Məhkəmə qərarları › İş №2(006)-372/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-372/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-372/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 23 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən X3 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə 21.09.2017-ci ildən 23.08.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2238.35 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2238.35 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.09.2017-cü il tarixindən 23.08.2021-ci il tarixinədək geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2238,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2238,35 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tuutlması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddiasını müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər.

6. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla, 19000 USD (on doqquz min ABŞ Dolları) məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinə 21.04.2015-ci il tarixli əlavədən görünür ki, 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 №-li kredit müqaviləsinə əsasən “24 ay” sözləri “34 ay 8 gün” sözləri ilə əvəz edilmiş və kreditin müddəti 34 ay 8 gün hesab edilmiş, “13.11.2016” sözləri “21.09.2017” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “21.09.2017” hesab edilmiş, “28” sözləri “26” sözləri ilə əvəz edilmiş və kreditin illik faiz dərəcəsi 26% hesab edilmiş, müqavilənin digər şərtləri dəyişilmədən qalmışdır.

10. İşin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 23.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 23.08.2021-ci il tarixində əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla – 2238,35 ABŞ dolları borcu vardır.

11. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(006)-1919/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı ASC-dən tutularaq VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət olunmuşdur.

12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli, 2(103)-9169/2021 saylı qətnaməsindən görünür ki, Apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1919/2021 saylı iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunması qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 aralarında bağlanmış 13.11.2014-cü il tarixli, 23-M-1-0-868-14 saylı “bank hesab, kredit və zaminlik müqavilə”si üzrə məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.07.2021-ci il tarixli, 2(006)-1919/2021 saylı məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmetini təşkil edən, lakin fərqli tarix aralıqlarındakı (21.09.2017-ci il ilə 07.12.2020-ci il tarixdədək) olan tələbə artıq hüquqi qiymət verilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin münkünsüzlüyü deməkdir.

18. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

19. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.

20. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə məhkəmə mübahisəsi olmuş, İddiaçı ASC-nin iddia müddətini ötürdüyü üçün həmin tələblər həm əsas borca münasibətdə, həm faiz, cərimə və hesablanan illik 5 % dərəcəsinə görə iddiası təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, hazırki iddia tələbindəki illik 5 % məbləği əvvəlki qətnamə ilə baxılan müddətdən (21.09.2017-ci il ilə 07.12.2020) fərqli müddət üzrə istənildiyindən bu iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə 21.09.2017-ci ildən 23.08.2021-ci ilədək olan tarix aralığına görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə 21.09.2017-ci ildən 23.08.2021-ci ilədək olan tarix aralığına görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar