Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-366/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmanət (depozit) hesabları barədə məlumatın verilməsi və onlara hesablanmış pul vəsaitinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmanət (depozit) hesabları barədə məlumatın verilməsi və onlara hesablanmış pul vəsaitinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 (mərhum) adına əmanət hesabları (müqavilələr) barədə, onların nə vaxt açıldığı, hansı faiz dərəcəsi ilə əmanət müqavilələrinin bağlanılması və bu əmanətlərə xx.xx.2022-ci il tarixədək hesablanmış faiz məbləğlərinin müəyyən edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş xalası X2 xx.xx.2020-ci il tarixli vərəsəlik haqqında Şəhadətnaməyə əsasən qanuni vərəsəsidir. Mərhum X4 tərəfindən müxtəlif illərdə "xxxx" ASC-də ABŞ dollarında depozit hesablar açılmışdır. Həmin hesablara dair dəfələrlə banka və bank rəhbərliyinə rəsmi qaydada müraciət etmiş, lakin bank tərəfindən hər dəfə ona müxtəlif cavablar verilərək, depozitlərə dair həqiqəti əks etdirməyən cavablar verilmişdir. Bankdan depozitlərə dair müqavilələrin surətlərinin ona təqdim olunmasını xahiş etmiş, lakin bank tərəfindən ona bildirilmişdir ki, 2000-2007-ci illərə dair məlumatlar sistemdən silinmiş, müqavilələr itirilmişdir. Bununla da ona depozitlər (əmanət və s.) haqqında heç bir məlumat verə bilməzlər. Hesab edir ki, bu hal yolverilməz bir haldır. Ona məxsus olan pul vəsaitinin, ona verilməməsi məqsədi ilə bank tərəfindən həqiqəti əks etdirməyən məlumat verilir. Bundan əlavə ona ünvanlanan cavablarda, mövcud olmuş hesablarda faizlərin hesablanmasında da uyğunsuzluqlar da mövcuddur. Belə ki, xx.xx.2020-ci il tarixli, 18/1223 saylı məktuba əsasən X2 adına bankın Mərkəzi filialında ******************** saylı cari bank hesabında 2.653.43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında 1.000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında 1.051 ABŞ dolları, yekun olaraq 4.704 ABŞ dolları məbləğində pul vəsaiti olmuş, həmin məbləğ ona ödənilmiş, lakin bu hesablara dair faizlər hesablanmamış və ödənilməmişdir. Bundan başqa, bank tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, 41-13691\2021 saylı məktubda 2007-ci ilin dekabr ayından xx.xx.2020-ci il tarixə kimi mərhum Larisa İlyasovanın bankda 2 depozit hesabında 1.051 ABŞ dolları və 1.000 ABŞ dolları olmuşdur. Birinci depozitə 987.94 ABŞ dolları, 2-ci depozitə isə 920 ABŞ dolları faiz hesablanmışdır. Bankdan alınmış xx.xx.2021-ci il tarixli 41-15360/2021 saylı məktubdan görünür ki, banka qoyulmuş əmanətlərə illik faiz dərəcəsi 2000-2002-ci illərdə 10%, 2003-cü ildə 9%, 2004-2005-ci illərdə 8%, 2006-cı ildə 10,45 və 2007-ci ildə 16,4% olmuşdur. Belə olan halda 1-ci depozit üzrə cəmi olaraq 2.331.65 ABŞ dolları divident hesablanıb verilməli olduğu halda, ona 987.94 ABŞ dolları məbləğində divident verilmişdir. 2-ci depozit üzrə ona 2.214 ABŞ dolları divident ödənilməli olduğu halda , bank tərəfindən 920 ABŞ dolları məbləğində divident ödənilmişdir. Bu fakt bir daha bank tərəfindən sözügedən məsələyə dair obyektiv və həqiqəti əks etdirməyən araşdırılma aparılmasına dəlalət edir. Həmçinin də depozit hesablarının aşkar edilməsinə dair Azərbaycan Banklar Assosiasiyasına müraciət etmiş (xx.xx.2020- ci il tarixdə), sözü gedən qurumdan ona ünvanlanan məktubda Bank tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq, bank hesabları haqqında məlumatların konfedensial olması, depozitlər haqqında məlumatların əldə edilməsi Azərbaycan Banklar Assosiasiyasının səlahiyyətlərinə aid olmaması göstərilmişdir (24 11.2020-ci il tarixli). Dəfələrlə depozit hesablarının aşkar edilməsinə dair Bank rəhbərliyinə və digər səlahiyyətli qurumlara müraciət etmiş, hər zaman ona müsbət cavab verilməyərək, Azərbaycan Qanunvericiliyinə uyğun olaraq məhkəməyə mürəciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, bu işdə kobud qanun pozuntusuna yol verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır, iddiaçının iddia elədiyi məsələlər ilə bağlı heç bir mötəbər sübuta söykənmir, iddiaçı tərəfindən işin hallarının onun xeyrinə görüntü yaratması üçün kobud təhrifi ilə müşayiət edilir. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı dəfələrlə banka və bank rəhbərliyinə müraciət etmis, bank tərəfindən isə depozitlərə dair həqiqəti əks etdirməyən cavablar verilmişdir”. İş materiallarına baxdıqda bəlli olur ki, iddiaçının (o cümlədən onun nümayəndələrinin) ABB-yə edilən bütün müraciətləri mahiyyəti üzrə cavablandırılmış və müraciətlər bankdaxili avtomatlaşdırılmış əməliyyat sistemində əldə edilən məlumatlara əsasən depozit məbləğlərinə dair həqiqiqəti əks etdirmişdir. Bu məbləğlər ilə bağlı məlumatlar notariat ofisinə də (vərəsəlik işi çərçivəsində) eynilə təqdim edilmiş və məhz həmin məbləğlər iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində məxaric edilmişdir və həmin anda onun buna heç bir etirazı və şübhəsi olmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia edir ki, depozitə dair ABB-nin təqdim etdiyi məbləğlər həqiqi deyil, amma bununla da yanaşı, iddiaçı həqiqi məbləğləri təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı, mərhum xalasının ABB ilə mülki hüquqi-münasibətlərinə dair ümumiyyətlə heç bir sənəd təqdim etməmişdir və onun iddiası sübutsuz olmaqla MPM-in 77.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, “faizlər düzgün hesablanmamamış və burada uyğunsuzluq olmuşdur”. İddiaçının bu mülahizəsi real faktların təhrifidir və həqiqəti əks etdirmir. ABB tərəfindən faizlər düzgün hesablanmış, bununla bağlı həm iddiaçıya həm də notariat ofisinə düzgün məlumatlar verilmişdir. Belə ki, X4 adına "xxxx" ASC-nin Mərkəzi filialında xx.xx.2000-ci il tarixində ******************** saylı cari hesab açılıb. ******************** saylı hesab üzrə bankın əvvəlki avtomatlaşdırılmış əməliyyat sistemindən yeni sistemə inqteqrasiyadan əvvəlki dövr üzrə müəyyən edilmişdir ki, hesab qalığı cəmi 743.06 ABŞ dolları olmuşdur. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində müəyyən edilmişdir ki, X2 xx.xx.2007-ci il tarixində 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və xx.xx.2008-ci il tarixinə 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları məbləğində vəsaiti olmuşdur. 20412F********** referensli əmanət müqaviləsi üzrə xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 987.94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinidək 920 ABŞ dolları faiz hesablanmışdır. Həm əvvəlki dövr üzrə (bankın əvvəlki avtomatlaşdırılmış əməliyyat sistemi dövrü üzrə) hesab qalığı cəmi (743.06 ABŞ dolları), həm də müvafiq dövrlər üzrə faizlər (987.94 ABŞ dolları və 920 ABŞ dolları) birlikdə ******************** saylı cari hesabda cəmləşdirilmişdir. Məhz bu məlumatlar həm iddiaçıya həm də notariat ofisinə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan 18/1223 nömrəli xx.xx.2020-ci il tarixli ABB-nin ünvan ünvanladığı məktubdan, həmin notariat ofisinin iddiaçıya verdiyi şəhadətnamədən, iddiaçının hesabdan vəsaitləri məxaric etdiyini göstərən hesabdan çıxarışdan bəlli olur ki, ABB tərəfindən müvafiq depozitlər ilə bağlı bütün məbləğlər (əsas və faizlər) sistemdə qeyd edilən rəqəmlərə uyğun olmuş və həmin məbləğlər iddiaçı tərəfindən məxaric edilmişdir. Bu o deməkdir ki, iddiaçı öz iddia ərizəsində artıq özündə müvafiq faizləri və məbləğləri əks etdirən yekun mötəbər rəqəmin üzərinə, yenidən eyni faizləri və məbləğləri toplamaqla təhrifə və kobud səhvə yol vermişdir. ABB-nin iddiaçıya Bankda müxtəlif dövrləri əhatə edən faiz dərəcələri barədə müraciətə cavabı barədə qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən kobud təhrifə yol verilərək həmin faiz dərəcələrinin mərhum xalası ilə olan münasibətlərə şamil edilməsi iddia edilmişdir. Halbuki, iş materiallarında olan iddiaçının vəkilinin xx.xx.2021 -ci il tarixli 06/301 saylı müraciətinə, ABB-nin xx.xx.2021-ci il tarixli 41-15360/2021 cavabından bəlli olur ki, həmin faiz dərəcələri iddiaçının ABB-yə ünvanladığı, hamı üçün açıq olan informasiyaya dair ümumi olan suala ABB-nin verdiyi cavabdır. Həmin faiz dərəclərinin iddiaçının mərhum xalası ilə olan münasibətlərə aid cavab kimi qələmə vermək faktları özünün xeyrinə təhrif etməkdir və tamamilə əsassızdır. İddiaçı tərəfindən həqiqi faktların təhrif edilərək özünün xeyrinə olması görüntüsünü yaradaraq qələmə verməsi, tərəflər arasındakı münasibətə aidiyyəti olmayan orqanalara sorğu verilməsi üçün məhkəmə qarşısında vəsatətlər verərək prosesi lüzumsuz yerə uzatması, iddiasının heç bir mötəbər subuta əsaslanmaması, ümumiyyətlə özünün subyektiv hüququnun mövcudluğuna və tələbinin əsaslılığına dair heç bir dəlil (sübut) təqdim etməməsi nəticəsində tərəfimizdən ehtimal edilir ki, iddiaçı mülki qanunvericiliyin vicdanlılıq prinsipinə zidd davranış sərgiləyir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda xx.xx.1999cu ildə təsdiq edilmiş və reyestrdə 2V-126 nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı və o tam hissədə mirasdan irs almalıdır. Barəsində şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 18/223 nömrəli məktubuna əsasən mərhum X2 adına "xxxx" ASC-nin “Mərkəzi” filialında ******************** saylı cari bank hesabın qalığı 2653,43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1051 ABŞ dolları və bu vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim etdiyi tarixə göstərilən hesabdakı əmanətə hesablanmış əlavə faizlər miqdarında pul vəsaitindən ibarətdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 18/1223 saylı məktubdan görünür ki, X2 adına "xxxx" ASC-nin “Mərkəzi” filialında ******************** saylı cari bank hesabı var və hesabın qalığı 2653,43 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1000 ABŞ dolları, 20412F********** saylı əmanət hesabında əmanət məbləği 1051 ABŞ dolları təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 41-13691/2021 saylı məktubdan görünür ki, X4 ilə Bankın Mərkəzi filialı arasında əmanət müqavilələri 2000-ci il tarixdə bağlansa da, lakin əməliyyat sistemində məlumatlarının silinməsi və əmanət müqavilələrinin arxivdə aşkar edilməməsi səbəbindən, 2000-ci ildə Laris İlyasova tərəfindən qoyulmuş əsas əmanət məbləğləri barədə filial tərəfindən dəqiq məlumatın verilməsi qeyri-mümkün olmuşdur. Lakin, Bankın avtomatlaşdırılmış əməliyyat sistemində xx.xx.2007-ci il tarixə olan məlumatlara və pul vəsaitlərinin qalığına əsasən müəyyən edilmişdir ki, 2007-ci ilin dekabr ayınadək olan müddətdə Larisa İlyasovnanın hesabında əmanət və ona hesablanmış faizlərlə birlikdə 1051 ABŞ dolları məbləğində vəsait olmuşdur. Qeyd olunan 1051 ABŞ dolları məbləğində əmanət xx.xx.2007-ci il tarixdən etibarən illik 12% dərəcəsi ilə növbəti müddətə uzadılmış və əmanətə xx.xx.2020-ci il tarixədək olan müddətdə 987.94 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində xx.xx.2008-ci il tarixə olan məlumatlara və pul vəsaitlərinin qalığına əsasən müəyyən edilmişdir ki, 2008-ci ilin fevral ayınadək olan müddətdə Larisa İlyasovnanın digər hesabında əmanət və ona hesablanmış faizlərlə birlikdə 1000 ABŞ dolları məbləğində vəsait olmuşdur. Qeyd olunan 1000 ABŞ dolları məbləğində əmanət xx.xx.2008-ci il tarixdən etibarən illik 12% dərəcəsi ilə növbəti müddətə uzadılmış və əmanətə xx.xx.2020-ci il tarixədək olan müddətdə 920 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Əlavə olaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC-də xarici valyutada bir illik əmanət müqavilələri üzrə 18% dərəcəsi ilə əmanət məhsulunun olmadığını qeyd edir. xx.xx.2020-ci il tarixli FJB**********432 saylı məxaric orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya depozit hesabdan 4702 ABŞ dolları verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 024 saylı arayışından görünür ki, X4 adına "xxxx" ASC-nin Mərkəzi filialında xx.xx.2000-ci il tarixində ******************** saylı cari hesab açılıb. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsi və hesab üzrə sənədlərin arxivdə aşkar edilməməsi səbəbindən, X4 tərəfindən ilkin qoyulmuş məbləğ barədə dəqiq məlumatın verilməsi qeyri-mümkündür. ******************** saylı hesab üzrə bankın avtomatlaşdırılmış əməliyyat sistemində məlumatların silindiyi dövr üzrə müəyyən edilmişdir ki, hesab qalığı cəmi 743.06 ABŞ dolları olmuşdur. Bankın avtomatlaşdırılmış əməliyyat sistemində müəyyən edilmişdir ki, X2 xx.xx.2007-ci il tarixində 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və xx.xx.2020-ci il tarixinə 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları məbləğində vəsaiti olmuşdur. 20412F********** referensli əmanət müqaviləsi üzrə xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 987.94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinidək 920 ABŞ dolları faiz hesablanmışdır. Həm əvvəlki dövr (bankın avtomatlaşdırılmış əməliyyat sistemində məlumatların silindiyi dövr) üzrə hesab qalığı cəmi (743.06 ABŞ dolları), həm də 5-ci bənddə qeyd edilən müvafiq dövrlər üzrə faizlər (987.94 ABŞ dolları və 920 ABŞ dolları) birlikdə ******************** saylı cari hesabda cəmləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 20412F********** saylı referensli əmanət müqavilə üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 41-15360/2021 nömrəli arayışa əsasən hesablanmış faiz məbləğləri xx.xx.2010-cu il tarixədək 1.129,19 ABŞ dolları məbləğində, xx.xx.2020-ci tarixədək isə 2323,13 ABŞ dolları məbləğində müəyyən edilir. Eyni zamanda 20412F********** saylı referensli əmanət müqavilə üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 06 aprel 2023-cü il tarixli arayışa əsasən hesablanmış faiz məbləğləri xx.xx.2010-cu il tarixədək 1.139.30 ABŞ dolları məbləğində, xx.xx.2020-ci tarixədək isə 2.333,24 ABŞ dolları məbləğində müəyyən edilir. Həmçinin 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 41-15360/2021 nömrəli arayışa əsasən hesablanmış faiz məbləğləri xx.xx.2010-cu il tarixədək 1.082,08 ABŞ dolları məbləğində, xx.xx.2020-ci tarixədək isə 2.218,08 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə Azerbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 06 aprel 2023-cü ıl tarixli arayışa əsasən hesablanmış faiz məbləğləri xx.xx.2010-cu il tarixədək 1.084,00 ABŞ dolları məbləğində, xx.xx.2020-ci tarixədək isə 2.220,00 ABŞ dolları məbləğində müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. 949-cu maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. X4 ilə "xxxx" ASC-nin Mərkəzi filialı arasında xx.xx.2007-ci il tarixində 20412F********** referensli və xx.xx.2008-ci il tarixində 20412F********** referensli əmanət müqavilələrinin bağlandığı, həmin müqavilələr üzrə X2 hesab qalığının cəmi 743.06 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə 1051 ABŞ dolları və 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 1000 ABŞ dolları vəsaitin olması, 20412F********** referensli əmanət müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 987.94 ABŞ dolları faiz, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə xx.xx.2020-ci il tarixinədək 920 ABŞ dolları faiz hesablanması, ümumilikdə 4702 ABŞ dolları məbləğində vəsaitin olması və həmin vəsaitin X2 vərəsəsi olan iddiaçıya xx.xx.2020-ci il tarixində ödənilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı məhz sözügedən əmanət məbləğinə hesablanmalı olan faizlərin düzgün hesablanmadığını iddia etməklə faizlərin illik 18% dərəcəsi ilə hesablanıb ödənilməsini tələb edir, cavabdeh bank isə “Azərbaycan Beynəlxalq Bankı" ASC-də xarici valyutada bir illik əmanət müqavilələri üzrə 18% dərəcəsi ilə əmanət məhsulunun olmadığını bildirməklə, X4 ilə bağlanmış əmanət müqavilələri üzrə sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyini irəli sürür. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 944-cü maddəsi nəzərdən keçirilə bilər. Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – mərhum X2 qoyduğu əmanət üzrə faiz dərəcəsinin illik 18% olub-olmaması iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredit təşkilatı kimi bank əmanətə görə təklif etdiyi faiz dərəcəsinin nə qədər olması (18% və ya 12%) halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, mərhum X4 ilə bağlanmış əmanət müqavilələrinə əsasən qəbul etdiyi əmanətə görə faiz dərəcəsinin 18% deyil, 12% olması halını cavabdeh (bank) sübut etməlidir. Hazırkı işdə cavabdeh bank, mübahisəli hala dair məhkəməyə heç bir sübut verməmiş, yalnız Bankın avtomatlaşdırılmış əməliyyat sistemində əvvəlki dövr üzrə məlumatlarının silinməsini və hesab üzrə sənədlərin arxivdə aşkar edilməməsini irəli sürmüşdür. Cavabdeh bank iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 41-13691/2021 saylı məktubda və xx.xx.2023-cü il tarixli 024 saylı arayışında avtomatlaşdırılmış əməliyyat sisteminin məlumatlarına əsaslanmışdır və bu o deməkdir ki, elektron arxiv materialları bankda mövcud olmaqla məhz həmin elektron daşıyıcıda əmanət məbləğinin faiz dərəcəsi və iş üçün əhəmiyyət daşıyan digər sübutlar saxlanılır – lakin cavabdeh bank onları məhkəməyə təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. ...Əmanət müqaviləsinin bağlanması üçün, həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. ...Fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır. Bankın və ya bank filialının vəzifəli şəxslərinin əmanəti qəbul edərkən bank qaydalarını pozması və öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ilk əmanət müqaviləsinin tarixi əvəzinə miqrasiya (bank və ya başqa bank filialına köçürmə) tarixinin əsas götürülməsi, əmanətin bankın balansına mədaxil edilməməsi, əmanət müqaviləsində fiziki şəxsin bank hesabının qeyd edilməməsi, mədaxil qəbzində qeyd edilən bank hesabının başqa şəxsə aid olması kimi hallar isə bankın və ya bank filialının vəzifəli şəxslərinin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır. Mülki Məcəllənin 945.2-ci maddəsinə əsasən, hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər”. Buna görə də məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Mərkəzi Bankından 2000-2009-cu il tarixlər ərzində oxşar münasibətləri (bank əmanəti (depozit) müqavilələri üzrə) tənzimləyən müqavilələr üzrə şərtlər və faiz dərəcələri barədə məlumatların verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli 6-1-20/2- 1717/2023 saylı məktubla xx.xx.2003-xx.xx.2010-cu illər üzrə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının fiziki şəxslərdən cəlb etdiyi əmanətlər üzrə orta faiz dərəcələri haqqında mövcud olan məlumatlar məhkəməyə təqdim edilmişdir. Göstərilən məlumatlara əsasən mübahisənin düzgün həll edilməsi üçün qoyulmuş əmanət üzrə faiz məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyi verilmişdir. Həmin rəylə faiz məbləğləri 20412F********** saylı referensli əmanət müqavilə üzrə xx.xx.2020-ci tarixədək 2.333,24 ABŞ dolları, 20412F10900625 saylı referensli əmanət müqavilə üzrə xx.xx.2020-ci tarixədək 2.220,00 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4920 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin faiz məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Ekspert rəyindən göründüyü kimi iki əmanət müqaviləsi üzrə faiz məbləğləri xx.xx.2020-ci tarixədək olan dövr üzrə ümumilikdə 4553,24 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən isə həmin dövr üzrə 20412F********** referensli əmanət müqaviləsi üzrə 987.94 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə isə 920 ABŞ dolları, ümumilikdə 1907,94 ABŞ dolları məbləğində faiz hesablanmışdır. İşin hallarından göründüyü kimi ümumilikdə 1907,94 ABŞ dolları məbləğində faiz cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş faiz məbləği ekspert rəyi ilə müəyyən edilmiş faiz məbləğindən çıxılmaqla, qalan 2645,3 ABŞ dolları (4553,24- 1907,94) məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tələbində xx.xx.2022-ci il tarixədək hesablanmış faiz məbləğlərinin müəyyən edilərək ödənilməsini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı əmanət məbləğlərini xx.xx.2020-ci il tarixində almış, bununla da müqavilələrə xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə faiz, əmanətin bankda mövcud olduğu xx.xx.2020-ci il tarixədək olan dövr üzrə hesablanmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20412F********** referensli əmanət müqaviləsi üzrə 1345,3 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə 1300 ABŞ dolları, ümumilikdə 2645,3 ABŞ dolları məbləğində faiz tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 20412F********** referensli əmanət müqaviləsi üzrə 1345,3 ABŞ dolları, 20412F********** referensli əmanət müqaviləsi üzrə 1300 ABŞ dolları, ümumilikdə 2645,3 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-366/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-366/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver