Məhkəmə qərarları › İş №2(006)-365/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-365/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-365/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2.013 manat, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 3.375 manat olmaqla, ümumilikdə 5.388 manat pul vəsaitinin və ödənilmiş 73 manat 88 qəpik məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2.453 manat və «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3.225 manat zərərin, həmçinin 73 manat 88 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh qismində Cavabdeh MMCnin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin ödənilməmiş borcu vardır. Belə ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən tərəflər xx.xx.2024-cü il tarixədək «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili satıcı İddiaçı, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 23.400 manata alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı satılacaq avtomobili 23.400 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X4 ilkin alğı-satqı müqaviləsi bağlayaraq avtomobili 23.400 manata almağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məbləği olan 23.400 manatı hər ay 650 manat olmaqla xx.xx.2024-cü ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2.013 manat zyan dəymişdir. Bununla da, cavabdehin iddiaçıya ümumilikdə 2.013 manat borcu vardır. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alğısatqı müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin müqavilə üzrə cavabdehin ödənilməmiş borcu var. Belə ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən tərəflər xx.xx.2024-cü il tarixədək «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili satıcı İddiaçı, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 23.400 manata alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı satılacaq avtomobili 23.400 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X4 ilkin alğı-satqı müqaviləsi bağlayaraq avtomobili 23.400 manata almağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məbləği olan 23.400 manatı hər ay 650 manat olmaqla xx.xx.2024-cü ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.375 manat ziyan dəymişdir. Bununla da, cavabdehin iddiaçıya ümumilikdə 3.375 manat borcu vardır. Belə ki, "xxxx" kiçik müəssisəsinin xx.xx.2022-ci il tarixli defekt aktına əsasən «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış nəticəsində 2.013 manat məbləğində ziyan dəydiyi, "xxxx" kiçik müəssisəsinin xx.xx.2022-ci il tarixli defekt aktına əsasən «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.375 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizələrin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və bunu Cavabdeh MMC-nin iddiaçı ilə alqı-satqı müqavilələri bağlanarkən qanuni təmsilçinin digər şəxs olması ilə əsaslandırmışdır. Həmçinin avtomobillərin iddiaçı tərəfindən götürülməsi anında qismən nasaz olmasını qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 18 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı xx.xx.2024-cü il tarixədək «Hyundai Matrix» minik markalı, 2005ci il buraxılışlı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili 23.400 manata satmasına dair alıcı Cavabdeh MMC ilə razılığa gəlmişdir. Müqaviləyə əsasən satış məbləği olan 23.400 manat hər ay 650 manat olmaqla xx.xx.2024-cü ilə qədər ödənilməlidir; - 28 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı xx.xx.2024-cü il tarixədək «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili 23.400 manata satmasına dair alıcı Cavabdeh MMC ilə razılığa gəlmişdir. Müqaviləyə əsasən satış məbləği olan 23.400 manat hər ay 650 manat olmaqla xx.xx.2024-cü ilə qədər ödənilməlidir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh MMC (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə uçota alınmışdır, fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2030-cu il tarixədək dayandırılmışdır və hazırda dayandırılmış vəziyyətdədir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03 fevral 2023cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) qeydiyyata alındığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanuni təmsilçisi X4, xx.xx.2022ci il tarixdən hazıradək isə qanuni təmsilçisi X6r; - 18 avqust 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 910 manat ödəniş etmiş, 22490 manat borc qalmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 650 manat ödənilmiş, 22750 manat borc qalmışdır. İddiaçı cavabdehə yuxarıda qeyd olunan müqavilələr qeyd edilən borcların ödənilməli olmasını bildirməklə, müqavilə üzrə öhdəliklərin icra edilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir; - "xxxx" Kiçik Müəssisəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qüsur aktlarında qeyd olunmuşdur ki, cavabdehə təhvil verilmiş «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2.013 manat, «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 3.375 manat maddi ziyan dəymişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli 9/1605 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" KM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı «Hyundai Getz» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.453 manat müəyyən edilir (1-ci sual üzrə). Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" KM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı «Hyundai Matrix» markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.225 manat müəyyən edilir (2-ci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 18 noyabr 2021-ci il tarixdə «Hyundai Matrix» minik markalı, 2005-ci il buraxılışlı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili 23.400 manata satmasına, 28 noyabr 2021-ci il tarixdə isə «Hyundai Getz» minik markalı, 2005-ci il buraxılışlı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili 23.400 manata satmasına dair ilkin alğı-satqı müqavilələri bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf icra etməli olduğu öhdəlikləri yerinə yetirməyərək Müqavilələrin 3-cü bəndinə uüğun 23.400 manatı hər ay 650 manat olmaqla tam ödəməyərək, müəyyən ödənişdən sonra üzərlərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirməmişlər. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında 18 noyabr 2021-ci il və 28 noyabr 2021-ci il tarixli müqavilələrin müddəti 2024-cü ilin noyabr ayının eyni tarixinə kimi olsa da, müqavilə predmeti olan avtomobillər 2022-ci ilin may ayında artıq iddiaçının istifadəsinə qaytarılmış və qaytarılarkən texniki cəhətdən nasaz vəziyyətdə olmuşlar ki, işin bu halı da iş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin qüsur aktların və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli 9/1605 saylı ekspert rəyinin məzmunları, habelə cavabdeh tərəfin əvvəlki məhkəmə iclasında avtomobillərin iddiaçı tərəfindən götürülməsi anında qismən nasaz olmasını etiraf etmələri ilə təsdiq edilir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir Göründüyü kimi, cavabdeh tərəf müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməklə yanaşı, iddiaçıya məxsus avtomobilləri yararsız hala salmaqla ona maddi ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrin 6-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərəirin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Məhkəmə müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı ilk növbədə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilələrdə göstərilən avtomobilləri cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmiş, iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər tam icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmçinin, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə də, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Maddi ziyanın vurulması faktı ilə bağlı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC avtomobillərə vurulmuş zərəri ödəməyə borcludur. Cavabdeh MMC-i qeyd olunan avtomobillərin təmir-bərpası üçün ekspert rəyində qeyd olunan məbləğdən daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə cavabdehin iddianın əsassız olması ilə bağlı Cavabdeh MMCnin iddiaçı ilə alqı-satqı müqavilələri bağlanarkən qanuni təmsilçinin digər şəxs olmasına dair iddiaya etirazın dəlilinə qiymət verərək hesab edir ki, müqavilələr bağlanan anda qanuni təmsilçinin hazırda digər təmsilçi ilə əvəz olunması Cavabdeh MMC-nin iddiaçı ilə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməsindən və vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki məsuliyyətdən azad etməyinə hüquqi əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mədaxil qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 73 manat 88 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Hyundai Getz» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 2.453 manat, «Hyundai Matrix» markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3.225 manat olmaqla, cəmi 5.678 manat pul vəsaiti və 73 manat 88 qəpik dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Ekspertiza xərci olan 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Hyundai Getz» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 2.453 manat, «Hyundai Matrix» markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3.225 manat olmaqla, cəmi 5.678 manat pul vəsaiti və 73 manat 88 qəpik dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olan 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar