Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-369/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «12.855 manat pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «12.855 manat pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.855 manat pulun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası Əli Yusifov 2004-cü ildər başlayaraq müharibə veteranı kimi aldığı pensiyadan mütəmadi olaraq onun adına Cavabdeh ASC-nin Naftalan filialında olan hesaba əmanət qoymuşdur. 2010-cu ildə atası rəhmətə getmişdir. Atası vəfat etdikdən sonra filiala getmiş, problemin olub-olmaması ilə bağlı filialın xizinədarı Məmməd Allahverdiyevə müraciət etmişdir. 2012-ci ildə o, vəsaitə hesablanmış faizləri müəyyən etmək üçün Naftalan şəhərində yerləşən Cavabdeh-a getmiş, Cavabdehda Məmməd Allahverdiyev əmanətə hesablanmış faizləri müəyyən edib ona 600 manat vermişdir. Faizin qalan hissəsini isə əmanətdə olan 10.565 manat pulun üzərinə gəlmişdir. Bundan sonra əmanətdə 12.855 manat olduğunu bildirib, əmanət kitabçasını ona təqdim etmişdir. Əmanət kitabçasına baxmış, həqiqətən orada 12.855 manat əmanətin olması barədə qeydiyyatın aparılmasını görmüşdür. 2013-cü ildə avqust ayında ona pul lazım olduğuna görə M.Allahverdiyevə müraciət edib əmanət kitabçasını sonuncuya vermişdir. 2014-cü ildə pul lazım olduğundan M.Allahverdiyevə müraciət etmişdir ki, əmanət kitabçasını versin. Lakin M.Allahverdiyev bildirmişdir ki, bankda yoxlama gedir, faiz hesablamadan ona pul verə bilməyəcək, ona 600 manat pul verib, əmanət kitabçasını ona verməmişdir. Bundan bir müddət sonra X2 barəsində ona və digər şəxslərə qarşı törətdiyi cinayət əməlinə görə cinayət işi başlamışlar. X2 barəsində çıxarılmış ittiham hökmü yaxın vaxtlarda qanuni qüvvəsini aldığı üçün o, məhkəməyə indi müraciət edib pulunu Cavabdeh AŞC-dən tələb etmək məcburiyyətində qalmışdır. Həmin ittihamdan görünür ki, Naftalan şəhər sakini X4 həmin filialda əmanət yerləşdirərsə, depozit hesabı üzrə aylıq əlavə 13,5 faiz gəlir verəcəyini bildirib oğlu İddiaçı adına faktik olaraq şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda adına, guya filialda şəxsi hesab olması və 3831/26 №-li əmanət hesab açılması barədə orderi KB № 007423 seriya nömrəli kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək Mətanət Yusifzadədən əmanət qəbulu adı ilə 19.11.2009-cu ildən 28.02.2012 ci il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 12.855 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağlı Bank əməliyyat sistemində (BOS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan həmin məbləğdə vəsaitin, guya bankda olan 3831/26 №-li əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi orderi KB № 007423 seriya nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək həmin vəsaitdən 1.500 manatını bacısı Mətanət Yusifzadəyə verib, qalan cəmi 11.355 manat pulu öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirmişdir. Bununla da, səlahiyyətlərindən sui-istifadə etməklə ona ziyan vurmuşdur. Qanuna zidd hərəkətləri ilə Hidi Musayev, Qasımova Aybəniz və qeyrilərınin hüquqlarına və qanuni mənafelərinə, eyni zamanda fiziki şəxslərin əmanətlərinin qəbulu və qorunması sahəsində Cavabdeh ASC-nin əhali arasında olan nüfuzuna xələl gətirməklə, bununla da hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla - vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Həmin işin ibtidai istintaq zamanı Məmməd Allahverdiyev adlarına əmanət kitabçası tərtib etməklə həmin pulu banka təhvil verməsə də, işin gedişi zamanı Cavabdeh ASC tərəfindən həmin zərərçəkmiş şəxslərə bankın işçisi olan Məmməd tərəfindən edilmiş hərəkətə görə vurulan ziyanlar ödənilmişdir. Ancaq onun işi olduğuna görə banka bu barədə müraciət etməmişdir. Sonradan isə müraciət etməsinə baxmayaraq, bank həmin pulu ona ödəməkdən imtina etmişdir. Ona görə də, vəziyyətdən çıxış yolu kimi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, bankın işçisinin etdiyi hərəkətlərə görə bank mülki məsuliyyət daşımalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, işin faktiki halları kifayət qədər araşdırılmamışdır. 2010-cu ildə iddiaçının atası vəfat etmişdir. Həmin vaxtdan sonra pulu kimin qoyduğu məlum deyil. Ümumiyyətlə iddia əsassızdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10.07.2018-ci il tarixli 1(088)-181/2018 saylı hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə mülki iddia qismən təmin edilmiş və X1 126.490 manat 50 qəpik pul vəsaitinin tutularaq Cavabdeh ASC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Həmin hökmlə təsbit edilmişdir ki, cavabdehin işçisi X2 tərəfindən iddiaçıya 11.355 manat maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdehin işçisi tərəfindən iddiaçıya 11.355 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən, 11.355 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.355 manat pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçının ödənilməsini tələb etdiyi 12.855 manat pulun 1.500 manatı ödənilmişdir və qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən ödənilməli məbləğ 11.355 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.355 manat pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-369/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-369/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver