Məhkəmə qərarları › İş №2(006)-3762/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3762/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3762/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək, 17.03.2013-cü il təvəllüdlü X3 və 17.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qanunda nəzərdə tutulduğu miqdarda sabit pul məbləğində hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan 11.03.2010-cu il tarixdə bağlanmış nikahları pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Belə ki, onların birgə nikahdan 17.03.2013-ci il təvəllüdlü X5 və 17.06.2015ci il təvəllüdlü X4 adlı uşaqları doğulub. Nəsimi Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(006)-6404/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay uşaqlara cəmi 320 manat aliment kəsilmişdir. Uşaqlar hazırda böyük uşaqlardır. Uşaqlar böyüdükcə də tələbatları daha da artır. Ona görə də cəmi 320 manat alimentlə hazırki vaxta saxlamaq çox çətindir. Hazırda da «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən olunmuşdur. Ona görə də uşaqlara kəsilən alimentin artırılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etdi və iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(006)-6404/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 11.03.2010-cu il tarixdə bağlanmış və Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11.03.2010-cu ildə 215 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 17.03.2013-cü il təvəllüdlü X3 və 17.06.2015-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 17.03.2013-cü il təvəllüdlü X3 və 17.06.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 08.10.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin öncələr nikahda olmaları, onların 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh hazırda “xxxx” Azərbaycan-X1 menecer vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 700 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırki halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməmişdir. İddiaçı isə cavabdehin maddi vəziyyətinin yaxşılaşması, daha artıq məbləğdə aliment ödəyə bilməsi hallarını sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, sabit pul məbləğində hər ay hər uşağa görə 160 manat, cəmi 320 məbləğində aliment 17.03.2013-cü il təvəllüdlü X3 və 17.06.2015-ci il təvəllüdlü X2 mənafeyinə tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar