Məhkəmə qərarları › İş №2(006)-3655/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3655/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3655/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh Əlizadə Emil Aydın oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh Əlizadə Emil Aydın oğluna qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Əlizadə Emil Aydın oğlundan «xxxx» ASC-nin xeyrinə 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsi üzrə 136.62 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 23 avqust 2008-ci il tarixindən 19 aprel 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 51,9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 188,52 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC ilə Əlizadə Emil Aydın oğlu arasında bağlanmış 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 28 faizlə 12 ay müddətinə istehlak məqsədilə istifadə etmək üçün Əlizadə Emil Aydın oğluna 500 (beş yüz) ABŞ dolları məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. X4 Aydın oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş, nəticədə Əlizadə Emil Aydın oğlunun qeyd olunan müqavilə üzrə 136.62 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 23 avqust 2008-ci il tarixindən 19 aprel 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 51,9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 188,52 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə baxış iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini, eyni zamanda dəqiqləşdirmə barədə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Əlizadə Emil Aydın oğlunun Cavabdeh kimi qeyd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı tələbini qəbul etmədiyini, «xxxx» ASC-nin 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsi üzrə ööhdəliklərin icrası barədə tələb etmə müddətini ötürməsini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC tərəfindən Cavabdeh borcluya illik 28 faizlə 12 ay müddətinə istehlak məqsədilə istifadə etmək üçün Əlizadə Emil Aydın oğluna 500 (beş yüz) ABŞ dolları məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. Mülki işin materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, «xxxx» İKB ASC 22.11.2019-cu il tarixindən «xxxx» ASC kimi qeydə alınmışdır. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, borclu 24 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsi öhdəliklərin icrası edilməməsi səbəbindən «xxxx» ASC tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan «xxxx» ASC-nin 19.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsi üzrə banka 136.62 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 23 avqust 2008-ci il tarixindən 19 aprel 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 51,9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 188,52 ABŞ dolları borcu məbləğində borcu vardır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh oğluna illik 28 faizlə 12 ay müddətinə istehlak məqsədilə istifadə etmək üçün Əlizadə Emil Aydın oğluna 500 (beş yüz) ABŞ dolları məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 527.1-ci maddəsinin tələbinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. Mülki işin materiallarından göründüyü kimi 23 avqust 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 23 avqust 2008-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 12 ildən artıq müddət ötdüyündən iddiaçı həmin öhdəliklər üzrə borcun tələb edilməsində haqlı deyildir. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən, 10 il müddət nəzərdə tutulduğundan, hazırki iddia tələbi ilə bağlı müddətin keçməsi kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» ASC Cavabdeh ilə bağlanmış 23 avqust 2007-ci il tarixli RBB 623(z) №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasına dair tələb etmə müddəti ötürdüyündən, Cavabdeh həmin müqavilə üzrə 136.62 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə 23 avqust 2008-ci il tarixindən 19 aprel 2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 51,9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 188,52 ABŞ dolları borcun ödənilməsi bardə iddia tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Müki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə iddiaçı «xxxx» ASC tərəfindən ərizənin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı «xxxx» ASC-nin iddia ərizəsi təmin edilmədiyindən, ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» ASC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar