Məhkəmə qərarları › İş №2(006)-3621/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3621/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3621/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili X2, Cavabdeh MMC-nin nümayəndələri X3 və (eyni zamanda vəkili) X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarını və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adından onun direktoru X15 və digər tərəfdən ünvan 6, mənzil 17 və 17A ünvanda qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında xx xxxxx 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. xx xxxxx 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 2 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan, İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzili və ünvan 2 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda, bu müqavilənin 6.4-cü bəndinə əsasən Cavabdeh MMC yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulması və bu müqavilənin 2.2.4.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu müqavilənin imzalanma tarixindən hesablanılır. Cavabdeh MMC tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı xx xxxxx 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər xx xxxxx 2019-cu il tarixədək iddiaçılara təhvil verilməli idi. Lakin göründüyü kimi nəinki mənzillər təhvil verilməyib, eyni zamanda onlara əlavə problemlər yaradılıb. xx xxxxx 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat, İddiaçı2 isə 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC sonuncu kirayə haqqını iyul ayında may ayı üçün etmiş və son üç ay üçün bir manat da olsun kirayə haqqı ödəməmişdir. Dəfələrlə MMC-nin Nərimanov rayonu, T. Şıxəliyev küçəsi 14 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə iddiaçılar yola salmışlar. Bundan başqa, tələb edilməsinə baxmayaraq, iddiaçılara verilməli olan mənzillərin nə layihələrini, nə də ki mənzilin özünü bu günə qədər onlara göstərməkdən imtina edirlər. İddiaçıların hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Onların aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının 1/4-dən də azdır. CavabdehMMC iddiaçıları çox ağır vəziyyətə salıb. İddiaçıların hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. Üç aydır ki, kirayə haqqını vermirlər. Bu səbəbdən mənzil sahibi onların mənzildən çıxmalarını tələb edir. İddiaçılar xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Mənəvi cəhətdən tam sarsılmışlar. Hazırki tarixə Cavabdeh MMC-nin iddiaçılara kirayə haqqı üzrə 2700 (iki min yeddi yüz) manat borcu vardır. İddiaçıların səhhəti Cavabdeh MMC ilə mübarizə aparmağa imkan vermir. Cavabdeh MMC iddiaçıların hüquqlarının müdafiə edilməsi üçün onları vəkillə müqavilə bağlamaq, 620 manat xidmət haqqı, 60 manat dövlət rüsumu, cəmi 680 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC tərəfindən iddiaçılar İddiaçı1 2019-cu ilin iyun, iyul, avqust ayları üçün ödənilməmiş 1500 (bir min beş yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində pulun, İddiaçı2 2019-cu ilin iyun, iyul,avqust ayları üçün ödənilməmiş 1200 (bir min iki yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 6540 (altı min beş yüz qırx) manat, ümumilikdə 13380 (on üç min üç yüz səksən) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən İddiaçı1 2019- cu ilin iyul, avqust və sentyabr ayları üçün ödənilməmiş 1500 (bir min beş yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 6840 (altı min səkkiz yüz qırx) manat məbləğində pulun, İddiaçı2 2019-cu ilin iyul, avqust və sentyabr ayları üçün ödənilməmiş 1200 (bir min iki yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 6540 (altı min beş yüz qırx) manat, ümumilikdə 13380 (on üç min üç yüz səksən) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən İddiaçı1 2019- cu ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üçün ödənilməmiş 2500 (iki min beş yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun, İddiaçı2 2019-cu ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üçün ödənilməmiş 2000 (iki min) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 7340 (yeddi min üç yüz qırx) manat, ümumilikdə 15180 (on beş min yüz səksən) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh MMC tərəfindən İddiaçı1 2020- ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 (dörd min) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 9340 (doqquz min üç yüz qırx) manat məbləğində pulun, İddiaçı2 2020-cu ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 (üç min iki yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 8540 (səkkiz min beş yüz qırx) manat, ümumilikdə 17880 (on yeddi min səkkiz yüz səksən) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndələri X9 və (eyni zamanda vəkili) X10 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər, Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev ilə Cavabdeh MMC-nin direktoru Ş.Qasımov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən şirkət tərəfindən Nərimanov rayonu Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməli, həmin ərazidə yaşayan sakinlər, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməli, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X15 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən “Tikinti təşkilatı” – Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən “Tikinti təşkilatı” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X15 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən “Tikinti təşkilatı” – Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən “Tikinti təşkilatı” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə İddiaçı2 kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X15 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 №-li müqaviləyə əsasən “Tikinti təşkilatı” – Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.m olan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 54 saylı arayışdan görünür ki, Talıbzadə X11 Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 55 saylı arayışdan görünür ki, Talıbzadə X6 Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 302959 saylı və 302960 sayı mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 hazırkı iddia ilə bağlı hüquqi yardıma görə cəmi 620 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktında qeyd edilmişdir ki, Cavabdeh MMC ilə sakin İddiaçı2 arasında bağlanmış 70 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin inşa etdiyi ünvan 5 ünvanında yerləşən 21 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin İddiaçı2 təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktında qeyd edilmişdir ki, Cavabdeh MMC ilə sakin İddiaçı1 arasında bağlanmış 69 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin inşa etdiyi ünvan 5 ünvanında yerləşən 19 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin İddiaçı1 təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışlardan və ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 2017-2019cu illər üçün kirayə haqları ödənilmişdir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş 13/275 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixinə ünvan 6 ünvanında yerləşən 3 otaqlı 3 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə otaqların ölçüləri tikinti norma və standartlarına uyğun olmayan ölçüdə azalmışdır (8.9 kv.m. normada isə minimum ölçü 9.0 kv.m olmalıdır), yaşayış otaqlarından birinin planı otağın təbii işıqlandırılması tikinti və sanitariya normasının ciddi pozulması hesabına dəyişdirilib (normaya əsasən təbii işıqlanmanı təmin edən konstruktiv elementin (pəncərənin) sahəsi otaqda döşəmə sahəsinin 20%-dən çox olmalıdır, quruluşu dəyişdirilən otaqda isə nisbət 5-6% arasındadır), mənzilin ümumi daxili faydalı sahəsi 86,87 kv.m təşkil edir, ölçü işləri Şəhərsalma və Arxitektura Komitəsinin Qərarına uyğun aparılıb, yaşayış binasının həyətyanı sahəsində maşın, mexanizm və qurğular hazırkı tarixdə fəaliyyət göstərdiyi üçün kənar şəxslərin tikinti ərazisinə daxil olması yolverilməzdir, yaşayış binasında və həyətyanı sahədə (tikinti ərazisi) tikinti işləri davam edir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş 13/276 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixinə ünvan 6 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə 16.6 kv.m. sahəyə malik olan yaşayış otağı mətbəx ilə birləşdirilmişdir (zal studiya) ki, bu da müqavilə şərtlərindən uzaqlaşma kimi dəyərləndirilir, mənzilin ümumi daxili faydalı sahəsi 58,1 kv.m təşkil edir, ölçü işləri Şəhərsalma və Arxitektura Komitəsinin Qərarına uyğun aparılıb, əlavə edilmiş şəkillərdən göründüyü kimi yaşayış binasının həyətyanı sahəsində maşın, mexanizm və qurğular haztrkı tarixdə fəaliyyət göstərdiyi üçün kənar şəxslərin tikinti ərazisinə daxil olması yolverilməzdir, yaşayış binasında və həyətyanı sahədə (tikinti ərazisi) tikinti işləri davam edir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2017-ci il tarixli, 069, 070 və 071 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan yaşayış sahələrinin (həmçinin İddiaçı2 məxsus olan qarajın) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın müvafiq mərtəbəsindən daşınmaz əmlakın mülkiyyətçilərinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə mənzil (həmçinin İddiaçı2 qaraj) verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 1.1.3-cü bəndinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı2 və İddiaçı1 təmirli mənzillərlə təmin edən günədək onların müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə İddiaçı2 kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat, İddiaçı1 isə kompensasiya şəklində aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqlarını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən müqavilələrin şərtlərinə əməl edilməyərək iddiaçılar İddiaçı2 və İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş kirayə haqqı məbləğləri ödənilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri İddiaçı2 və İddiaçı1 təhvil verməyi öhdəsinə götürür. Təhvil-təslim “tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Göründüyü kimi tərəflər arasında müqavilələr xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Həmin müqavilələr üzrə tikintinin 24 aya qədər yekunlaşması nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilələrdə qeyd edilmişdir ki, mənzillərin təhvil-təslimi tərəflərin imzası ilə təsdiq olunan aktla rəsmiləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfdən (Cavabdeh MMC-nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov) xx.xx.2020-ci il tarixdə mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktları tərtib edilmişdir. Həmin aktlarda İddiaçı2 və İddiaçı1 mənzillərin təhvil verilməsi ilə bağlı məlumat verildiyi bildirilsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göründüyü kimi sözügedən mənzillərin təhvil-təslimi müqavilədə nəzərdə tutulmuş qaydada baş tutmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş kirayə pulunu tələb etməkdə haqlıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş “xxxxxxx” MMC-nin 13/275 saylı və 13/276 saylı ekspert rəylərinə əsasən iddiaçılara məxsus mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər. Belə ki, İddiaçı1 məxsus ünvan 6 ünvanında yerləşən 3 otaqlı 3 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə otaqların ölçüləri tikinti norma və standartlarına uyğun olmayan ölçüdə azalmışdır. Həmçinin, İddiaçı2 məxsus ünvan 6 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə 16.6 kv.m. sahəyə malik olan yaşayış otağı mətbəx ilə birləşdirilmişdir (zal studiya) ki, bu da müqavilə şərtlərindən uzaqlaşma kimi dəyərləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə 400 manat, İddiaçı2 xeyrinə 300 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 620 manat (iddiaçının hər birinə görə 310 manat) məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020- ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 (dörd min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində pul ödənilməli, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 (üç min iki yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı1 2020- ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 (dörd min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 400 (dörd yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 (dörd min yeddi yüz qırx) manat məbləğində pul ödənilsin. Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 (üç min iki yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar