Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3774/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.900 manat məbləğində borcun, 137.70 manat dövlət rüsumunun, ümumilikdə 16.037,70 pulun iddiaçının xeyrinə tutulması, tələbin ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən dövlət büdcəsinə 137.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
4. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin bağlanmasına əsas kredit müqaviləsi olmuşdur.
5. Qeyd edilməsi zəruridir ki, borcun ipoteka müqaviləsi üzrə ipoteka qoyana məxsus əmlaka tutma yönəldilməsi üçün ilkin olaraq bununla bağlı ipoteka saxlayan tərəfindən müvafiq bildiriş göndərilməklə xəbərdarlıq edilməli, bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alındıqdan sonra ipoteka saxlayanın tutma yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır.
6. Halbuki, iddia ərizəsi və ona əlavə olunan sənədlər araşdırıldıqda müəyyən edilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında cavabdehə bildiriş ünvanlanmamış və bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmamışdır.
7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: - 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; - 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; - 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; - 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: - 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; - 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1, 152.1.6 müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır.
9. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, həmçinin ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalıdır.
Nəticə:
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 137.70 (bir yüz otuz yeddi manat yetmiş qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********86). İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova