Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3648/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 18.30 radələrində yaşadığı ünvan 1 ünvanında baş vermiş güclü partlayışdan yaşadığı evə və ev əşyalarına 19.200 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində ********** nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi baş ədliyyə müşaviri Nadir Mirzəyev xx.xx.2021-ci il tarixdə cinayət işinin icraatına xitam vermişdir. Böyük müstəntiq hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında olan 22a, 23a, 25a, 27a fərdi yaşayış evlərində baş vermiş partlayışda təqsirli şəxsi müəyyən etmək mümkün olmadığından, həmin əməldə cinayət tərkibi olmadığından cinayət işinə xitam verilmişdir. Hesab edir ki, baş vermiş partlayışda təqsirli şəxsin müəyyən edilməsinin mümkün olmaması və həmin əməldə cinayət tərkibinin olmaması barədə müstəntiqin gəldiyi nəticə yanlışdır. Hesab edir ki, istintaq tamamilə şərti aparılmışdır, qərar obyektivlikdən, qanundan kənar qərar qəbul edilmişdir. Baş vermiş hadisə şahid ifadələri, rəsmi şəxslərin partlayış baş verməsinin qaz partlayışı nəticəsi olduğu açıqlansa da, müstəntiq onların hüquqlarını pozaraq qanunsuz qərar qəbul etmişdir. Həmin zaman baş vermiş partlayış nəticəsində yaşayış binasına sakinlərin ev əşyalarına, avtomobillərə külli miqdarda maddi ziyan dəymiş, yaşayış binası və ev əşyaları yararsız vəziyyətə düşmüşdür, həmçinin sakinlərin səhhətinə fiziki, maddi və mənəvi ziyanlar dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baş vermiş hadisə yerində olmuşlar, dəymiş zərərlər siyahılaşdırılaraq zərərçəkmişlərə kompensasiya verilməsi barədə məlumatlar verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/ 441 nömrəli rəyi ilə ifadələrdə qeyd olunan yerindəcə yoxlanılmış və zərərçəkmişlərə dəymiş ziyanın məbləği ekspertiza rəyində təsdiqlənmişdir. Baş vermiş partlayışın kimin və nəyin ucbatından, səbəbindən asılı olmayaraq dövlət, dövlət orqanları ilə birlikdə hadisənin baş vermə səbəblərini və ya təqsirli şəxsləri tapmalıdır. Bundan əlavə bir vətəndaş kimi ona dəymiş zərər Azərbaycan Respublikası tərəfindən ödənilməlidir, təqsirli şəxslər dəqiqləşdirildikdən sonra zərərçəkənə ödənilmiş zərərin əvəzi delikt qaydasında əsil zərərvurandan tutulmalıdır. Göstərilənlərə əsasən yüksək təhlükə mənbəyinin iddiaçının mənzilinə və ev əşyalarına vurduğu 19200 manat məbləğində maddi ziyanın təqsirli şəxsin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsindən müəyyən olunmadığına və başlanmış cinayət işinə xitam verildiyinə görə 19200 manat məbləğində vurulmuş maddi ziyanın rəqress tələbi hüququ ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında güclü partlayış baş vermiş və nəticədə iddiaçıya məxsus evə də daxil olmaqla bir çox daşınmaz əmlaklara maddi ziyan dəymişdir. Baş vermiş partlayışla əlaqədar cinayət işi başlanılmış, lakin təqsirli şəxs müəyyən olunmadığından və əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin hadisə zamanı vətəndaşlara dəymiş ziyanla bağlı ekspertiza təyin olunmuş və iddiaçının mənzilinə ümumilikdə 19200 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Daha sonqra zərərçəkmiş mənzillərdən 4-nün mülkiyyətçisinə vurulmuş maddi ziyan ödənilsə də, iddiaçıya bu günə kimi heç bir ödəniş edilməmişdir. Hesab edirlər ki, təqsirli şəxs müəyyən olunmasa da, dövlət iddiaçıya dəymiş ziyanı ödəməli və təqsirkarı müəyyən edərək daha sonra reqres qaydada ondan həmin pulu geri tələb etməlidir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
6. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın surətinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1B saylı evin 7a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
8. İş üzrə Azərbaycan Respbliksı Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi baş ədliyyə müşaviri Nadir Mirzəyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, zərərçəkmiş şəxs kimi tanıdığı ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 122, 281 və 282-ci maddələrinin tələblərinə əsasən İddiaçı izah olunur ki, cinayət işinin materialları ilə tanış olmaq və qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata məhkəməyə şikayət vermə hüquqları vardır.
9. İş üzrə Abşeron rayon Prokurorluğu tərəfindən Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, ev 1B ünvanında yaşayan Nemət Cavadova və qeyrilərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında olan 22 «a», 23 «b», 24 «a» və 27 «a» fərdi yaşayış evlərində baş vermiş partlayış faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə başlanmış cinayət işi həmin gün Azərbaycan Respublikası CM-nin 225.2 və 208.2-ci maddələrinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən xüsusilə mühüm işlər üzrə böyük müstəntiq baş ədliyyə müşaviri X1 icraatına verilmişdir. Aparılmış istintaqla baş vermiş partlayışda təqsirli şəxsi müəyyən etmək mümkün olmadığından xx.xx.2021-ci il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə uyğun olaraq həmin qərardan razı olmadıqları halda ibtidai araşdırmaya proessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verə bilərlər.
10. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/441 nömrəli rəyinin və həmin rəyə əlavə edilmiş siyahının surətindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticsində Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərin, «www.avtomobil.az» milli internet saytlarının məlumatlarına əsasən tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinat üzrə yararlı olan üç ədəd nəqliyyat vasitələrinin, xx.xx.2021-ci il tarixdə istismar müddətini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti ilə zərərçəkmişlərə dəymiş maddi ziyanın məbləği təxminən aşağıdakı kimi müəyyən edilir: 1995-ci il buraxılışlı «Mercedes Benz C180» markalı, **-VS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 9500 manat; 1992-ci il buraxılışlı «Vaz-21060» markalı, **-BV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 4700 manat; 2001-ci il buraxılışlı «Opel Astra minik» markalı, **- CA-*** dövlət nişanlı nəqliyyat vasitəsi 8500 manat. Aparılmış ekspert tədqiqatı nəticəsində 2001-ci il buraxılışlı «Mercedes Benz E270 CDİ» markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği, təqdim edilmiş «Avtovaz Servis» tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş E/418 №-li ziyan aktında olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən (təmirbərpa işlərinin dəyəri) nəzəri hesablama yolu ilə təxminən 865 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələri qiyməti – 525 manat, təmir işlərinin qiyməti – 340 manat. Qərarın təsviri hissəsində olan məlumatlara və təqdim edilmiş iş materiallarına əsasən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evində qaz sızmasının baş vermiş partlayış hadisəsi nəticəsində 38 zərərçəkmişə dəymiş maddi ziyan barədə məlumat rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Rəyin tədqiqat hissəsindən görünür ki, İddiaçı dindirmə protokoluna əsasən özünün ustalarla hesablarına görə təmir işlərinə və yararsız vəziyyətə düşmüş əşyaların yenilənməsinə 19200 manat pul vəsaiti lazım olacaqdır. Həmçinin məktuba əlavə olunmuş siyahısından görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda baş vermiş partlayış nəticəsində 7 «a» saylı mənzildə olan 38 adda əşyalara maddi ziyan dəymişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş partlayış nəticəsində iddiaçının yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə yerləşən 1 «B» saylı evin 7 «a» saylı mənzilinə və ev əşyalarına 19200 manat dəymişdir. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılmış, xx.xx.2021-ci il tarixli qərarı ilə baş vermiş partlayışda təqsirli şəxsi müəyyən etmək mümkün olmadığından, həmin əməldə cinayət tərkibi olmadığından cinayət işinə xitam verilmişdir. Hazırda iddiaçı dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
13. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.
14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
15. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
16. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
17. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
18. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
20. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
21. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
23. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
24. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
26. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş ziyan müəyyən edilsədə bunun sırf cavabdeh tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Həmçinin hadisə nəticəsində isə təqsirkar şəxsin müəyyən edilməməsidə hələ cavabdehliyin Azərbaycan Respublikası Maliyyə Nazirliyin (dövlət olaraq) olması demək deyildir.
27. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi əsassızdır.
29. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
30. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla təmin edilməməlidir.
32. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
33. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov