Məhkəmə qərarları › İş №2(006)-3761/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3761/2022

14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3761/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-5469/2015 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı aliment məbləğinin artırılmasına dair iddia tələbi qismən təmin olunmuşdur. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların təhsilə ehtiyacı var və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh ödəməkdən boyun qaçırır. Uşaqların bütün qayğısını, ehtiyacını iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cı il təvəllüdlü X2 və X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq sabit pul məbləğində hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment ödəyə bilər. Belə ki, ikinci nikahından onun himayəsində 3 azyaşlı övladı var və həyat yoldaşı işsizdir. Özü isə hal-hazırda sürücü işləyir, aylıq əmək haqqı 500 manat təşkil edir, əlavə gəlirləri yoxdur. Qeyd olunanlara əsasən iddianın qismən, yəni hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ödənilməsi hissəsində təmin olunmasına etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİl № 903140 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİl № 903151 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5469/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3822/15 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarından əlavə, cavabdehdən hər ay, hər uşaq üçün 38 manat olmaqla, cəmi 76 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh ikinci nikahından xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı övladları var, Cavabdeh isə Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü işləyir və aylıq əmək haqqı 528,26 AZN təşkil edir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahından iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar boşanmışlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarından əlavə, cavabdehdən hər ay, hər uşaq üçün 38 manat olmaqla, cəmi 76 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa 193 manat məbləğində alimentin tutulmasını tələb edir, cavabdeh isə ikinci nikahından 3 övladının olmasını, əmək haqqının 500 manat olmasını bildirərək, alimentin bir uşaq üçün 150 manat, iki uşaq üçün 300 manat məbləğində müəyyən olunmasına etiraz etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılması haqqında öz iddiasını əsaslandıraraq «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan və təqdim etdiyi sənədlərin surətlərindən görünür ki, onun hazırki nikahından üç övladı var və valideyn olaraq həmin uşaqların saxlanması ilə bağlı öhdəlikləri vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh rəsmi iş yerinin olmasına və əmək haqqının almasına baxmayaraq, uşaqların mənafeyi, həmçinin cavabdehin özünün ərizəsi nəzərə alınmaqla alimentin miqdarı əmək haqqının bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması məqsədəmüvafiqdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar