Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3730/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 6700 manat kompensasiya, hüquqi yardıma görə 550 manat, 30 manat dövlət rüsumu cəmi 7280 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ASC-nin müştərisi olaraq 2010-cu ildən bank əmanəti müqaviləsinə əsasən mütəmadi pul qoymuş və faiz götürməklə faydalanmışdır. Sonuncu dəfə 06 yanvar 2017-ci il tarixli, 8-50312 saylı bank əmanəti müqaviləsinə uyğun 15% dərəcəsi ilə 18 ay müddətinə 5000 manat, 20 iyun 2017-ci il tarixdə 15% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat qoymaqla həmin tarixdə 100 manatı geri almış və 11 oktyabr 2018-ci il tarixdə 10% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat cəmi 6000 manat pul qoymuşdur. Müqavilənin icrası dövründə 11.10.2018-ci il tarixli kassa məxaric orderinə görə 281.8 manat və 11.01.2019-cu il tarixli kassa məxaric orderinə görə 156.2 manat faiz pulu almışdır. 11 oktyabr 2018-ci il tarixli bank əmanəti müqaviləsi 11 oktyabr 2019-cu il tarixdə prolonqasiya olunmuş, lakin həmin məbləğə hesablanacaq illik 10% pul iddiaçıya verilməmiş və 28.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankın qərarı ilə Cavabdeh ASC ləğv edilmişdir. Belə olan halda iddiaçı bank əmanəti müqaviləsi şərtləri, eləcə də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə əmanət üzrə kompensasiya almalı idi. Müvəkkili İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməsinə baxmayaraq ona kompensasiyanın ödənilməsi imkanlarının xaricində olmasını bildirmişdir. Hesab edir ki, cavabdehin kompensasiyanın ödənilməsindən imtina etməsi qanunsuz və əsassızdır və bu səbəbdən məhkəmə qaydasında mübahisənin həll edilməsi zərurəti vardır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış müqavilələrə əsasən 2010-cu ildən iddiaçı banka mütəmadi pul qoymuş və faiz götürməklə faydalanmışdır. İddiaçı ilə bank arasında bağlanmış 06 yanvar 2017-ci il tarixli Əmanət müqavilələrinə əsasən iddiaçı tərəfindən Banka illik 15% dərəcəsi ilə, yəni 18 ay müddətinə 5000 manat məbləğində əmanət yerləşdirilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinin məzmununa əsasən müqavilə müddətinin sonuncu gününədək əmanətçi tərəfindən tələb olunmazsa, Bank müqavilə müddətinin uzadılmasın razı olduqda növbəti gündən etibarən müqavilə eyni müddətə eyni şərtlər daxilində uzadılmış hesab olunur. Müqavilə müddətinin sonuncu günü əmanət məbləği iddiaçı tərəfindən tələb edilmədiyinə görə «Əmanət Müqaviləsi» 07 yanvar 2020ci il tarixində 18 aylıq müddətinə, əmanət illik faiz dərəcəsi 12% olmaqla avtomatik prolonqasiya edilmişdi. Həmçinin Əmanətlərin Sığortalanması X3 tərəfindən 01 iyul 2019cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10% müəyyən edilmişdi. Bu səbəbdən əmanətiniz üzrə bank tərəfindən təqvim haqları ödənilməmiş və iddiaçının əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən təqdim edilmiş «bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə» kompensasiya olunacaq əmanət kimi göstərilməmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdi ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 iyul 2017-ci il tarixli 8-50312 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-cibəndinə əsasən Bank qəbul etdiyi 1000 manat əmanət üçün əmanətçiyə illik 15% ödəyir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2017-ci il tarixli 8-50312 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-cibəndinə əsasən Bank qəbul etdiyi 2000 manat əmanət üçün əmanətçiyə illik 15% ödəyir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2017-ci il tarixli 8-50312 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-cibəndinə əsasən Bank qəbul etdiyi 3000 manat əmanət üçün əmanətçiyə illik 15% ödəyir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2018-ci il tarixli 8-50312-41 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Cavabdeh ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-cibəndinə əsasən Bank qəbul etdiyi 1000 manat əmanət üçün əmanətçiyə illik 10% ödəyir. İş materiallarına əlavə edilmiş Əmanət kitabçasının surətindən görünür ki, iddiaçı tərəfindən əmanət qoyulmuş 6000 manat məbləğ Bank tərəfindən iddiaçıya qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş 20.07.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 1000 manat məbləğ hesabın möhkəmləndirilməsi üçün Cavabdeh ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan məxaric qəbzlərindən görünür ki, 11.10.2018-ci ildə İddiaçı 150 manat; həmin tarixdə 131,8 manat; 11.01.2019-cu il tarixdə 131,2; 14.01.2019-cu il tarixdə 25 manat məbləğində faiz ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 944.1-ci maddəsinə əsasən, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.1-ci maddəsinə əsasən, Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər. Həmin Məcəllənin 947.4-cü maddəsinə əsasən, Əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması X3 tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1 və 5.2-ci maddələrinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə və yuxarıda qeyd olunan hüquq normalarla müəyyən edilir ki, iddiaçı Cavabdeh ASC-nin müştərisi olaraq 2010-cu ildən bank əmanəti müqaviləsinə əsasən mütəmadi pul qoymuş və faiz götürməklə faydalanmışdır. Sonuncu dəfə 06 yanvar 2017-ci il tarixli, 8-50312 saylı bank əmanəti müqaviləsinə uyğun 15% dərəcəsi ilə 18 ay müddətinə 5000 manat, 20 iyun 2017-ci il tarixdə 15% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat qoymaqla həmin tarixdə 100 manatı geri almış və 11 oktyabr 2018-ci il tarixdə 10% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat cəmi 6000 manat pul qoymuşdur. Müqavilənin icrası dövründə 11.10.2018-ci il tarixli kassa məxaric orderinə görə 281.8 manat və 11.01.2019-cu il tarixli kassa məxaric orderinə görə 156.2 manat faiz pulu almışdır. 11 oktyabr 2018-ci il tarixli bank əmanəti müqaviləsi 11 oktyabr 2019-cu il tarixdə prolonqasiya olunmuş, lakin həmin məbləğə hesablanacaq illik 10% pul iddiaçıya verilməmiş və 28.04.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankın qərarı ilə Cavabdeh ASC ləğv edilmişdir. Cavabdeh ASC müflis elan edildiyindən iddiaçı bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin bugünədək müraciətinə cavab verilməmişdir. Bu səbəbdən iddiaçıya məxsus 6000 manat məbləğində əmanət cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borlu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Göyündüyü kimi, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı cəmi 700 manat məbləğində faiz borcu yaranmışdır. Odur ki, iddia həmin hissədə təmin edilərək iddiaçıya hesablanan 700 manat faiz borcu cavabdehdən tutulmalıdır. İddiaçının cavabdehdən ona hüquqi yardıma görə 550 manat məbləğində ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardıma görə 550 manat məbləğində pulun ödənilməsi barədə sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 6000 (altı min) manat əmanət, 700 (yeddi yüz) manat faiz, 30 (otuz) manat dövlət rüsumu, cəmi 6730 ((altı min yeddi yüz otuz) manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3730/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3730/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver