Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-377/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.02.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 22 faizlə, 24 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 24.02.2015-ci il tarixli, 480003798/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. ********* nömrəli 24.02.2015-ci il tarixli Kredit və Zaminlik müqavilələri üzrə 01 nömrəli 03.09.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana 10500 ABŞ dolları məbləğində verdiyi kreditin qalıq məbləği 8280,46 ABŞ dolları təşkil edir. Kreditin müddəti 31.08.2018-ci il tarixinədək uzadılmışdır. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 24.02.2015-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Cavabdeh1 13.07.2021-ci il tarixə kredit üzrə cəmi borcu 19398,56 ABŞ dolları təşkil edir. Bundan 5778 ABŞ dolları əsas, 4818,77 ABŞ dolları faiz, 7964,19 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 837,60 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, cəmi 19398,56 ABŞ dolları borcbundan 5778 ABŞ dolları əsas, 4818,77 ABŞ dolları faiz, 7964,19 ABŞ dolları cərimə,kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 837,60 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddianı müdafiə edərək, qarşı tərəfin vəkili və nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız olduğunu qeyd etdi və iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasından əvvəl Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə 16.05.2022-ci il tarixli ərizə ilə müraciət edərək, cavabdehə qarşı ”kredit borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında da ərizəsində yazılanları müdafiə edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 22 faizlə, 24 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.02.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İşdə olan "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış ********* saylı 24.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 №-li Əlavə Sazişindən və "xxxx" ASC ilə borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsi üzrə 1 №-li Əlavə Sazişdən görünür ki, kreditin müddəti 31.08.2018-ci il tarixədək uzadılmışdır. Həmçinin, ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun 13 iyul 2021-ci il tarixinə Banka 5778 ABŞ dolları məbləğində əsas borcu, 4818,77 ABŞ dolları faiz borcu, 7964,19 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən hazırki vaxtadək 5%-lik faiz borcu üzrə 837 manat olmaqla, ümumilikdə 19398 manat məbləğində borcu vardır. Nəsimi Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli 2(006)-6040/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 28.03.2022-ci il tarixli, 9/8210 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu 31.08.2018-ci il tarixə əsas borc üzrə 7.753,49 ABŞ dolları, faiz borcu üzrə 3.765,79 ABŞ dolları, 19.04.2019-cu il tarixə isə əsas borc üzrə 7.753,49 ABŞ dolları, faiz borcu üzrə isə 2.392,24 ABŞ dolları təşkil edir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 22 faizlə, 24 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüş, sonradan tərəflər arasında bağlanmış Sazişlə kreditin müddəti 31.08.2018-ci il tarixədək uzadılmış, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyində kredit müqaviləsi üzrə əsas borc 7753,49 ABŞ dolları məbləğində göstərilməsinə baxmayaraq, iddia tələbindən kənara çıxmayaraq əsas borc iddia ərizəsində göstərildiyi kimi 5778 ABŞ dolları məbləğində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-nin 218.3cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbinin faiz borcunun tutulması hissəsində məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni 31.08.2018-ci il tarixə faiz borcu 3765,79 ABŞ dolları təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcu hissəsində qismən təmin edilərək, faiz borcu iddia ərizəsində göstərildiyi kimi 4818,77 ABŞ dolları deyil, 3765,79 ABŞ dolları məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5778 (beş min yeddi yüz yetmiş səkkiz) ABŞ dolları əsas, 3765,79 (üç min yeddi yüz altmış beş ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, 837,60 (səkkiz yüz otuz yeddi ABŞ dolları, 60 sent) ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi 10.881,39 (on min səkkiz yüz səksən bir ABŞ dolları, otuz doqquz sent) ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsinə (müqavilə öhdəlikləri üzrə 3 illik müddət) qiymət verərək məhkəmə hesab edir ki, həmin ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, işin materiallarından göründüyü kimi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi məhkəməyə 02.09.2021-ci il tarixdə daxil olmasına baxmayaraq, "xxxx" MMC ölkədaxili kuryer xidmətinin qəbzindən göründüyü kimi 27.08.2021-ci il tarixdə məhkəməyə çatdırılması üçün həmin xidmətə vaxtında təhvil verilmiş, yəni iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5778 (beş min yeddi yüz yetmiş səkkiz) ABŞ dolları əsas, 3765,79 (üç min yeddi yüz altmış beş ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, 837,60 (səkkiz yüz otuz yeddi ABŞ dolları, altmış sent) ABŞ dolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi 10.881,39 (on min səkkiz yüz səksən bir ABŞ dolları, otuz doqquz sent) ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-377/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-377/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver