Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3774/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı10, İddiaçı11, İddiaçı9, İddiaçı12 cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil-Tikinti Kooperativin direktoru Cavabdeh4, "xxxx" MMCyə və Cavabdeh3 qarşı «qanunsuz protokol və qərarların etibarsız hesab edilməsi, əsassız hesablanmış borcların silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı10, İddiaçı11, İddiaçı9, İddiaçı12 Cavabdeh1 Mənzil-Tikinti Kooperativin direktoru Cavabdeh4 qarşı «dəymiş maddi ziyanın ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışlar ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən binanın daimi sakinlərdir. Binada yerləşən mənzillər iddiaçılara məxsusdur və onların mülkiyyətlərindədir. Həmin ünvanda yerləşən bina iddiaçılarla Cavabdeh1 MTK ilə aralarında bağlanmış mənzil tikinti haqqında müqavilərə əsasən tikilərək onlara təhvil verilmişdir. Bundan əlavə binaya xidmət göstərilməsində həmin kooperativ öz üzərinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən 2013-cü ildə bina istilik sistemi ilə təmin edilmişdir. Həmin istilik sistemi ilə təmin edilmişdir. Həmin istilik sisitemi sakinlərdən 1 kv.m. 10 manatdan hesablanmaqla yığılan pullar hesabına qoyulmuşdur. 2017-ci ilə kimi bina istilik sistemi ilə təmin edilmişdir. 2017-ci ildən bu günə kimi cavabdeh binanı istilik sistemi ilə təmin edilməsini dayandırmış və iddiaçılar tərəfdən ödənilən pullar hesabına tikilən qazxananın bütün turbalarını sökmüşdür. Dəfələrlə cavabdehdən sökülən turbaların bərpa edilməsini xahiş etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Yaşadıqları binanın istilik sistemi demək olar ki, yox dərəcəsindədir. İddiaçılar hər ay binaya xidmətlərin göstərilməsi üçün cavabdehə pullar ödəmişlər. Cavabdeh təşkilat isə iddiaçılar tərəfdən ödənilən pulları mənimsəyərək öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Hətta cavabdehin bu qanunsuz hərəkətləri barədə sakinlər dəfələrlə polis orqanlarına müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, polis orqanları hər dəfəsində cavabdehin xeyrinə olan qərarlar qəbul etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçılar sakinlərə 280.000 manat maddi ziyan dəymişdir. Cavabdeh təşkilatdan iddiaçılara vurduğu ziyanın ödənilməsini və yaxud sökdüyü turbaları yerinə bərpa etməsini tələb edirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh1 MTK tərəfindən iddiaçılara dəymiş 280.000 manat maddi ziyanın ödənilməsi və sökülmüş turbaların yerinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişlər. Daha sonra iddiaçılar iddia predmetinin və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçılar çoxları 2008-ci ildən sonra həmin binada yaşamağa başlasalar da, lakin kommunal xidmətlərə görə haqlar iddiaçılardan 2008-ci ilin yanvar ayından tutulmağa başlanmışdır. Dəfələrlə buna etiraz etsələr də, onlara bildirilmişdir ki, «burada qayda belədir». Mənzilləri alarkən onlara bildirilmişdir ki, yaşayış üçün bina 2007-ci ildə hazır olacaq və mülkiyyət sənədləri veriləcək. Lakin mənzillər iddiaçılara satan Cavabdeh1 MTK öz öhdəliklərini yerinə yetirmədi və yalnız 2017-ci ildə onlardan bəziləri mənzillərə mülkiyyət hüququ haqqında çıxarış ala bilmişdir. Mənzillərə kommunal xidmət haqqı yanvar 2008-ci ildən hər kv.metrə görə 0,22 manatdan hesablanır. Halbuki, kommunal xidmətlərə görə ödənişlər mənzillərin mənzillərin sakinlərinin sayına münasibətdə hesablanmalıdır. Dəfələrlə kommunal xidmət haqqının nə səbəbə 0,22 manatdan hesablanmasını soruşmuş və Cavabdeh1 MTK-nın direktoru Cavabdeh4 iddiaçılara bildirmişdir ki, belə olmalıdır, şəhərdə çox binalarda hətta 1-2 manata xidmət haqları tutulur. Lakin o məsələ həmin binalarda yaşayanların məsələsidir və onlara göstərilən xidmətin nə olduğunu sakinlərə aid deyil. Onlarda yığılan xidmət haqları həyətin qismən işıqlandırılmasına, liftlərin istifadəsinə, mühafizə və xadimələrə çəkilən xərclərdən və şişirdilmiş ştat vahidlərindən (ölü canlar) ibarətdir ki, bunun da nə qədər olduğu təxminən hər bir sakinə məlumdur. Binada qeyri-yaşayış sahələri istisna olmaqla yaşayış mənzillərinin ümumi sahəsi 35598 kv.metrdir, hər kv.metrə 0,22 manat xidmət haqqı hesablanmaqla həmin məbləğ hər ay 7831,56 manat təşkil edir ki, bunun da 70%-i Cavabdeh1 MTK-nın sədri Cavabdeh4 və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 tərəfindən mənimsənilmişdir. 2013-cü ildə MTK-nın sədri Cavabdeh4 mənimsəmələrin izini itirmək üçün özbaşına Cavabdeh2 MMC yaradaraq, bütün kommunal, istilik, istis su ödənişlərinin yığılmasını ona həvalə etmişdir. Lakin bununla bağlı bina sakinlərinin ümumi yığıncağı tələb olunduğu halda o bunu etməmiş, sakinlərin etirazlarına məhəl qoymamışdır. Qeyd olunan dövrdən sonra da Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh3 pulların mənimsənilməsinə davam etmişdir. Binanın mərkəzləşdirilmiş istilik sistemində istifadə olunan qaz, elektrik enerjisi, işıqlandırmaya istifadə olunan enerji yalnız bir işıq və qaz sayğacından istifadə olunur. Lakin kommunal və mərkəzləşdirilmiş istilik sisteminin haqları hesablanarkən eyni sərfiyyat iki dəfə hesaba qatılır. Nəticədə bu yolla da əlavə mənimsəmə baş verir. Bütün ödənilən pullar nağd şəkildə ödənilir,bu isə hüquqi şəxslər tərəfindən pul dövriyyəsi barədə qanunvericiliyin pozulması deməkdir. Sonra isə həmin pullar nəqd şəkildə də mənimsənilir. Mənzilləri alarkən iddiaçılara bildirilmişdir ki, 2008-ci ildə təhvil veriləcək və bina qaz, işıq və su ilə təmin ediləcək. Lakin həmin illərdə binaya su və işıq verilsə də, bina qazla təmin edilmədi. Nəticədə mənzillərin qızdırılması, isti su əldə edilməsi və mətbəxtə istifadə üçün elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalmışlar və sakinlərə külli miqdarda ziyan dəymiş oldu. Həmin binada 320 mənzil məskunlaşmışdır. Daha sonra MTK-nın sədri Cavabdeh4 oldu binaya qazın verilməsini təmin etmək əvəzinə o, qazanc əldə etmək üçün binaya mərkəzi istilik sistemi quraşdırması məqsədilə sakinlərdən aldıqları mənzillərin hər kvardat metrinə 10 manatdan pul yığdı. Halbuki binanın layihəsində tibii qazla birlikdə mərkəzi istilik sistemi nəzərdə tutulmuşdur və bunu MTK satılan mənzillərin qiymətində nəzərə almışdır. Binada qeyri-yaşayış sahələri istisna olmaqla yaşayış mənzillərinin ümumi sahəsi 35598 kv.m-dir və nəticə etibarı ilə sakinlərdən qanunsuz olaraq 355.980 manat pul yığıldı və ya borc olaraq sakinlərin üzərinə yazılıb sonrakı illərdə həmin pullar məcburən ödətdirildi. 2009-cu ildə mərkəzi istilik sistemini işə salındı. Laki nişi kim icra etdi, boru və avadanlıqlar haradan neçəyə alındı, qazanxana qurğusu köhnə və ya təzə olması, neçəyə və kimdən alınması barədə heç bir məlumat verilmölədi. Sakinlərin vəsaiti hesabına inşa edilən mərkəzləşdirilmiş istilik sistemini Cavabdeh4 öz qazancı üçün istifadə edərək ilk vaxtlarda hər ayda mənzillərin qızdırılmasına görə mənzilin hər kvardar metrinə 20 qəpik, isti suya görə də hər kvardar metrə 20 qəpik pul tələb edirdi. Məsələn 125 kvadratlıq mənzil sahibi istiliyə görə 25 manat, isti suya görə 25 manat, yəni 50 manat pul ödəyirdi. Buna sakinlər etiraz etsələr də, nəticəsi olmurdu, belə ki, bəzi sakinlərə MTK sədri həmin ödənişlərlə bağlı güzəşt etdiyi üçün onlar MTK-nın mövqeyini müdafiə edirdi. MTK-larda bu sınanılmış metoddur. Daha sonra istiliyə görə 40 qəpik, 80 qəpik, isti suya görə 90 qəpik və 1,20 manat hesabı ilə sakinlərdən pul alındı. Qanunvericiliyə görə qiymət mənzilin yaşayış sahəsinin ölçüsünə görə, istis su isə istehlak olunan suyun kub metrinə görə hesablanmalıdır. İddiaçılar bir evin istiliyi, isti suyu və təbii qaz olmadığına görə mətbəxtə istisfa olunan enerjiyə görə ayda 150-200 manat pul ödəyirlər. Halbuki sakinləri məlumatlandırmaqla, fikrini dinləməklə, aşkarlıq şəraitində daha ucuz, ekonomik qazanxana almaq olardı. Sakinlər etiraz etdikləri üçün pulları 2017-ci ilin əvvələrində ödəməkdən imtina etmişlər və nəticədə MTK istiliyin və isti suyun satışını dayandırmışdır. 2017-ci ildə sakinlər qazın çəkilməsini tələb etdikdə Cavabdeh4 hər mənzildən 350 manat yığılacağı təqdirdə qazın çəkilməsinin mümkün olduğunu bildirdi və sakinlər qışın soyuğunda ailə üzvlərinin çətinliklər çəkməməsinə görə həmin pulu yəni 112.000 manatı MTK-ya vermişlər. 2017-ci ilin yay aylarında binaya qaz çəkilmişdir. 2020-ci ildə Cavabdeh4 binanın həyətə baxan fasadını rəngləmək adı ilə həyətdə karkas qurdurmuşdur. Nəticə etibarı ilə bir neçə aya cəmi iki sıra bolkon üzləri rənglənmiş, lakin Cavabdeh4 həmin müddətdən istifadə edərək sakinlərin vəsaiti hesabına quraşdırılmış mərkəzləşdirilmiş istilik sistemini bütün boru sistemi və qazanxana qurğuları ilə birlikdə tamamilə söküb oğurlamışdır. Nəticədə sakinlərə xüsusi ilə külli miqdarda ziyan vurmuşdur. Bundan əlavə iddiaçılar mənzilləri alarkən mənzillər onlara ölçüləri böyük göstərilməklə satılmışdır. Lakin 2020-ci ildə mənzilləri özəlləşdirərkən məlum oldu ki, mənzillərin ölçüləri onlara satılan ölçülərdən 7-15 kv.m.kiçikdir, yəni Cavabdeh1 MTK reklam və satış bukletlərində və müqavilələrdə qəsdən ölçüləri böyük göstərmişdir. Həmçinin bina layihə üzrə tam tikilib başa çatdırılmamış, mərtəbələrdə giriş qapıları və pəncərələr qoyulmamış, mənzillərin telefon və işıq xətləri çəkilməmişdir (lakin binanın layihəsində və satış-reklam bukletlərində nəzərdə tutulmuşdur). Bakı küləkli şəhərdir. Ona görə də layihədə bu nəzərdə tutulmuşdur. Lakin Cavabdeh4 layihədən də mənimsəmişdir. Eyni zamanda bina onlara vəd edildiyindən çox keyfiyyətsiz inşa edilmiş və keyfiyyətsiz qurğularla təhciz edilmişdir. Belə ki, daxili plastik qapı-pəncərələr nazik plastikdən, ölçüləri uzun və ya ensiz, cızılmış və çat vəziyyətdə, mənzilin döşəməsinin betonu bir küncdən o biri küncə mailliyi 0 sm.-25 sm-dir. Bu isə döşəmə vurularkən mənzilin hündürlüyünün itməsi (layihədə hündürlük 3.40 nəzərdə tutulmuşdur), qoyulmuş plastik qapıların döşəmədən aşağı səviyyədə qalmasıdır ki, belə olduqda həmin qapılar açılıb bağlanmır. Ona görə əlavə olaraq qapı və pəncərələrin dəyişilməsinə 2000-4000 məbləğlərində vəsait xərcləmişlər. Mənzil alınarkən bildirilmişdir ki, alman istehsalı olan liftlər quraşdırılacaq. Lakin sonradan görmüşlər ki, quraşdırılan liftlər ikinci əl olan Belorusiya istehsalı liftlərdir. Evlərini təmir etdirərkən materialları qaldırmaq üçün mənzilin hər kvardarına 10 manat hesabı ilə, bəzilərindən isə liftin hər reysinə 5 manat hesabı ilə pul alınmışdır. Bu da öz növbəsində 355980 manat pul deməkdir ki, bunu da Cavabdeh4 mənimsəyib, halbuki lift sakinlərin vəsaiti hesabına alınıb və quraşdırılıb. Beləliklə, Cavabdeh1 MTK-nın və Cavabdeh2 MMC-nin 2008-2021-ci illər ərzində sakinlərdən yığdığı pullar, o cümlədən: mərkəzləşdirilmiş istilik sisteminə görə 355980 manat, kommunal xidmətlərə görə hər ay 7831,56 manat x 12 ay = 93978,72 manat x 12 il =1.127,744 manat, liftlərdən təmir vaxtı istifadəyə görə 355.980 manat, 2009-2016-cı illərdə mənzillərin isidilməsi üçün 35598 kv.m. x 30 qəp.=10679,4 man x 6 ay (qış mövsümü) =64076,4 man x 7 il =448.534,8 manat, isti su üçün 35598 kv.m. x 35 qəp.=12459,3 man x12 ay = 149511,6 man x 7 il = 1.046.581,2 manat (bu qiymət sonrakı illərdə daha da artırılıb), binaya təbii qazın çəkilişinə görə 320 mənzil x 350 man = 112.000 manat, cəmi 17 mərtəbəli yaşayış binasının sakinlərindən 2008-2021-ci illər ərzində müxtəlif adlar altında yığılan pullar təxminən 2.978.840 manatdır. Bu məbləğə mənzillərin isidilməsi və isti su qiymətlərinin sonradan artırılması əlavə edilməyib. Bütün ərizədə göstərilən məbləğlər Cavabdeh1 MTK-nın sədri Cavabdeh4 və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 tərəfindən saxta protokollar və qərarlar, qaimə və qəbzlər rəsmiləşdirməklə mənimsənilmişdir. 2020-ci ilin ortalarında mənzillər özəlləşdirilməyə başlayarkən Cavabdeh1 MTK-nın sədri Cavabdeh4 və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 bütün sakinlərdən keçmiş dövrdə borclandırıldıqları məbləğləri tam topladıqdan, məcburən yeni il üçün kommunal xidmətə görə müqavilə imzalatdırdıqdan sonra həmin sakinlərə maliyyə arayışı və ya digər sənədlərini verirdi. İddia ərizəsində göstərilənləri 3-5 sakindən başqa bütün sakinlər hamısı təsdiq edə bilər. Göstərilənlərə əsasən Cavabdeh1 MTK-nın və Cavabdeh2 MMCnin tərəfindən tərtib edilmiş qanunsuz protokol və qərarların etibarsız hesab edilməsi, cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada təbii qazın çəkilməsi üçün alınmış 360 manat, oğurlanmış mərkəzləşdirilmiş istilik sistemi üçün alınmış 1570 manat, kommunal xidmət pulu adı ilə artıq alınmış 3481 manat, liftlərdə yük daşıma adı ilə alınmış 1570 manat, mənzillərin qızdırılması və isti suya görə alınmış 9000 manat və 10.000 manat mənəvi ziyan iddiaçıların hər birinə, Cavabdeh1 MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsi barədə qətnamə çıxarılması, Cavabdeh1 MTK-nın sədri Cavabdeh4 və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 barəsində Cavabdeh1 MTK kooperativ üzvlərinin 2.000.0000 manatdan artıq pulunu mənimsənilmələrinə görə Cavabdeh1 MTK-nın sədri Cavabdeh4 tərəfindən sakinlərin vəsaiti hesabına quraşdırılmış mərkəzləşdirilmiş istilik sistemini bütün boru sistemi və qazxana qurğularının oğurlanmasına görə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi barədə məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə İddiaçı1 iştirak etdiyindən digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ilk növbədə iddiaçıların qeyd etdikləri iddia tələbinin əsasında öhdəlik mövcud olmalıdır, bu da o deməkdir ki, tərəflər arasında müqavilə bağlanmalıdır. Müqaviləyə əsasən Cavabdeh1 MTK öz üzərinə binanı istilik sistemi ilə təchiz etməyi və s.xidmətləri götürməli idi. Lakin iş materiallarında hansısa müqavilə görə bilməmiş və iddiaçı tərəf də hansısa müqavilə təqdim edə bilmir. Daha sonra ortada hansısa sübut olunmuş delikt münasibətləri yoxdur. Polis orqanlarında da bu barədə müraciət olunub və polis cinayət işinin rədd olunması barədə qərar qəbul edib. Bu da o deməkdir ki, Cavabdeh1 MTK-nın hərəkətlərində hansısa pozuntu yoxdur. Üçüncü bir məqam isə müddətdir. Turbaların, iddiaçıların deyimi ilə desələr, oğurlanması 2019-cu ildə baş vermişdir. İddia tələbi isə 2 il sonra irəli sürülmüşdür. 2 il sonra indi müraciət etməkləri də tələbin absurdluğunu göstərir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər Cavabdeh2 MMC-nin nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh1 MTK-da yaşadıqlarını, onlara bununla bağlı maddi ziyan dəydiyini bildirsələrdə bununla bağlı keçirilmiş məhkəmə iclaslarında onların qeyd olunan kooperativlə alqı-satqı müqaviləsi bağladıqları, kooperativin üzvü olduqlarını, kommunal ödənişlərlə bağlı qəbzləri, iki hüquqi şəxs arasında bağlanmış protokolun və qərarların həqiqətən mövcud olmasını, olduğu təqdirdə etibarsız hesab edilməsi üçün müvafiq sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçılar ilə MTK arasında mənzillərin alqı-satqı müqavilələrinin bağlanmaları iş materiallarında müəyyən edilməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən protokol və qərarlar onlarla deyil, "xxxx" MTK ilə Cavabdeh2 MMC arasında bağlanmışdır. İddiaçılar isə protokolun və qərarların tərəfi deyil və həmin protokolu və qərarlar üzrə hər hansı hüquqa və vəzifəyə malik deyillər. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıların sözügedən protokolu və qərarları mübahisələndirməyə (etibarsızlığını tələb etməyə) subyektiv hüquqları yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan qərar və protokol iddiaçıların hüquqlarını o halda pozmuş hesab edilərdi ki, onlar həqiqətən qeyd olunan kooperativlə müqavilə bağlamış olaydılar və hüquqları pozulacağı təqdirdə müqavilədən irəli gələrək iddia vermək üçün subyektiv hüquqları mövcud olmuş olardı. Bu hallları təsdiq edən heç bir rəsmi sübutu isə məhkəməyə təqdim etməmişlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların subyektiv hüquqlara malik olmadığını nəzərə alaraq, iddia tələbi protokol və qərarların etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların subyektiv hüququ olsaydı belə, həqiqətən də onlar tərəfindən pulun verilməsi (ödəniş qəbzi, qaimə və s.) barədə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Bu səbəbdən iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində də əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçıların Cavabdeh1 MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsi ilə bağlı tələbi protokol və qərarların etibarsız hesab edilməsi, dəymiş ziyanın ödənilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələblər təmin edilmədiyindən, prosesual qənaət prinsipi baxımından iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların Cavabdeh1 MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsi hissəsində də yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıların subyektiv hüququ da mövcud olmamışlar. Məhkəmə iddiaçıların cavabdehlər Cavabdeh1 MTK-nın sədri X1 və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 hərəkətlərinin araşdırılması üçün müvafiq qərar çıxarılaraq prokurorluğa göndərilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPMnin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı10, İddiaçı11, İddiaçı9, İddiaçı12 cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil-Tikinti Kooperativin direktoru Cavabdeh4, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı «qanunsuz protokol və qərarların etibarsız hesab edilməsi, əsassız hesablanmış borcların silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi və s» tələblərinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı7, İddiaçı10, İddiaçı11, İddiaçı9, İddiaçı12 cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh1 Mənzil-Tikinti Kooperativin direktoru Cavabdeh4, "xxxx" MMCyə və Cavabdeh3 qarşı «qanunsuz protokol və qərarların etibarsız hesab edilməsi, əsassız hesablanmış borcların silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi və s» tələblərinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3774/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3774/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver