sübuta yetirilir. Qanuni güvvəyə minmiş məhkəmə qətnaməsi qəbul olduğu halda, X9 tərəfindən qəbul olunmuş qərardan, Protokoldan, bank Cədvəlindən və Banklarda həyata keçirilən əməliyyatların uçotu Hesabları Planından qat-qat üstün hüquqi sənəddir və cavabdeh tərəfindən məhkəmə qərarının icrası mütləqdir. AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 35 ünvanında yerləşən 59 nömrəli mənzili 43.350 (qırx üç min üç yüz əlli) manata X1. İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Milli X13 14 №li , xx.xx.2001-ci il tarixli Protokolu ilə qeydə alınmış “Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların uçot Qaydaları”nın: 1.1-ci bəndinə əsasən Bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının dikər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının bank sistemində (irəlidə "Bank") balansdankənar əməliyyatların uçot prinsiplərini müəyyənləşdirir. 1.2-ci bəndinə əsasən bu Qaydalar balansdankənar əməliyyatların mühasibat uçotunu tənzimləyir və maliyyə hesabatlarında əks etdirilməsi məqsədilə tətbiq edilir. 2.1-ci bəndinə əsasən balansdankənar əməliyyatlar - baş verdiyi anda mühasibat (balans) hesabatında aktiv və ya öhdəlik kimi tanınmayan əməliyyatlardır. 4.1-ci bəndinə əsasən balansdankənar əməliyyatların uçotu ikili yazılış metodu ilə balansdankənar hesablarda aparılır. Bu metoda görə müvafiq hesab debetləşir, müvafiq kontr-hesab kreditləşir və ya müvafiq hesab kreditləşir, müvafiq kontr-hesab debetləşir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2021-ci il tarixli № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1.1-ci bəndinə əsasən kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla) anlayışını ehtiva edir. 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı anlayışını ehtiva edir. 3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. 3.6-cı bəndində əsasən məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2022-ci il tarixli № 29/1-1 qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın: 2.0.1-ci bəndinə əsasən aktivlər - bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər anlayışını ehtiva edir. 3.1-ci bəndinə əsasən bankda aktivlərin təsnifləşdirilməsi və onlar üzrə ehtiyatların yaradılması bu Qaydaya əsasən həyata keçirilir. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda Qaydanın 3-cü hissəsində qeyd edilmiş tələblər bütün aktivlərə şamil edilir. Bankın daxili qaydalarında aktivlərin keyfiyyətinin təhlili meyarları, keyfiyyətinə nəzarət prosedurları, aktivlərin təsnifləşdirilməsinin uçotda əks etdirilməsi, o cümlədən ümidsiz aktivlərin balansdan silinməsi prosedurları müəyyən olunur. 4.7-ci bəndinə əsasən Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla ümumi məbləği 20 000 (iyirmi min) manatadək olan milli və xarici valyutada ümidsiz aktivlərin, habelə bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər. Bu halda, bu Qaydanın 9cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlər istisna olmaqla İdarə Heyətinin qərarı ilə təqvim ili ərzində balansdan silinmiş aktivlərin ümumi məbləği əvvəlki ilin sonuna bankın İ dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. İdarə Heyətinin qərarı ilə balansdan silinmiş aktivlər barədə hesabat Müşahidə Şurasının növbəti iclasınadək Müşahidə Şurasının üzvlərinə təqdim olunmalıdır. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydanın 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmir. 9.2-ci bəndinə əsasən ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlak, habelə əvvəllər istifadə etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan 2 (iki) ildən artıq balansda saxlanıla bilməz. Müddət başa çatdıqdan sonra həmin daşınmaz əmlak balansdan silinir və balansdankənar hesabda uçota alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbini onunla əsaslandırmışdır ki, bankın ona qarşı borc tələbi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul onun tərəfindən tam şəkildə ödənilmişdir. Belə ki, məhkəmə qətnaməsinə əsasən ümumi borc məbləği 56596 manat 50 qəpik təşkil etdiyi halda tələbin yönəldiyi əmlak bankın balansına qəbul edilməklə borc məbləğindən 34552 manat əmlakın dəyərinə görə pul silinmişdir. Həmçinin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən də müəyyən edilir ki, onun tərəfindən xx.xx.2016-cı ildə 7902,78 manat faiz, 8797,50 manat faiz və həmçinin də cərimə borcuna görə pul ödənilməklə silinmələr aparılmışdır.Odur ki, hazırda bank tərəfindən ondan pul tələb edilməsi əsassızdır və ona yazılmış əsassız borc məbləği silinməlidir. İddiaçının ondan məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borc məbləği üzrə bütün ödənişləri ödəməsinə dair dəlillərinə qarşılıq olaraq cavabdeh tərəfindən təqdim edilən sübutlardan aydın olmuşdur ki, iddiaçıdan məhkəmə qətnaməsinə əsasən tutulması qərara alınmış borc məbləği iddiaçının irəli sürdüyü kimi ödənilməmiş, cavabdeh X9nın müvafiq qərarına əsasən balansdankənar təqib olunmaqla silinmişdir. Belə ki, banklar haqqında normativ aktlara əsasən banklarda ümidsiz aktivlərin silinməsi proseduruna uyğun olaraq İddiaçı da krediti bu təsnifata uyğunlaşdırılmaqla silinmiş və buna dair məlumatlar həmin bankın təqdim etdiyi çıxarışda tam olaraq öz əksini tapmışdır. İddiaçının Azərbaycan Kredit Bürosu MMC-nin, yəni Mərkəzi Kredit Reyestrinin məlumatlarına istinad etməklə həmin sənəddə borcun tam ödənilmiş statusunda göstərilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin reyestr üzrə məlumat təchizatçısı kredit verən bankdır və həmin məlumatların tamlığına bank məsuliyyət daşıyır. Lakin elə mərkəzi kredit reyestri məlumatlarında İddiaçı borcalan kimi aktiv öhdəliklərində 8797,50 manat əsas borc və 14669 manat faiz borcunun olması və həmin kreditin statusunun balansdan silinmiş olması aydın görünür. Borcalanın bağlanmış öhdəliklərində də eyni kreditin xx.xx.2016-cı il tarixdə tam ödənilmiş kimi göstərilməsi hazırda həmin borcun məhkəmə tərəfindən əsassız hesablanmış kimi müəyyən edilməklə silinməsinə əsas vermir. Qeyd edilməlidir ki, tərəflər arasında borcun tutulması barədə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni ona əsassız borc yazılmasına, hesablanmasına, həmçinin ipoteka predmeti olan mənzilin satılması ilə əvəzləşdirilən borc (34.552,50 manat) ümumi borc məbləğindən (56.596 manat 50 qəpik) çıxılandan sonra, yerdə qalan qalıq borcun (22.044 manat) ödənilməsinə dair mötəbər sübutları (ödəniş qəbzləri, ödəniş tapşırıqları, kassa mədaxil qəbzləri və s. ciddi hesabat sənədlərini) məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qalıq borcu ödəməsini təsdiq edən sənədləri təqdim etmiş olacağı təqdirdə onun arqumentləri əsaslı sayıla bilər və bu da öz növbəsində icra sənədi üzrə icraata xitam verilməsinə əsas verən hal hesab edilə bilərdi. Hazırda isə bunun əksinə olaraq iddiaçı tərəfindən qalıq borcun ödənilməsinə dair hər hansı mötəbər sübutun olmaması cavabdeh tərəfindən həmin borcun bankların fəaliyyətini tənzimləyən qaydalara uyğun olaraq Müşahidə Şurasının iclasının müvafiq qərarı əsasında silinməsinə dair təqdim edilmiş sübutlarla aydın olur. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Səbail rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar