Məhkəmə qərarları › İş №2(006)-3706/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3706/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3706/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsi üzrə borcun restrukturizasiyası" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycaan Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsi üzrə borcun restrukturizasiyası" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təcili olaraq istehlak xərclərini qarşılamaq üçün pula ehtiyacı yarandığından kredit götürmək qərarına gəlmiş və öyrənə bilmişdir ki, "xxxx" ASC əlverişli şərtlərlə (əgər belə demək mümkün idisə) vətəndaşlara kredit xətti açmışdır. Elə bu arzularla da 11.06.2015-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialına gedərək kreditin şərtləri ilə maraqlanmışdır. İlk baxışdan cavabdeh iddiaçıda elə «xoş təəssüraf» yaratmışdır ki, iddiaçı bir də ayılmışdır ki, artıq krediti götürmək üzrədir və aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. İddiaçı banka pul almağa yox, kredit götürməyə getmişdir və krediti hər hansı xarici valyuta ilə götürəcəyi barədə banka hər hansı ərizə də yazmamışdır. Halbuki əslində iddiaçı krediti manatla götürmək istəsini qabaqcadan cavabdehə bildirmişdir. Yəni hər bir halda cavabdeh iddiaçıya qarşı münasibətdə kreditin manatda lazım olduğunu bilirdi, çünki Azərbaycan Respublikasının ərazisində hər hansı bir daşınar və ya daşınmaz əmlakın manatdan başqa digər valyuta ilə alınması mümkün deyil. Lakin bütün bunlara baxmayaraq, bank iddiaçının sadəlövlüyündən sui-istifadə edərək aldatma yolu ilə sonradan ödənişlərin ABŞ dolları məzənnəsi ilə həyata keçirilməsi siyasətini realizə edərək iddiaçıya çox ağır maddi və mənəvi zərbələr vurmuşdur. Həmin dövr üçün ilk aylar manatla ödəniş etmişdir. Hamıya məlum olan 2015-ci ilin dekabr ayında olan devalyasiya ilə əlaqədar aylıq ödənişlərin artması və bununla əlaqədar ödəmə qabiliyyətinin demək olar ki, itirilməsi səbəbindən müqavilə üzrə ödənilməmiş qalan kredit borcunun manata çevrilməsi üçün iddiaçı tərəfindən keçən müddət ərzində Banka və Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət olunsa da, bir nəticə verməmişdir. Əksinə bank tərəfindən iddiaçıya hesablanmış borc əsassız olaraq şişirdilmişdir. Baxmayaraq ki, bununla bağlı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının 28.02.2019-cu il tarixli Fərmanı qəbul edilmişdir. Qanunvericiliyə əsasən kredit yalnız manatla alına bilər və cavabdeh bunu bilməli idi, daha doğrusu dəqiq bilirdi. Təsadüfi deyildir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərin hüquq və vəzifələri xüsusi qeyd olunsa da, üstünlük hüququ bankda saxlanılmış, ancaq hüquqları qeyd edilmiş, vəzifələri barədə heç bir müddəa yazılmamışdır. Əksinə kredit alanın isə ancaq vəzifələri göstərilmiş, hüquqlarının olması barədə heç bir bənd əlavə edilməmişdir. Bu hal onu göstərir ki, bank müqavilənin standart şərtlərini özü üçün vacib hesab edərək kredit alanın hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə şəraitin dəyişməsi ilə bağlı, yəni dolların kursunun bahalaşacağı barədə konkret heç nə yazılmasa da, yenə də bank öz maraqlarını unutmamışdır. Halbuki, respublika daxilində dolların hər gün dəyişən məzənnəsi qarşısında kredit alan olaraq iddiaçının durumunu başa düşmək o qədər də çətin məsələ deyildir. Lakin bu şərtlərlə kredit ödəmək də bir tərəfin xeyrinə hazırlanmış standart müqaviləyə əsasən onun vəzifələrinə də daxil deyildir. Göründüyü kimi, cavabdeh öz hərəkətləri ilə əhəmiyyətli pozuntuya yol vermişdir ki, bunun da nəticəsində digər tərəfə vurduğu zərər nəticəsində, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin iddiaçıya qarşı sadaladığı qanunsuz hərəkətləri, digər bir qanunun da tələblərinin pozulmasına yol açmışdır. Belə ki, cavabdeh «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq istehlakçı olan iddiaçıya zəruri və düzgün məlumat verməmiş və bununla da iddiaçını aldatmışdır. Göstərilənlərə əsasən 15.06.2015-ci il tarixli borcunun restrukturizasiya edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulması, bugünədək qanunsuz hesablanmış faiz dərəcələrin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı ərizə verərək cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətini ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, qeyd olunan məbləğ restrukturizasiya olunmuş lakin Fonda iddiaçı tərəfindən vaxtında müraciət olunmamışdır. Bunları nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 2(075)-120/2019 saylı, 18.07.2019-cu il tarixli qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X6, X7, X8, X2 və X5 qarşı «kredit müqaviləsinə xitam verilməsi və kredit borcu üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Həmin qərardadı ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı güzəştli kreditlərə dair sərəncamdan yararlanması üçün kompensasiya məbləği almışdır. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” barədə 17.10.2019-cu il tarixli çıxarışa əsasən, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə 21 dekabr 2015-ci il tarixə əsas borcu 4216,38 manat kompensasiya hesablanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə "NBC Bank” açıq səhmdar cəmiyyəti arasında 11.06.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən iddiaçıya 36 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya tətbiq edilməklə artıq hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddianın hüquqi əsası olmadığından iddia qismən təmin edilməlidir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehlər Azərbaycan Republikası Mərkəzi Bankından və Əmanətlərin Sığortalanması Fondundan borcun restrukturizasiya edilməsini və borcun silinməsi tələb etməsinə baxmayaraq, Azərbaycan Republikası Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondu həmin tələbi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımırlar və onlar hazırki iş üzrə əsl cavabdehlər deyillər. Belə ki, Mərkəzi Bank qeyd olunan tələblə bağlı məbləğ verən orqan kimi deyil, vətəndaşın məbləğinin fərmanın təsir dairəsinə düşüb düşməməsi, düşdüyü təqdirdə məlumatın banka verməsi səlahiyyətli ilə mükəlləf olmuşdur. Hazırki halda iddiaçının məbləğı MKR çıxarışına və Maliyyə Bazarlarına Nəzarət Palatasının çıxarışına əsasən fərmanın təsir dairəsinə düşməsi mübahisəsiz haldır. Bu halda artıq Mərkəzi Banka aid vəzifələr bitdiyindən iddia tələbi Mərkəz Banka qarşı hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin iddianın Əmanətlərin Sığortalanması Fonduna aid hissədə isə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2017-ci il tarixli Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarında Fondun fəaliyyətinə dair şərh verilmişdir. Belə ki, fondun hüquqi statusu “əmanətlərin sığortlanması haqqında” Qanunun 3-cü maddəsində müəyyən edilmişdir. Bu maddəyə görə, Fond hüquqi şəxsdir, qeyrikommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, “Əmanətlərin sığortalanması haqqında” Qanuna, digər qanunvericilik aktlarına və Fondun Qaydalarına əsaslanır. X13 Himayəçilik Şurası tərəfindən qəbul edilir və bütün iştirakçı banklar üçün məcburi xarakter daşıyır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq X3 müstəqil Fond kimi bu iş üzrə subyektiv cavabdelik daşımadığında iddia tələbi ona aid hissədə təmin oluna bilməz. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Republikası Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondu iddiaçının iddiasına cavab verməli olan şəxslər olmamışlar. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı əsas götürərək qeyd edir ki, iddiaçının tələbi Azərbaycan espublikası Prezidentinin 551 saylı Fərmanın təsir dairəsinə düşdüyündən, bu məsələ ilə bağlı ona fərmanla müəyyən edilmiş 1 illik müddət çərçivəsində ləğvediciyə müraciət etdiyindən iddia tələbi məbləğin restrukturizasiya hissədinə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 15 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği restrukturizasiya olunmalı, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 15 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış bütün faiz və cərimə məbləğləri silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 15 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsir dairəsinə düşdüyündən Ləğv Prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı arasında restrukturizasiyaya aid müqavilənin (Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın tələbləri nəzərə alınmaqla) bağlanması öhdəliyi qoyulsun. İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 15 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış bütün faiz və cərimə məbləğlərinin silinməsi öhdəliyi cavabdeh Ləğv Prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar