Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-378/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzi tutulmasını, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 600 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 700 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını, Cavabdeh ödəmiş olduğu 30 manat (otuz manat) dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, ev 24, 128 saylı mənzilin mülkiyyətçisidir. 2020-ci ilin mart-aprel aylarında onun mənzilinə bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Su basma nəticəsində onun yataq otağına və mətbəxinə böyük ziyan dəymişdir. Bu hal dəfələrlə olub və hər dəfə də Nəsimi rayonu 16 saylı Mənzil İstismar Sahəsinin mühəndisi, sahə müvəkkili tərəfindən aktlaşdırılıb. Mətbəxdə divar tökülüb və yararsız hala gətirilib. Yataq otağının isə iki divarı sudan qaralıb və aboylar yerindən qopub. Divarların üstü göbələk və mikrob ilə örtülüb. xx.xx.2020-ci il tarixdə yataq otağında damın böyük hissəsi yerindən qopdu və şifonerin üstünə düşdü. Nəticədə onun şifoneri və trümosu zədələnmişdir. Onun mənzilindən yuxarıda 132 saylı mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi su təmini sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması, cavabdehin məsuliyyətsizliyi nəticəsində olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Korlanmış əşyalar onun tərəfindən saxlanılıb və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın dəyəri 600 manat, təmir dəyəri 700 manat manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Bütün bunlardan əlavə, cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Sağlamlığı pozulmuş, tibbi müalicələr almışdır. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-378/2021 saylı mülki iş üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 132 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş maddi ziyana görə 1662 manat, mənəvi zərərə görə isə 300 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, cavabdehin hərəkətləri nəticəsində sağlamlığı təhlükə altında olduğundan tibbi müalicələr almışdır. Belə ki, cavabdehin mənzilindən mütəmadi olaraq onun mənzilinə su axıdılmışdır. Mənzilinin normal şəraiti olmadığından övladları və nəvələri gələ bilmir. Yaşlı olduğuna görə cavabdehin hərəkətləri nəticəsində yaşayışı daha çətinləşmişdir. Mənzilinin ümumi vəziyyəti yararsız haldadır. Qapanmanın baş verməməsi üçün elektrik enerjisindən istifadə etmir, evində işiqsiz yaşayır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 24, 128 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1329 nömrəli reyestr kitabının 121405 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. “Elektron məhkəmə sistemi”ndən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 24, 132 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. 16 saylı MKİS-in rəisi V.Əliyev, mühəndis F.Mirimov və sahə nəzarətçisi F.Hüseynov tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Nəsimi rayonu, X2 küçəsi, ev 24, mənzil 128 ünvanda yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmişdir ki, 132 saylı mənzildə yaşayan Cavabdeh evindən onun mətbəxinə və yataq otağına su axıdılmışdır. 16 saylı MKİS tərəfindən İddiaçı evinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mətbəxin dam örtüyünün bir hissəsinə və yataq otağının dam örtüyünün bir hissəsinə su buraxılmışdır. Nəticədə divarlarda (Yataq otağında dam örtüyünün bir hissəsi qopub tökülüb) bütün bunlara görə Cavabdeh bildirilmişdir ki, göstərilən evin su buraxan yerləri təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 24, 128 saylı mənzilə su axıdılması nəticəsində mənzilin dam örtüyü qoparaq tökülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2772 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçının və cavabdehin mənzillərinin bir-birinin üstündə yerləşməsini, iddiaçının 128 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, həmin qüsurların su sızmaya aid olduğunu və mülki işdə olan aktın məlumatlarını nəzərə alaraq iddiaçının 128 saylı mənzilinə üst mərtəbədə yerləşən 132 saylı mənzildən suyun sızmasının baş verə bilməsi müəyyən edilir. Lakin, cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığına görə, iddiaçının mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Suyun sızması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 24 saylı evin, 128 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1662 manat məbləğində olduğu müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 646687021) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh mənzilindən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə xx.xx.2020-ci il tarixli, 2(006)-3379/2020 saylı qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Cavabdehin mənzilinə baxış keçirilməsinin mümkün olmamasına baxmayaraq 10/2772 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya məxsus 128 saylı mənzilin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu, həmin qüsurların su sızmaya aid olduğu və mülki işdə olan aktın məlumatları nəzərə alınmaqla iddiaçının 128 saylı mənzilinə üst mərtəbədə yerləşən 132 saylı mənzildən suyun sızmasının baş verə bilməsi və əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1662 manat məbləğində olması müəyyən edilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləkilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1662 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 1662 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 300 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş mənəvi zərəri 300 manat məbləğində qiymətləndirir. Məhkəmə iddianın “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 132 saylı mənzilində su və s. borularında olan nöqsanların aradan qaldırması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2772 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 132 saylı mənzilindən su sızmasının baş verməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 132 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, mənzilə su sızması nəticəsində dəymiş maddi ziyan olaraq 1662 manat, vurulmuş mənəvi zərərə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin 132 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, hazırki iddia tələbinə qiymət verilməsi üçün ekspertizanın keçirilməsi labüd olduğundan və ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən axıdılması müəyyən edildiyindən, ekspertizanın aparılması ilə əlaqədar xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərə görə 1662 manat, mənəvi zərərə görə 300 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1992 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin, 128 saylı mənzilinə ziyan vurulmasının qarşısını almaq məqsədilə Cavabdeh üzərinə qətnamə icraya yönəldiyi gündən 1 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, 24 saylı evin 132 saylı mənzilindəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-378/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-378/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver