Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-373/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən zəmanətlə alınmış, lakin istehsal xarabı çıxmış mobil telefonun dəyişdirilməsi və ya telefonun geri qaytarılaraq iddiaçının ödədiyi 812 (səkkiz yüz on iki) manat pulun ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin Ağcabədi filialından 1.949,49 manat dəyərində “Samsung S901 Black (**********18913)” markalı mobil telefonu 12 ay müddətinə kreditlə götürmüşdür. Mobil telefonun aylıq ödənişi 163 manat təşkil etmişdir. İddiaçı cavabdehə 16 dekabr 2022-ci il tarixdən 2023-cü ilin iyun ayına kimi ümumilikdə 812 manat kredit ödəmişdir. Mobil telefonu alarkən iddiaçıya zəmanət talonu təqdim edilmiş, onun tərəfindən cavabdehə ilkin ödəniş kimi 98 manat pul ödənilmişdir. Krediti ödəməsinə baxmayaraq, mobil telefon əvvəldən normal işləməmiş, alındıqdan 2-3 ay sonra telefonda nasazlıqlar yaranmağa başlamışdır. Belə ki, telefon öz-özünə sönmüş, daxil olan zəngləri qəbul etməmişdir. Bu səbəbdən o, telefonu aldığı yerə müraciət edib bu problemi bildirmişdir. Onlar telefonu təmir etmək üçün qəbul etmişlər. Bir neçə gündən sonra cavabdeh MMC-nin baş ofisindən ona zəng gəlmiş və bildirmişlər ki, telefonda zavod istehsalı problemi, yəni telefonun platasında nasazlıq var, dəyişdirilməlidir. İddiaçı telefonun dəyişdirilməsini istədiyini bildirmişdir. Lakin cavabdeh tərəf ona yalnız platanın dəyişəcəyini bildirmişdir. Beləliklə, cavabdehin dediyinə görə telefonun platası dəyişdirilmişdir. Lakin bundan sonra da telefondakı nasazlıqlar davam etmişdir. Telefon qızmış və düzgün işləməmişdir. İddiaçı telefonun partlayacağından ehtiyat etmişdir. Bu səbəbdən də telefonun dəyişdirilməsi və ya geri qaytarılması üçün iddiaçı yenidən cavabdehə müraciət etmişdir. Lakin cavabdeh telefonu dəyişdirməkdən və ya qaytarmaqdan imtina etmişdir. İddiaçı isə xarab telefon satdığına görə cavabdehə ödəniş etməyi dayandırmışdır. İddia ərizəsi verilən günə kimi o, nə telefonu dəyişə, nə də qaytara bilməmiş, pulunu da ala bilməmişdir. Kredit ödənişi dayandırıldığına görə cavabdeh 2023-cü ilin avqust ayında telefonu ümumiyyətlə bağlamışdır. Cavabdeh telefonun platasının xarab olması və dəyişdirilməsi ilə bağlı iddiaçıya heç bir rəsmi məlumat verməmişdir. Ona bu barədə sadəcə şifahi məlumat verilmişdir. İddiaçı cavabdehdən rəsmi məlumat istəsə də, bu barədə heç bir sənəd verilməmişdir. Ona görə də iddiaçı bu məsələni məhkəməni qaydasında həll etmək istəyir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh telefonu təmir edəcəyi təqdirdə, pulun qalan hissəsini ödəməyə razı olduğunu əlavə etdi.
4. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq məsələnin sülh yolu ilə həllinin mümkün olmadığını bildirdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Cavabdeh MMC-nin Ağcabədi filialı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli zəmanət talonundan görünür ki, qiyməti 1.949,99 manat, İMEİ kodu **********18913 olan “Samsung SM-S901” markalı telefona 12 ay müddətinə zəmanət verilmişdir. İddiaçı zəmanət şərtləri ilə tanış və razı olduğunu, məhsulu qəbul etdiyini, heç bir əmtəə və texniki qüsur aşkar etmədiyini imzası ilə təsdiq etmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, HHP41500 nömrəli texniki rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən satılmış İMEİ kodu **********18913 olan “Samsung SM-S901” markalı telefonda cüzi əyrilik var, arxasında və ekranda qoruyucu var. Telefonda mexaniki zədə və daxilində maye izləri aşkar edilməmişdir. Yoxlanış zamanı qüsur aşkar edilməmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş məlumatdan görünür ki, kompüter-texniki ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş “Samsung S901 Black” modelli mobil telefonun üzərində və ekranında kənar predmetin təsirindən yarana bilən hər hansı bir zədə, iz aşkar edilmədi. Ballistik və trasoloji ekspertizanın nəticəsinə əsasən mobil telefonun üzərində və ekranında kənar predmetin təsirindən yarana bilən hər hansı zədə, iz aşkar edilmədiyindən onun aradan qaldırılması üçün çəkilən xərci müəyyən etmək mümkün olmadı.
10. İş materiallarına ödəniş cədvəli və ödənişlərə dair qəbzlər də əlavə edilmişdir.
11. Mübahisə predmeti olan mobil telefon iddiaçı tərəfindən ekspertiza tədqiqatına və məhkəmə baxışına təqdim edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixdə dəyəri 1.949,99 manat, İMEİ kodu **********18913 olan “Samsung SM-S901” markalı telefonu 12 ay müddətinə, hissə-hissə ödəmək şərtilə Cavabdeh MMC-dən almışdır. İddiaçı telefonu alan zaman 12 ay müddətində etibarlı olan zəmanət talonu (qarantiya) da əldə etmişdir.
13. İş üzrə tərəflərin mübahisələndirmədiyi hal ondan ibarət olmuşdur ki, iddiaçı bir neçə ay telefonu işlədib, aylıq ödənişlərin bir hissəsini etdikdən sonra telefonda problem yaranmış və o, bu problemin aradan qaldırılması üçün cavabdehə müraciət etmişdir. Həmin vaxt zəmanət talonu (qarantiya) qüvvədə olmuş, telefonun platası dəyişdirilmişdir. Cavabdehin müraciəti əsasında telefona baxış keçirmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, HHP41500 nömrəli texniki rəydə telefonda mexaniki zədə və daxilində maye izlərinin, yoxlanış zamanı qüsurun aşkar edilməməsi qeyd olunmuşdur. Beləliklə, zəmanət talonunun qüvvədə olduğu müddət ərzində iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən telefonun platasının dəyişdirilməsi təmin edilmiş və telefon iddiaçıya qaytarılmışdır.
14. Buna baxmayaraq, iddiaçı aylıq ödənişləri ödəməyə yenə də davam etməmişdir. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı telefonda problem olduğunu bildirərək, yenidən cavabdehə müraciət etmiş, lakin onun ikinci müraciətinə əsasən aparılmış yoxlama zamanı telefonda heç bir qüsur aşkar edilməmişdir (tərəflərin heç biri iddiaçının ikinci müraciəti və onun nəticəsi barədə rəsmi sənədi məhkəməyə təqdim etməmişdir). Buna görə də cavabdeh iddiaçının telefonun dəyişdirilməsi və ya geri qaytarılması barədə təkliflərinə müsbət cavab verməmişdir. Belə olan halda, iddiaçı həmin tələblərlə məhkəməyə müraciət etmiş, bu zaman artıq zəmanət talonunun (qarantiyanın) müddəti bitmişdir.
15. Hazırda iddiaçı mübahisə predmeti olan telefonda istehsal problemi olduğunu, platası dəyişdirildikdən sonra isə həddən artıq, hətta partlaya biləcək dərəcədə isindiyini iddia edərək, telefonun dəyişdirilməsini və ya telefonun cavabdehə qaytarılaraq ödədiyi pulun ona verilməsini; cavabdeh isə iddiaçının iddiasının əsassız olduğunu, zəmanət müddətinin artıq bitdiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
16. Məhkəmə araşdırmaları zamanı iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli ekspert rəylərində mübahisə predmeti olan mobil telefonun üzərində və ekranında kənar predmetin təsirindən yarana bilən hər hansı bir zədə, iz aşkar edilmədiyi, buna görə də zədə və ya izin aradan qaldırılması üçün çəkilməli olan xərci müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.
17. İddiaçı tərəfindən məhkəmə baxışına təqdim edilmiş mübahisə predmeti olan mobil telefon məhkəmə iclasında həm enerji yığan zaman, həm də enerjidən ayrı olduğu (açıq) vəziyyətdə yoxlanılmış, heç bir xüsusi bilik tələb etməyən bu sadə yoxlama zamanı telefonda isinmə müəyyən edilməmiş, belə ki, telefonun normal, adi deyilə biləcək dərəcədə isinməsi müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddiaçının dəlilləri onun tərəfindən sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zəmanət talonu (qarantiya) qüvvədə olan müddət ərzində iddiaçının ilkin müraciəti əsasında mübahisə predmeti olan telefonda müəyyən edilmiş qüsurun aradan qaldırılması (platanın dəyişdirilməsi) cavabdeh tərəfindən təmin edilmişdir. İddiaçının ikinci müraciəti əsasında isə telefonda heç bir problem aşkar edilmədiyindən, onun telefonun dəyişdirilməsi və ya telefonun geri alınaraq ödənilmiş pulun ona qaytarılması barədə təklifi cavabdeh tərəfindən qəbul edilməmişdir. Deməli, zəmanət talonu (qarantiya) qüvvədə olan müddət ərzində iddiaçının telefonunun təmir edilməsi bir dəfə cavabdeh tərəfindən təmin edilmiş, ikinci müraciətin tarixi bəlli olmasa da, bu zaman qüsur aşkar edilmədiyi üçün telefonda heç bir iş görülməmiş, cavabdehlə razılığa gəlməyən iddiaçı isə zəmanət talonu (qarantiya) qüvvədən düşdükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmiş və telefonda istehsal qüsuru olmasını, telefonun həddən artıq isindiyini iddia etməsinə baxmayaraq, belə qüsurların mövcudluğu və bu qüsurların məhz zəmanət talonu (qarantiya) qüvvədə olan müddətdə aşkar edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə üzrə vəzifələrin bölgüsünü təsbit edən normalarına əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Bu baxımdan, telefonda istehsal qüsuru olmasını və telefonun həddən artıq, partlama dərəcəsində isindiyini iddia edən iddiaçı bu dəlillərini sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar nəticəsində əldə edilmiş ekspert rəyləri ilə və məhkəmə baxışı zamanı aparılmış sadə yoxlama ilə də bu dəlillər öz təsdiqini tapmamış, bununla da iddiaçının iddiasını əsaslandırdığı dəlillər məhkəmə tərəfindən heç bir əsasa və mötəbər sübuta söykənməyən, formal mülahizələr kimi qiymətləndirilmişdir. İddianın əsaslandırıldığı halların öz təsdiqini tapmaması isə bu faktların mövcud olmayan kimi məhkəmə tərəfindən rədd edilməsi üçün əsas hesab olunur.
20. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. İddianın qanuni əsasına gəldikdə isə Mülki Məcəllənin tələbinə görə, iddiaçı cavabdehdən aldığı məhsulun keyfiyyəti ilə bağlı yaranmış bu tələbini mövcudluğunu iddia etdiyi qüsurları məhz qarantiya (zəmanət talonu) qüvvədə olan müddət ərzində aşkar etdiyi halda irəli sürə bilsə də, hazırkı işdən müəyyən edilir ki, iddiaçı belə qüsurların olmasını sübut etməməklə yanaşı, bu qüsurları məhz 12 aylıq qarantiya (zəmanət talonu) dövründə aşkara çıxarmasını da sübuta yetirməmiş, hətta məhkəməyə həmin müddət bitdikdən uzun müddət sonra müraciət etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının hazırda iddia etdiyi qüsurların onun tərəfindən qarantiya (zəmanət talonu) müddəti ərzində “aşkara çıxarılması” ağlabatan hesab oluna bilməz. Deməli, hazırkı iddia tələbi həm də qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
22. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1, 581.4. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 582. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Maddə 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 588. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
26. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
27. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “məhsulun dəyişdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova